Ədəbiyyat Xəbərlər

Həftənin seçilmiş hekayəsi – Sevgi haradadırsa, Tanrı ordadır

“Fuyuzat.az” saytı olaraq Ləman Vahidin təqdimatında “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” və s. olaraq yeni bir layihəyə başlayırıq. Məqsədimiz Azərbaycan və dünya ədəbiyyatının gözdə örnəklərini oxuculara çatdırmaqla mütailə mədəniyyətini formalaşdırmaqdır. Bu “Həftənin hekayəsi” nominasiyası üzrə seçilən əsər Lev Tolstoyun “Sevgi haradadırsa, Tanrı ordadır” əsəridir. Xoş mütaliələr!

“Tolstoy böyükdür, çünki xüsusi şəxslərin deyil, bütün avam camaatın fikrini işıqlandırmağa, əxlaqını təmizləməyə çalışır. Tolstoy böyükdür, çünki hərbin ortadan götürülüb bütün cahanın millətləri arasında əbədi sülhün bərqərar olmasına qeyrət edir. Tolstoy böyükdür, çünki məzhəblər arasında vəhdət, məhəbbət və dostluq yolunu axtarır. Vəhdət və dostluğu ayrı-ayrı hər bir məzhəbin qazandığı savabların hamısından üstün bilir…”

Əli bəy Hüseynzadə

Şəhərdə Martın Avdeiç adlı bir çəkməçi yaşayırdı. O, zirzəmidə, yeganə pəncərəsi küçəyə açılan balaca bir otaqda qalırdı. Pəncərədən baxanda küçədən keçənlərin təkcə ayaqlarını görmək olurdu, amma Martın Avdeiç adamları elə çəkməsindən tanıyırdı. Eyni yerde çoxdan yaşadığından tanışları da çox idi.

Tək-tük adam tapılardı ki, qoca ustaya işi düşməsin, çəkməsi, ən azından, bir-iki dəfə Avdeiçin əlindən keçməsin. Bəzilərinə pəncə vurur, birini yamayır, birinin söküyünü tikir, birinə isə yeni üz çəkirdi. Və tez-tez də əlinin zəhmətini elə balaca pəncərəsindən görürdü. Baş qaşımağa vaxtı olmurdu, çünki Avdeiç yaxşı usta idi: işə həmişə vicdanla yanaşır, malın keyfiyyətlisini gətirir, müştəridən artıq pul götürmür, həm də qabaqcadan verdiyi sözə heç vaxt xilaf çıxmırdı – sifariși deyilən müddətə çatdıracaqdısa, işə girişir, yox, əgər özünə arxayın deyildisə, yalandan boyun olmur, müştərini get-gələ salmırdı. Hamı da Avdeiçi tanıdığından onun işi başından aşır bikar günü olmurdu.

Avdeiç yaxşı insan idi, qocalıq qapısını kəsdirəndə qəlbini-ruhunu araşdırmağa və Tanrıya daha çox yaxınlaşmağa başlamışdı. O hələ sahibkar yanında işlədiyi vaxtlarda arvadı dünyasını dəyişmiş, üç yaşlı bir oğlu qalmışdı. Nədənsə uşaqları erkən tələf olurdu, böyük uşaqları çoxdan ölmüşdü.

Əvvəlcə Martın istəmişdi ki, yetim uşağı kəndə – bacısının yanına göndərsin, amma körpəyə qıymamışdı, “Qoy elə yanımda qalsın, özgə ailədə Kapitoşkama çətin olar”, – deyə fikirləşmişdi. Buna görə sahibkardan ayrılmış, mənzil tutub doğma balası ilə baş-başa qalmışdı. İntəhası, övlad sarıdan Avdeiçin bəxti gətirməmişdi. Kapitoşka təzəcə dirçəlib atasının iş-gücünə yarımağa, üzünü güldürməyə başlamışdı ki, xəstəlik aman vermədi, tifil bircə həftənin içində canını tapşırdı. Oğlunu basdırandan sonra Martın ümidsizliyə qapıldı, müsibətin ağırlığından hətta Tanrıya da şəkk gətirdi. Elə ümidsizləşmişdi ki, dəfələrlə özünə ölüm diləmiş, onun kimi yaşlı birisinin canını almaq əvəzinə, gözünün ağı-qarası bircə oğlunu apardığna görə Tanrını qınamışdı. Artıq kilsənin də yolunu unutmuşdu, neçə vaxt idi ora ayaq basmırdı. Dərdini səkkiz il səyahət eləyib, Troitsadan sonra yanına gələn ahıl həmkəndlisinə də danışıb gileylənmişdi.

– Ey Allahın adamı, daha yaşamağa bir tikə həvəsim qalmayıb, – demişdi, – Tanrıdan özümə ölüm diləyirəm. Əlim hər yerdən üzülüb.

– Düz danışmırsan, Martın, – mömin qoca cavab vermişdi, – Tanrının işinə qarışmağa heç birimizin haqqı yoxdu. Özü bilən məsləhətdi, biz nə karəyik. Əsas olan bizim fikrimiz deyil, sahibimizin hökmüdü. Oğluna ölüm, sənə yaşamaq hökmünü tanrı verib. Deməli, belə məsləhətdi. Ümidsizləşməyinin səbəbi isə sənin öz kefinlə yaşamaq istədiyindən irəli gəlir.

– Axı mən indi kimdən ötrü, nədən ötrü yaşamalıyam?

– Tanrıdan ötrü! Naşükür olma, Martın, sənə bu həyatı verən odu, sən də ondan ötrü yaşamalısan. Tanrıdan ötrü yaşamağa başlayan kimi, heç bir çətinliyin olmayacaq, hər şey sənə çox asan gələcək.

– Axı Tanrıdan ötrü yaşamaq necə olur? – Martın fikrə gedib, bir qədər susandan sonra soruşmuşdu.

Qoca belə cavab vermişdi:

– Tanrı üçün necə yaşamağın yolunu bizə İsa göstərib. Savadın varmı sənin? Hərgah İncili tapıb oxusan, Tanrı naminə ömür sürməyin hikmətini anlayar, bunun nə olduğunu bilərsən. İncildə hamısı yazılıb.

Bu sözlər Avdeiçin ağlına batmışdı. Elə həmin gün özünə “Əhdi-cədid” alıb oxumağa başlamışdı.

Əvvəlcə Avdeiç istəyirdi ancaq bayram günlərində oxusun. Amma başlayan kimi ruhu elə sakitləşdi ki, gündəlik oxuya keçdi. Get-gedə marağı daha da artdı, necə aludə olmuşdusa, gecələr lampanın nefti yanıb qurtaranacan kitabdan ayrıla bilmirdi. Beləcə, hər axşam oxuyur, oxuduqca da Tanrının ondan nə istədiyini və Tanrı naminə necə yaşamaq lazım olduğunu daha aydın dərk edirdi. Sanki hər şey yavaş-yavaş öz yerini tutur, ürəyi dinclik tapırdı. Hər gecə yatağına girəndə ağır düşüncələrlə oğlunu fikirləşən, ah-zar içində yalnız Kapitoşkanı xatırlayan zavallı atanın dilindən indi “Şükürlər olsun sənə, ya Rəbbim! Özün bilən məsləhətdir!” sözləri düşmürdü. Elə o vaxtdan da Avdeiçin yaşayış tərzi və bütün həyatı dəyişmişdi.

Əvvəllər bayramlarda tanışlardan birinə qoşulub çay içmək üçün meyxanaya baş çəkər, heç araqdan da imtina etməzdi. Sərxoşluq eləməsə də, içəndə hərdən cığallığı tuturdu; çox vaxt yeməkxanadan qanıqara çıxar, badə yoldaşının arxasınca xoşagəlməz şeylər danışar, ağzına gələni çərənləyərdi. İndi bu xasiyyətdən əl çəkmiş, belə sarsaq vərdişlər arxada qalmışdı. Həyatı dinc və sakit keçirdi. Bütün gün başını iş-güclə qatırdı: səhər açılandan axşamacan işini görür, axşamlar fənəri qarmaqdan çıxarıb stolun üstünə qoyur və rəfdən kitabı götürüb oxumağa başlayırdı. Oxuduqca da fəhmi artır, indiyəcən bilmədiyi bir çox qaranlıq mətləblər aydınlaşır, ruhu saflaşır və sevincə qərq olurdu.

Bir dəfə qiraətə başı necə qarışdısa, gecə yarıyacan kitabdan ayrıla bilmədi. Lukanın İncilindən altıncı fəsli oxuyanda belə bir yerə rast gəldi: “Bir yanağına vurana o biri yanağını da çevir və üst paltarını götürəndən köynəyini də əsirgəmə. Kimsə səndən bir şey istəyəndə ver. Səndən götürülən şeyi geri istəmə. İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin”.

Ardını oxudu. Tanrı buyururdu:

“Mənə: “ya Rəbb, ya Rəbb”, – deyirsiniz, bəs niyə dediyimə əməl etmirsiniz? Yanıma gəlib sözlərimi eşidən və onlara əməl edən, bilirsiniz, kimə bənzəyir? O, dərin qazıb tikdiyi evin təməlini daş üzərində qoyan adama bənzəyir. Daşqın zamanı sel evin üstünə gəldi, amma evi yerindən tərpədə bilmədi, çünki ev möhkəm tikilmişdi. Sözlərimi eşidib onlara əməl etməyən isə evini torpağın üstündə bünövrəsiz tikmiş adama bənzəyir. Sel evin üstünə gələndə o ev uçub darmadağın oldu”.

Avdeiç bu hissəni oxuyanda qəlbinə bir rahatlıq çökdü. Gözlüyünü çıxarıb kitabın üstünə qoydu, masaya dirsəklənib fikrə getdi. Öz ömrünü indicə oxuduğu bu sözlərlə tutuşdurub düşünməyə başladı.

– Evimin özülü daşdandı, yoxsa qumdan? Yaxşı, qoy olsun daşdan. Demək asandı: tək oturmusan, sənə elə gəlir ki, hər şeyi Tanrının buyurduğu kimi etmisən. Arxayınlaşan kimi, yenə günah işlədirsən. İndən belə sənin buyurduğun kimi edəcəm, İlahi, həmişə buna can atacam. Özün köməyim ol, ya Rəbbim!

İstədi bu xoş niyyətlə uzanıb yatsın, amma kitabdan ayrıla bilmədi. Başladı yeddinci fəsli oxumağa. Yüzbaşından, dul qadının oğlundan, İoannanın şagirdlərinə cavabından, bir riyakar varlının Tanrını öz evinə qonaq çağırmasından bəhs edən yerləri oxudu; günahkar qadının İsanın ayağına məsh çəkib, göz yaşları ilə necə yuması və Tanrı tərəfindən bağışlanması yerlərini də oxuyub, 44-cü bəndə çatdı: “Sonra üzünü qadına tərəf çevirib Şimona dedi: “Bu qadını görürsən? Sənin evinə gəldim, ayaqlarımı yumağa mənə su vermədin, amma bu qadın ayaqlarımı göz yaşları ilə yuyub, saçları ilə sildi. Sən məni öpmədin, amma bu qadın mən gələndən bəri ayaqlarımı nəvazişlə öpür. Sən başıma yağ sürtmədin, bu qadın isə ayaqlarıma ətirli yağ sürtdü”.

Avdeiç bu sözləri oxuyub fikirləşdi: “Ayaqlarını yumağa su vermədi, öpmədi, başına yağ sürtmədi…”

Yenə eynəyini çıxarıb kitabın üstünə qoydu və yenə düşüncələrə daldı.

“Görünür, o riyakar elə mənim kimi olub. Hesab elə ki, mən də tək özümü düşünmüşəm: necə eləyim ki, rahat otaqda əyləşib isti çayımı içim, qonağa qayğı göstərmək isə yadıma da düşməsin. Qonaq da kim olsa yaxşıdır? Tanrının özü! Əgər O mənim evimə gəlmiş olsaydı, bəyəm mən bu cür rəftar edərdim?”

Avdeiç düşünə-düşünə başını əllərinə söykədi, elə oradaca yuxuya getdi. Birdən qulağının dibində tövşüyən bir nəfəs duydu və kiminsə “Martın!” nidasından diksinib ayıldı.

– Kim var burda? – Avdeiç qeyri-ixtiyari dilləndi, amma çevrilib qapıya baxanda heç kimi görmədi.

Təzədən mürgüləməyə başlamışdı ki, bu vaxt yenə səs eşitdi, özü də lap yaxından: “Martın, mən sabah gələcəm, küçəyə baxıb məni görərsən”.

Avdeiç mürgüdən ayıldı, yerindən durub gözlərini ovuşdurdu. Bilmədi bu səsi yuxuda eşidib, yoxsa aşkarda. Lampanı söndürüb yatağına uzandı.

Sübh tezdən qalxıb Tanrıya dualar etdi, sobanı yandırıb kələm şorbasını və sıyığı odun üstünə qoydu, samovara od saldı, sonra önlüyünü taxıb pəncərənin qarşısına keçdi, oturub gündəlik işinə başladı. Amma gecə qulağına dəyən səs yadından çıxmırdı. Fikri də haçalanmışdı, gah onu qara basdığını düşünür, gah da həmin səsi gərçəkdən eşitdiyini fikirləşirdi. “Hə, bunu da gördük, başımıza belə iş də gəldi, çarə nədir”.

Avdeiç həmişəki kimi pəncərənin qabağında otursa da, işi candərdi görürdü fikri-zikri çöldəydi, gözünü pəncərəyə dikmişdi ki, görsün küçədən tanış olmayan çəkmədə kim keçəcək. Hətta hərdən durub lap yaxından boylanırdı ki, adamların təkcə ayağını yox, üzünü də görə bilsin. Küçədən təzə çəkməli dalandar, sonra sudaşıyan keçdi. Daha sonra ayağında yamaqlı keçə çəkmə, əlində kürək olan qoca göründü. Avdeiç kişini nimdaş çəkmələrindən tanıdı – Stepanıç dedikləri bu qoca vaxtilə Nikolayın əsgəri olmuşdu. Qonşuluqdakı tacirin evində qalan Stepanıçın işi dalandara kömək eləmək idi və indi pəncərənin önündə qar kürüyürdü. Avdeiç bir az baxandan sonra yenidən işinə davam elədi.

– Deyəsən, qocalıb xəfifləmişəm axı, – Avdeiç qımışdı. – Stepanıç küçədə qar təmizləyir, mən də onu yanıma gələn İsa bilirəm. Ay qoca kaftar, lap gicləmisən.

Amma çəkməyə beş-üç tikiş vurmuşdu ki, özünün saxlaya bilməyib yenə pencərəyə boylandı və gördü ki, Stepanıç əlindəki kürəyi divara söykəyib dincəlir. Kim bilir, bəlkə də, isinmək istəyirdi. Görünür, hay-hayı gedib, vay-vayı qalmış qocanın qar kürüməyə ərdəmi gəlmirdi. Avdeiç fikirləşdi ki, bəlkə, qocanı içəri çağırıb çaya qonaq eləsin, elə somavar da təzəcə qaynamışdı.

Qıyığı köbəyə sancıb ayağa durdu, samovarı masanın üstünə qoyub çay süzdü, sonra barmağı ilə pəncərənin şüşəsini taqqıldatdı. Stepanıç qanrılıb baxanda Avdeiç işarə ilə onu evə çağırdı və gedib qapını açdı.

– Bəlkə, gəlib bir az isinəsən, – dedi. – Çay da süzmüşəm, soyuyur. Keç içəri.

– İsa köməyin olsun. Əcəb yerinə düşdü, soyuq iliyimə işləyib.

Stepanıç üst-başının qarını çırpıb içəri keçdi, çəkmələrini silməyə başladı ki, döşəməni bulaşdırmasın. Qocanın səndələdəiyini görən Avdeiç dedi:

– Sən əziyyət çəkmə, döşəməni özüm silərəm, onsuz da, işimin adı budu. Keç əyləş, bu da sənin çayın, iç canın qızışsın.

Avdeiç stəkanın birini qocanın qarşısına qoydu, öz çayını isə nəlbəkiyə süzüb üfürməyə başladı. Çayı içəndən sonra Stepanıç stəkanı ağzı üstə çevirib nəlbəkiyə, yarısını dişlədiyi qəndi də böyrünə qoyub minnətdarlığını bildirdi. Amma yenə içmək istədiyi üzündən oxunurdu. Avdeiç də üstünü vurmadı, stəkanları təzədən doldurub:

– Gəl adama birini də içək, – dedi.

Amma Avdeiçin fikri çayda yox, küçədə idi; gözünü pəncərədən çəkmirdi.

– Hə, soruşursan ki, kimisə gözləyirəm? Sənə düzünü deyəcəm: gözləməyinə gözləyirəm, amma kimi gözlədiyimi heç özüm də bilmirəm, ürəyimə damıb. Qarabasmadı, ya nədi, bilmirəm. Qardaşım, bilirsən məsələ necədi? Dünən gecə İncildə rəbbimiz İsanın iztirablar çəkməsi, yer üzündə necə gəzib-dolaşması barədə xeyli oxumuşam. Mən bilən bu haqda eşitməmiş olmazsan.

– Eşitmişəm, eşitmişəm, – Stepanıç cavab verdi. – Amma oxumamışam. Biz qara camaatda savad hardandı?

– Hə, deməli, oxuyuram ki, İsa yer üzünü dolaşa-dolaşa bir riyakarın evinə qonaq gəlir, o nankor isə Rəbbimizin pişvazına çıxmır. Bax belə, qardaşım, gecə bunu oxuyanda yuxum qaçdı: axı necə ola bilər ki, İsa qonaq gəlsin, sənsə onu ləyaqətlə qarşılamayasan? Belə bir şərəfli qonaq mənim, ya başqasının evinə təşrif buyursaydı, biz onu beləmi qarşılayardıq? Həmin o riyakar isə Rəbbimizi heç qəbul da etməyib. Bunları fikirləşə-fikirləşə təzəcə yuxulayırdım ki, mürgü içində birdən qulağıma səs gəldi, gördüm kimsə adımı çağırır. Səsə ayılıb duranda heç kəsi görmədim, amma eşitdim ki, kimsə pıçıltı ilə deyir: “Gözlə məni, Martın, sabah gələcəyəm”. Öz qulağımla eşitdim, açıq-aşkar dedi, özü də, iki dəfə. Hə, bax belə oldu, qardaşım, inanırsan? Heç özüm də baş açmıram, amma ağlıma necə batıbsa, özümü qınaya-qınaya hələ də onun yolunu gözləyirəm.

Stepanıç başını yırğalayıb heç nə demədi, çayını içib boş stəkanı nəlbəkiyə böyrü üstə qoydu, amma Avdeiç ona bir stəkan da çay süzdü.

– Doyunca iç, halal xoşun. Baxıram ki, Rəbbimiz yer üzünü gəzib-dolaşanda heç kimdən iyrənib üz çevirmir, ən çox da sadə insanların içində olurdu. Belələrinə daha çox baş çəkir, elə öz şagirdlərini də bizim kimi zəhmət adamlarının, günahkar bəndələrin arasından seçirdi. Buyurur ki, özünü dartıb dağ başına qoyan alçalacaq, alçaldılan isə ucalacaq. Deyir, siz məni Tanrı adlandırısınız, mən isə lap sizin ayaqlarınızı yuyaram. Birinci olmaq istəyən gərək hamının qulluğunda dura, çünki yoxsullar, fağırlar, dinc və mərhəmətli adamlar xoşbəxtdirlər.

Stepanıç çayını unutmuşdu. O, yaşlı və kövrək insan idi; oturub dinlədikcə ürəyi daha da yuxalır, göz yaşları yanaqlarına süzülürdü.

– Qoy süzüm, birini də iç, – Avdeiç ona dedi.

Amma Stepanıç xaç çevirdi, təşəkkür edib stəkanı kənara qoydu, ayağa durub getməyə hazırlaşdı.

– Sağ ol, Martın Avdeiç, məni qonaq eləyib həm qarnımı doydurdun, həm də ürəyimə toxtaqlıq verdin.

– Allah amanında, – Avdeiç cavabında dedi. – Yenə buyura bilərsən, gəlişinə yalnız şad olaram.

Stepanıç gedəndən sonra Martın bir stəkan da çay içib, qab-qacağı yığışdırdı, pəncərə önündəki yerinə keçib çəkməyə daban vurmağa başladı. Yenə bir gözü pəncərədəydi; Yolunu gözlədiyi İsanı düşünür, dərin xəyallara dalırdı. Beynində Məsihin cürbəcür ibrətamiz kəlamları dolaşırdı.

Küçədən iki əsgər keçdi: biri hərbi, o biri adi çəkmədə. Sonra qonşuluqda yaşayan təmiz qaloşlu sahibkar, ardınca da əli səbətli çörəkçi. Sonra isə ayağında kəndli başmağı olan yun corablı bir qadın göründü. Qadın bir az qabağa gedib, qapı ilə pəncərə arasındakı aralıqda dayandı. Avdeiç diqqətlə fikir verib gördü ki, qadın buralı deyil qəribdir, üst-başından kasıb adama oxşayır, özü də, körpə uşağı var. Divarın dibində arxası küləyə dayanıb uşağı bürümək istəsə də, bundan ötrü fərli heç nəyi yoxdur. Əynindəki platar yay geyimidir, özü də, nimdaş. Avdeiç pəncərə arxasından körpənin çığırtısını eşidirdi, qadın isə uşağı dilə tutub ha ovutmaq istəsə də, bir faydası olmurdu.

Avdeiç qalxıb eşiyə çıxdı, elə pilləkənin üstündən qadını səslədi:

– Ay bala! Ay ağıllı bala!

Qadın səs eşidib çevriləndə Avdeiç dedi:

– Niyə orda durmusan, uşağı niyə soyuğa verirsən?

Gəl bura, otaqda uşağın canı bir az isinər. Di tez elə görüm.

Qadın əynində köhnə önlük, burnunun üstündə gözlüyü olan qocanın bu qəfil dəvətinə təəccüblənsə də, sözə qulaq asıb yaxınlaşdı. Pilləkəni bir yerdə düşüb, otağa girdilər. Avdeiç qadını çarpayının yanına gətirdi.

– Bax burda otur, ağıllı bala, – dedi, – sobaya yaxın otur. Bir az isinib, körpəni yedizdirərsən.

– Özüm heç nə yeməmişəm, səhərdən dilimə tikə dəyməyib, südüm hardan olsun, – deməyinə baxmayaraq, qadın körpəni əmizdirməyə başladı.

Avdeiç başını bulaya-bulaya masaya yaxınlaşıb çörək və kasa götürdü, kasaya isti kələm şorbası tökdü, sobanın qapağını açıb sıyıq qazançasını çıxartsa da, hələ bişmədiyini görüb, şorba tökdüyü kasanı çörəklə birgə süfrəyə qoydu. Qarmaqdan silgəci də çıxarıb gətirdi.

Gəl otur, – dedi, – ağıllı bala. Sən otur ye, körpəyə özüm baxaram. Vaxtilə mənim də uşaqlarım olub, onların dilini yaxşı bilirəm. Qadın xaç çəkdi, masa arxasına keçib yeməyə başlad, Avdeiç ise çarpayıda uşağın yanında oturdu. Körpəni ovutmaq üçün dodağını nə qədər büzüb muşqursa da, dişləri olmadığından səsi yaxşı çıxmır, körpə də kirimək bilmirdi. Avdeiçin ağlına gəldi ki, bəlkə, uşağı barmaq silkələməklə qorxudub kiritsin. Barmağını bir neçə dəfə uşağın dodağına yaxınlaşdırsa da, toxundurmadı, çünki qatrana batmış barmağı qapqara idi. Qəribədir ki, uşaq barmağa baxa-baxa sakitləşdi, hətta gülməyə başlayıb Avdeiçi də əməlli-başlı sevindirdi. Qadın isə yeyə-yeyə özündən, haradan gəlib, hara getməsindən danışdı.

– Əsgər arvadıyam, – dedi, – Səkkiz aydı ərimdən xəbər-ətər yoxdu, harasa uzaqlara göndəriblər. Uşağı da aşpaz olduğum evdə doğdum. Uşaqlı adamı kim saxlayar? Bizi də evdən çxartdılar. İndi üç aydı evsiz-eşiksizəm, nəyim vardısa, hamısını satmışam. Dayəlik eləmək, südümü satmaq istədim, götürmədilər ki, çox zəifsən. Bir tacir arvadının yanına getdim, orda bizim bir tanışımız yaşayır, söz verdi ki, götürəcək. Elə bildim başından eləyir, amma tapşırdı ki, o biri həftə gəlim. Çox uzaqda olurlar. Yoruldum, yazıq uşaq da yollarda həlak oldu. Yenə sağ olsun, mənzillə bağlı bizə İsa xətirinə rəhm edir. Yoxsa heç bilmirdim harda qalım.

Avdeiç köks ötürüb soruşdu:

– Bəs geyməyə isti paltarın yoxdu?

– Bilirəm, əziz adam, bilirəm ki, indi bu paltarda gəzməzlər. Amma neyləyim, dünən axırıncı örpəyimi də iyirmi qəpikdən ötrü girov qoydum.

Qadın çarpayıya yaxınlaşıb körpəsini qucağına aldı, Avdeiç isə dolabı açıb, orada bir az eşələnəndən sonra nimdaş alt köynəyi tapıb gətirdi.

– Al, – dedi, – köhnə də olsa, uşağı bükməyə yarıyar.

Qadın bürüncəyə baxdı, qocaya baxdı, özünü saxlaya bilməyib ağladı. Avdeiç dizini yere atıb, çarpayının altından köhnə bir sandıq çıxartdı, bir az eşələyəndən sonra təzədən qadınla üz-üzə oturdu.

– İsa köməyin olsun, ay baba! – qadın doluxsundu. – Yəqin, məni sənin pəncərənin qabağına O göndərib! Yoxsa körpəm soyuqdan donacaqdı. Mən çıxanda soyuq belə deyildi, havanın üzü qəfil çöndü. