Gözəllik o qədər geniş, əhatəli bir məfhumdur ki, onun təfsilatını bir məqaləyə sığışdırmaq qeyri-mümkündür.
Təbiətin gözəlliyi, qəlbin gözəlliyi, əxlaqın gözəlliyi, əməllərin, rəftarın, rənglərin, musiqinin gözəlliyi və daha nələr, nələr…
Bir gözəllik də var – insan idrakının, təfəkkürünün, təxəyyülünün gözəlliyi.
Bu gözəllik rəssamın fırçasından, şairin, yazıçının qələmindən, toxucunun barmaqlarından, bəstəkarın toxunduğu şirmayı dillərdən, bənna biləyinin gücündən süzülüb göz oxşayır. Bu gözəlliklərin dəyərini, “əyarını” hər baxan təyin edə bilməz, bunu duyub dəyərləndirmək üçün adıçəkilən ustaların sənət dünyasına varmaq, dünyanı onların gözü ilə görmək, onların idrakının mizan-tərəzisində ölçmək gərəkdir.
Gözəl surət əxlaqı gözəlləşdirə bilməz, amma gözəl əxlaq surəti gözəlləşdirə bilər.
Əxlaqı, rəftarı, davranışı, insanlarla ünsiyyəti gözəl olanların siması da gözəl görünər, çünki əxlaq gözəlliyi onların simasında bərq vurar.
Dənizin sakitliyi bir gözəllikdirsə, fırtınalı günlərdə şahə qalxan dalğaların hayqırtısı, qayalara çırpılıb sonra ağ mirvarilər kimi ətrafa səpələnən damlaların gözəlliyi bir başqa aləmdir.
Qaranlıq gecədə, sükutun hökm sürdüyü bir yerdə sayrışan ulduzlar, bir-birinə “göz vuran” səyyarələr necə gözəldirsə, təbiətin qəzəbli vaxtı, göy gurultusu, şaqqıldayan şimşək də bir ayrı duyğudur.
Sakit, aylı gecələr insanın ruhunu oxşayıb onu uzaq xəyallar aləminə aparırsa, göylərin sakitliyini pozub ürəkləri titrədən şimşək çaxması da insanı sanki xəyallardan ayıldıb reallığa açıq gözlə baxmağa səsləyir.
Bənnanın inşa etdiyi yaraşıqlı binaya baxanda nə qədər zövq alırıqsa, zalım, qəddar birinin o yaraşığı viran qoyduğunu görəndə birə-minqat qəzəblənirik.
Yaşıl ağacların mehdən titrəyən yarpaqları, bir-birini əzizləyən budaqları, ətrafa yayılan sərinliyi ölçüyə gəlməyən bir gözəllikdir, amma bu gözəlliyə balta çalanlar bu gözəlliyi görmək, duymaq kimi ülvi bir hisdən məhrumdur.
Körpələrin məsum dodaqlarında titrəyən xəfif təbəssüm, yanaqlarında zərif qızartı, baxışlarındakı saflıq, təmizlik insanların ürəyində xoş bir rahatlıq yaradır. Amma bu saflığa, paklığa, məsumluğa qıyan rəzil insanların törətdiyi əməlləri görəndə ürək ağrısından özümüzə yer tapa bilmirik.
Niyə bu insanlar gözəlliyi görmək, ondan zövq almaq istəmir?!
Niyə bu insanlar belə qəddarlaşdı, zalımlaşdı?!
Niyə bu insanlar ətrafdakılarla ülfət-ünsiyyət qurmaqdansa, xəbisliyə, xəyanətə üstünlük verdilər?!
Bəs görəsən, bu gözəlliklərin günahı nədir?
Gözoxşayan, ruhu şad edən, yorğun qəlblərə bir rahatlıq, aramlıq gətirən bu gözəllikləri dəyərləndirən niyə belə azdır?
EY İNSANLAR! Yaradanın yaratdığı, yaranmışların ərsəyə gətirdiyi gözəllikləri görməyə, duymağa çalışın!
Duyun ki, qəlbiniz gözəlliklə dolsun!
Duyun ki, kin-nifrət könül dünyanıza yol tapa bilməsin!
Gülarə Munis



