Xəbərlər

Həftənin seçilmiş hekayəsi – Dankonun ürəyi

“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu “Həftənin hekayəsi” nominasiyası üzrə seçilən əsər MİMTA Yayımları tərəfindən çap edilən “Dünya Ədəbiyyatından 30 seçmə hekayə”lərdən biri, Rus nəsrinin ən məşhur nümayəndələrindən olan Aleksey Maksimoviç Peşkov – Maksim Qorkinin “Dankonun ürəyi” əsəridir. Xoş mütaliələr!

Çox qədim zamanlarda uzaq diyarda bir xalq yaşayırdı. Bu xalqın yaşadığı torpaqların bir yanı böyük düzənlik, digər tərəfi isə keçilməz meşəliklə əhatələnmişdi. Buranın insanları gülərüz, güclü, qorxmaz adamlar idi. Ancaq bir gün hər şeyin nizamı pozuldu: haradan gəldikləri bilinməyən yadellilər yerli xalqı meşənin dərinliklərinə sürüklədilər. Beləcə, onlar üçün çətin günlər başladı.

Nəhəng meşə olduqca dərin və qaranlıq, bataqlıqlarla dolu idi. Ağac budaqları bir-birinə necə dolaşmışdısa, göy üzündən baxsan, meşənin içi görünməzdi.

Günəş şüaları budaqların və yarpaqların arasından süzülüb keçə bilmir, keçsə də, bataqlıqlara çatanda ətrafa bərbad qoxu yayılırdı. Meşəyə sığınmaqdan başqa yolu qalmayan insanlar isə bu qoxuya dözə bilmir və bir-birinin ardınca ölürdülər. Qadınlar, uşaqlar qan ağlayır, kədərdən nə edəcəyini bilməyən atalar elə hey fikir çəkirdilər.

Xalqın xilas üçün iki yolu vardı. Birinci yol geriyə – o pisniyyət və güclü düşmənlərin yanına dönmək idi. Digər yol isə hər yanı bataqlıq və kök salmış nəhəng ağaclarla əhatələnmiş qarşıdakı meşədən keçib buradan uzaqlara getmək idi. Gecə-gündüz qatı zülmətin, səssizliyin hökm sürdüyü, hər külək əsəndə uğultuların əks-səda verdiyi bu orman geniş və işıqlı düzənliklərə öyrəşən bu insanların ürəyini sıxır, ümidini üzür, usandırırdı.

Ancaq onlar hələ də güclü idilər. Vaxtilə torpaqlarına zorla girib onları məğlub edən düşmənə qarşı hər an ölüm-dirim savaşına girə bilərdilər. Ancaq bu savaşda ölmək istəmirdilər. Onlara vəsiyyət edilən bir şey vardı. Əgər ölsəydilər, vəsiyyətləri də özləri ilə birgə yox olub gedəcəkdi. Onlar səbirlə gözləyir, uzun-uzadı götür-qoy edir, fikir çəkməkdən usanırdılar. Ümidsizlik qorxularını böyüdür, ruhlarını ələ keçirirdi.

Pis qoxulara dözə bilməyib ölənlərin ardınca qorxu dolu ah-nalələr ucaldırdılar. Heç kim azadlığını düşmənə təslim etmək, kölə olmaq istəmirdi.

Belə bir vaxtda Danko adında bir adam peyda oldu və təkbaşına hər kəsi xilas etdi. O, üzünü insanlara tutub belə dedi:

– Yoldaşlar, bir belə düşünməklə yolumuzdakı qayalar yerindən tərpənməz. Mübarizə aparmadan heç bir yerə vara bilmərik. Axı niyə bütün gücümüzü düşünməyə, kədərlənməyə sərf edirik? Haydı, qalxın ayağa, gedək! Bu keçilməz meşələrin o üzünə gedək! Dünyada hər şeyin bir sonu, nəhayəti var. Gedək, yoldaşlar, haydı!

