Gürcüstanın Baş Prokurorluğu Prezident Salome Zurabişvilini oktyabrın 31-də keçmiş parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı ifadələrinə görə dindirməyə çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə istintaq orqanının açıqlamasında bildirilir.
“Mərkəzi Seçki Komissiyasının və KİV-in yaydığı məlumata görə, Gürcüstan Prezidenti Salome Zurabişvilinin 2024-cü il parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı sübutları olmalıdır və bu səbəbdən Gürcüstan Prezidenti dindirilmək üçün oktyabrın 31-də istintaq orqanına dəvət edilib”, – məlumatda deyilir.
Qeyd edək ki, oktyabrın 29-da Gürcüstanın Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin nəticələrinin saxtalaşdırılmasının mümkünlüyünü araşdırmaq xahişi ilə Baş Prokurorluğa müraciət edib.
Oktyabrın 26-da Gürcüstanda ilk dəfə elektron seçki qutuları ilə parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 53,9% səs toplayıb və hökuməti fərdi qaydada formalaşdırmaq hüququ əldə edib. Dörd müxalifət partiyası beş faizlik baryeri keçib: “Dəyişiklik üçün Koalisiya” 10,92 faiz, “Birlik – Milli Hərəkat” partiyası 10,12 faiz, “Güclü Gürcüstan” 8,78 faiz, “Gürcüstan üçün Qaxariya” partiyası isə 7,76 faiz səs toplayıb.
Parlamentə daxil olan bütün müxalifət partiyaları seçkilərin nəticələrini saxta hesab etdikləri üçün onları tanımaqdan imtina edirlər. Zurabişvili də seçkinin nəticələrini tanımayıb. Prezidentin sözlərinə görə, MSK-nın məlumatları manipulyasiya edilib və faktiki olaraq müxalifət “Gürcü arzusu”ndan daha çox səs toplayıb və bununla da parlamentdə çoxluq əldə edib.