Azərbaycanın son otuz ildə keçdiyi yol təsadüflər ardıcıllığı deyil. Bu yol dövlətçiliyin fəlsəfəsi, siyasi düşüncənin ardıcıllığı və liderliyin qətiyyətlə davam edən iradəsi üzərində qurulub. Azərbaycan modeli – yəni bu gün beynəlxalq səhnədə öz çəkisini və sözünü artıran müstəqil dövlətin konsepsiyası – məhz tarixin doğru anda yetişdirdiyi liderliyin məhsuludur.
Ulu Öndər Heydər Əliyev 90-cı illərin xaosunda yalnız idarəetməni bərpa etmədi. O, ilk növbədə Azərbaycan dövlətini yenidən ayaqda duran, qərar verən, öz mövqeyi olan bir siyasi aktora çevirdi.
Dövlətçilik fəlsəfəsinin təməlində duran sadə, amma sərt bir prinsip vardı: emosiyaya yox, milli maraqlara söykənən iradə. Bu prinsip Azərbaycanın taleyini dəyişdi. Dağılmış dövlət aparatını toparlamaq, ordunu formalaşdırmaq, təhlükəsizlik sistemini qurmaq və iqtisadiyyatı dirçəltmək – bütün bunlar yalnız siyasi liderliyin dəmir kimi möhkəm iradəsi ilə mümkündür.
İlham Əliyevin dövründə bu xətt təkcə davam etdirilmədi, həm də yenidən dizayn edildi. XXI əsrin geosiyasəti fərqli alətlər tələb edirdi: rəqəmsal təhlükəsizlik, enerji diplomatiyası, informasiya müharibələrinin reallıqları. Prezident İlham Əliyev bütün bu yeni çağırışları bir modelə çevirdi – müasir, praqmatik, öz maraqlarını sonadək müdafiə edən Azərbaycan modeli.
Bu gün Azərbaycan proseslərin iştirakçısı yox, memarıdırsa, bu, liderliyin qətiyyətindən doğur. Dövlətin siyasi kursu konyunktura ilə dəyişmir, əksinə, konyunkturanı dəyişən amilə çevrilir. Cənubi Qafqazda yaranan yeni nizam Azərbaycan ordusunun gücü, iqtisadi və enerji diplomatiyasının qlobal miqyasda yaratdığı təsir gücü – bütün bunlar bu siyasi iradənin davamıdır.
“Güclü dövlət – Azərbaycan modeli” dedikdə təkcə iqtisadi və hərbi imkanlardan danışılmır. Bu anlayış həm də siyasi davamlılıq, dövlət idarəçiliyində sabitlik, milli maraqlara dəmir kimi bağlılıq, liderlik məktəbinin ardıcıllığı deməkdir. Bu modelin üstünlüyü ondadır ki, burada dövlətin qərarları təsadüfi deyil, stratejidir; mövqeyi situasiyadan asılı deyil, prinsiplidir; gücü görüntüdə deyil, reallıqdadır.
Azərbaycan bu gün bir çox ölkələrin həsəd apardığı siyasi fona sahibdir: güclü ordu, dayanıqlı iqtisadiyyat, balanslaşdırılmış diplomatiya və ən əsası – milli dövlətçilik fəlsəfəsinin ardıcıl şəkildə qorunması. Bu xətt bizə yalnız bu günü yox, sabahı da təmin edir.
Heydər Əliyevin qurduğu dövlətçilik məktəbi ilə İlham Əliyevin modernləşdirdiyi siyasi strategiyanın kəsişdiyi bu nöqtə Azərbaycanın gücünün açarıdır. Bu gün “Azərbaycan modeli” bölgənin qaydalarını dəyişən, güc mərkəzlərinin planlarını nəzərə aldığı, tərəfdaşların hesablaşdığı bir formuldur. Və bu formulun mərkəzində bir həqiqət dayanır: dövlətin gücü liderliyin qətiyyətindən başlayır.
Bu qətiyyət sabahın da təminatıdır. Azərbaycanın taleyi artıq təsadüflərin deyil, strateji düşüncənin əlindədir. Və məhz buna görə, bu gün regionda yeni nizam qurulursa, onun memarı məhz Azərbaycan dövlətidir.



