Ədəbiyyat Hürzət Təhməzli Xəbərlər

Haradan biləydim ki…

Yenə bir payız səhəri. Pəncərə kənarı və mən. Havanın qəribə bir sükutu var bu səhər. Ağacların saralmış yarpaqları yerə xəzəl kimi sərilib. Küləyin hər yüngül toxunuşunda onlar sanki acı xatirələr kimi ora-bura sovrulurlar. Gözüm pəncərənin şüşəsindəki buğda ilişib qalır. Barmağımla o buğda bir neçə cızıq çəkirəm. Səssiz bir şəkil, səssiz bir dərinlik. İçimdə bir hüzn var. Bu səhərin rəngi payızdan da solğun. Bu mənzərə mənə illər öncəni xatırladır. Elə günlər var ki, insan istəsə də, yaddaşından silə bilmir. Sadə bir səhnə, bəlkə də, bir uşaq xatirəsi, amma içində nə qədər təmiz, saf və dərin duyğular gizlənir. Təəssüf ki, o anların dəyərini yaşanarkən bilmirdik.

Bir dəfə anamın uzun ətəyini əynimə geyinmişəm. Gör necə də sevincliyəm. O ətək ayaqlarımda yerə sürünür, amma üzüm sevinclə işıqlanıb. Tez böyümək həvəsindəyəm. Uşaq ağlım deyir ki, böyümək güc sahibi olmaqdır, müstəqil olmaqdır, qərar verməkdir. Özümü anam kimi aparmaq istəyirəm. Onun hərəkətlərini yamsılayıram. Güzgünün qarşısında durub onun kimi əl atıb saç düzəldirəm. İndi isə böyümüşəm. Düzdür, yaşım elə də çox deyil, amma həyat mənə çox üzünü göstərib. Elə üzlər ki, insanın gülüşünü yarımçıq qoyar, göz yaşlarını sözsüz axıdar. O zamanlar özümü böyüklərin yerində təsəvvür edərkən bilmirdim ki, böyüklük sadəcə azadlıq deyilmiş, həm də yük imiş.

Hələ bir bu parka bax. Yadımdadır, burda qaçırdım. Uşaqlığımın ən xoşbəxt, qayğısız anları bu parkda idi. Birdən ayağım daşa ilişdi. Uff, canım çox ağrıdı. Dizim də qanadı. Dizimdə yaranan kiçik yara mənə dünya boyda ağrı kimi gəlmişdi. Deyirlər: “Özü yıxılan ağlamaz”. Düz deyirlərmiş. Canım ağrısa da, mən də ağlamadım, ta ki anam mənim yanıma gələnə qədər. Bizim anaların bir adəti var axı. Uşaq yıxılanda gərək yıxıldığı üçün bir qapaz da ana vura. Çünki biz anamızın “qaçma, yıxılarsan” sözünü dinləmir, öz bildiyimizdən əl çəkmirdik. Anam da bu adəti yerinə yetirdi. Mənə bir qapaz vurdu, mən də ağladım. Amma o ağlama təkcə ağrıya görə deyildi. O həm qorxu, həm də içindəki haqsızlığa etiraz idi. Haradan biləydim ki, böyüyəndə bundan da artıq qapazlar yeyəcəyəm, amma anadan yox, həyatdan. Həyat elə yerə vuracaq ki, qapaz deyil, içini parçalayan toxunuşlar olacaq. Və nə ağlaya biləcəksən, nə də kimsə gələcək başını sığallamağa.

Bir dəfə də nənəmgildəyəm. Oyuncaqlarımla oynayıram. Bütün ev oyuncaqlarla dolu. Gözlərim par-par yanır. Qardaşım gəlinciyimin qolunu sındırdı. Ən sevdiyim gəlinciyim idi. Hər axşam yatmazdan əvvəl ona “gecən xeyrə qalsın” deyirdim. Ən çox onu qucaqlayırdım. Başlayıram ağlamağa. Qardaşım məni sakitləşirməyə çalışır: “Bacı, ağlama nə olar, ataya deyərik sənə bundan daha qəşəngini alar. Hətta onu özün seçərsən. Sil daha o göz yaşlarını”.

Onun bu sözləri məni ovutdu. Mən yavaş-yavaş sakitləşirəm. İnanıram ki, sabah daha gözəl bir gəlinciyim olacaq. Amma indi düşünürəm… Eh, haradan biləydim ki, böyüyəndə gəlinciyim yox, qəlbim qırılacaq. Oyuncaq əvəzinə ümidlərim sınıb dağılacaq. Heç könlümü alan da olmayacaq. Heç kim deməyəcək: “Sil göz yaşlarını, hər şey daha gözəl olacaq”.

Hə, bir dəfə də yadımdadır, qonaq otağındayam. Yenə oyuncaqlarımı qarşıma töküb oynayıram. Oyun dünyası mənim üçün ən əziz, ən səmimi aləmdir. Amma ayı oyuncağımı tapa bilmirəm. Hər yeri axtarıram:

 – Ana, bəlkə biləsən mənim ayı oyuncağım haradadır?

 – Yox, bala, bilmirəm. Oralara yaxşı bax tapacaqsan.

– Tapdım, ana. Divanın altında imiş.

Sanki xəzinə tapmışam. Sevinclə ayımı qucaqlayıb qaldığım yerdən oyuna davam edirəm. O vaxt oyuncaqlarımı itirərdim, indi isə sevdiklərimi. Və oyuncaqları tapmaq asan idi. İki dəqiqə sonra ya divanın altında, ya yorğanın arasında tapılırdı. Amma indikindən fərqi olaraq oyuncaqlarımı tapardım, sevdiklərimi isə… Sevdiklərimi itirdikcə içimdə bir şey əriyir. Heç kim “divanın altına bax” demir. İtən insanlar geri dönmür, ayrılıqların yeri dolmur.

İndi peşmanam, böyümək istədiyim üçün peşmanam. Uşaqlıq bir xəzinə imiş. Nə qədər gözəlmiş ayı oyuncağını axtarıb tapmaq, nə qədər sadə imiş gəlinciyin qolunun sınıb təzəsi ilə əvəz olunacağına inanmaq. Amma mən haradan biləydim ki, böyüyəndə bu qədər “haradan biləydim ki…” deyəcəyəm… Hər yaş aldıqca bir “haradan biləydim ki…” əlavə olunur insanın həyatına. Bu cümlə, bu sual içimizdə bitib-tükənməyən bir cavabsızlıq kimi yaşayır.

Bəlkə də, böyümək, “haradan biləydim ki…”lərin sayını artırmaqdır. Bəlkə də, insan elə buna görə yaşlandıqca daha sakit, daha susqun olur. Çünki hər sükutun arxasında bir “haradan biləydim ki…” gizlənir.