Təsəvvür edin ki, bir gün səhər ayılmısız və həyatınız kökündən dəyişib, yerlə yeksan olub, bütün sevinciniz, ümidiniz, xəyallarınız gül kimi saralıb-solub…
Həyatın rəngi bozarıb, cisim yerdə qalıb əzab içində qovrulur, ruh isə göydə…
Bunun adı nədir?! Nə fəlakət, nə zülmətdir axı başımıza gəlir?.. İnsan vəhşilik, zülm etmək üçünmü yaranıb? Niyə zülm etməkdən, özümüzdən acizləri incitməkdən, onları qarşımızda diz çökdürüb yalvartmaqdan, “aciz” olduqlarını qəbul etmələrindən həzz alırıq? Aciz onlardımı?!.
Həyat necə də qəribədir: bir qisim insan heyvanlar incinməsin deyə ət yeməkdən imtina edir, bir qisim insan isə insan ölümündən qürur duyur, öyünür. Onlar da bu dünyada yaşayır, biz də…
Bəziləri gözlərini cəhənnəmin içində açır. O insanları ötəki dünya ilə qorxutmaq olarmı?
Bizim yaşadığımız dünyada insanlar nəinki yaşamaq, ölmək üçün yalvarırlar…
Göyə qalxan fəryad səsləri, körpələrin ahları bir gün bizi qızmar atəşin hərarətində yandırmayacaqmı?.. O zaman özümüzü müdafiə etməyə bəhanə tapacağıqmı?
İnsanların bu əməlləri qarşısında dünya da başını itirib çaşbaş qalıb, ulduzlar qorxudan artıq gecələri gizlənməyə yer axtarır, yağış bunca günahsız qanı yuyub apara biləcəyinə şübhə ilə yanaşır, ay al-qırmızı işıq saçır, partlamağa hazır bomba kimi külək var gücü ilə ahları səmaya qaldırır ki, bəlkə, yerdə eşidilməyən səs göydə eşidilə…
Uşaqlar gündüz vaxtı göydən yerə yağan, hər yeri alt-üst edən “ulduzlar”ı görməkdən bezib…
Az qalıb göydən yerə alovun yağmasına, külün sovrulmasına…
Sülh və əmin-amanlıq içində yaşayaq, qorxmadan başımızı daxmamıza salaq, bir parça çörəyi ağlamadan yeyək, təmiz su içək, ürəyimiz tarın simləritək qorxudan tir-tir titrəməsin, artıq kədərdən yox, sevincdən ağlayaq, şad-xürrəm yaşayaq, qayğısız uşaqlartək atılıb düşək… İnsanlıq ölməsin, yaşasın…