Bütün gözlər Dankoya dikildi. İnsanlar onun xeyirxah və cəsur biri olduğunu gördülər. Dankonu özlərinə bələdçi bilib ardınca yola düzəldilər, çünki ona inanmışdılar.

Onların yolları olduqca çətin və qaranlıq idi. Bataqlıqlar hər addımda insanları öz ağuşuna çəkib udurdu. Ağaclar, budaqlar hər tərəfi çulğamışdı, nəhəng ağac kökləri torpağın səthində ucalırdı. Atılan hər addım daha çox qan-tər və təpər tələb edirdi.

Xeyli vaxt idi ki, yol gedirdilər. Meşə getdikcə sıxlaşır, insanların sayı isə azalırdı. Artıq şikayətə də başlamışdılar. Təcrübəsiz bir adamın ardınca düşüb hara getdiklərini belə bilmədiklərindən gileylənirdilər. Danko isə öndə cəsarət və inamla irəliləyirdi.

Göy gurultularının meşəni bürüdüyü, ildırımların çaxdığı bir vaxtda yorulub əldən düşmüş bu adamlar ümidsizcə irəliləyir, hiddətlə şikayətlənir, Dankonu günahlandırırdılar. Bezginlikdən dilə gəlmiş bu adamlar Dankonu müqəssir sayır, onun zərər verməkdən başqa heç bir işə yaramadığını deyir, onu öldürməklə təhdid edirdilər.

– Özünüz istədiniz, mən də sizi buralara qədər gətirdim. Sizə yol göstərəcəyimi vəd etmişdim. Sözümün üstündə də durdum. Bəs siz?! Siz öz qurtuluşunuz üçün neylədiniz?! Bura kimi mənim izimlə irəlilədiniz. Ancaq uzun yollar üçün güc saxlaya bilmədiniz. Qoyun sürüsü kimi ancaq ardımca gəldiniz, gəldiniz…

Danko xilas etməyə çalışdığı, onu öldürmək istəyən insanların üzünə baxdı. Elə bil hamısı canavara çevrilmişdi. Ətrafında çənbər yaratmış bu insanların üzlərində nəciblikdən əsər-əlamət yox idi. Ürəyi hiddətlə doldu. Ancaq insanlara bəslədiyi tükənməz sevgisi hirsini tez də soyutdu. Axı o, insanları sevir, onları xilas etmək istəyirdi.

Dankonu öldürmək istəyənlər başına yığışıb onu dövrəyə aldılar. Dankonun ürəyi kövrəldi, içi hüznlə doldu.

Göy gurultusu bütün meşəni bürümüşdü, leysan yağış yağırdı. Bu vaxt Danko insanlara tərəf dönüb bağırmağa başladı və birdən əlləri ilə köksünü yararaq ürəyini yerindən çıxarıb yüksəyə – başı üzərinə qaldırdı.

O, əlində Günəşdən daha bərraq bir ürək tutmuşdu. Bu ürək bütün meşəyə göz qamaşdıran bir işıq saçırdı. İnsanlar heyrətdən donub qalmışdılar.

Danko irəliyə atıldı, insanlara dayanmamağı, yola davam etmələrini söylədi. Onlar da getdilər, getdilər… Və birdən meşə bitdi. Günəş insanların üzünü aydınlatdı, təmiz hava ciyərlərinə doldu.

Onlar böyük bir səhralığa gəlib çıxmışdılar. Axşamüstü günəşin solğun şüaları altında Dankonun ürəyi köksündən axan isti qan kimi al rəngə büründü…

Qəhrəman Danko məğrurluqla qarşısındakı geniş səhraya baxdı, azad torpaqları seyr edib gülümsədi. Və yerə çökərək can verdi…

İnsanlar sevinc və ümidlə dolu idilər. Onlar Dankonun ölümündən xəbər belə tutmamış, onun yaralı ürəyini görməmişdilər. Aralarından sadəcə qəlbiqara biri bunu gördü və qorxaraq hünərli qəlbi ayağıyla tapdalayıb keçdi. Dankonun qəlbi qığılcımlar saçaraq söndü…