Xəbərlər

Gürcüstanda etiraz aksiyasında 63 nəfər saxlanılıb

“Tbilisidə Gürcüstan parlamenti yaxınlığında keçirilən etiraz aksiyası zamanı polis 63 nəfəri saxlayıb”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib.

“Daxili İşlər Nazirliyinin əməliyyatçıları Rustaveli prospektində keçirilən aksiyada cinayət məcəlləsinin 166 və 173-cü maddələrilə ictimai asayişi pozan və polisin əmrinə tabe olmayan 63 nəfəri saxlayıb”, – Aleksandr Daraxvelidze deyib.

Aprelin 17-də Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Qeyd edək ki, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası aprelin əvvəlində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini parlamentə yenidən təqdim etmək qərarına gəldiyini elan edib. Bu, analoji təşəbbüsün kütləvi etirazlara səbəb olmasından bir il sonra baş verir. Əvvəlki layihə kütləvi etirazlar səbəbindən parlamentin müzakirələrindən çıxarılmışdı.