Ukraynadakı münaqişə və Qəzza sektorundakı böhran fonunda Orta (Transxəzər) nəqliyyat dəhlizinin əhəmiyyəti artır. Belə bir şəraitdə Çinin “Bir kəmər, bir yol” iqtisadi təşəbbüsünün əhəmiyyəti də artır.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
“Orta Dəhliz layihəsi Rusiya-Ukrayna müharibəsinin davam etdiyi, Qəzzadakı münaqişənin Qırmızı dənizə təsir etdiyi və nəticədə geosiyasi risklərin artdığı bir şəraitdə daha da böyük əhəmiyyət kəsb edir”, – Fidan qeyd edib.
Onun sözlərinə görə, Orta Dəhliz Qara və Aralıq dənizi hövzələrinə, eləcə də Avropa və Afrikaya fasiləsiz və daha sürətli çıxışı təmin edir. O, 2015-ci ildə iki təşəbbüsün uyğunlaşdırılması və əməkdaşlığın genişləndirilməsi məqsədilə Çin ilə anlaşma memorandumunun imzalandığını xatırladıb və Orta Dəhliz ilə “Bir kəmər, bir yol” təşəbbüsü, eləcə də digər regional layihələr arasında sinerji yaradılmasının vacibliyini vurğulayıb.
Fidan bildirib ki, Orta dəhliz sayəsində Avropa ilə Asiya arasında quru yolu 2 min km, dəniz yolu isə 15 gün azalıb.
Orta Dəhliz (Transxəzər) beynəlxalq nəqliyyat marşrutu Çindən Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə Avropa ölkələrinə keçir. Daşıma dəmir yolu və dəniz nəqliyyatını (Xəzər dənizi boyu) əhatə edir. Marşrutun uzunluğu 11 min km, ötürmə qabiliyyəti ildə 4,5 milyon tondan 27 milyon tona qədərdir.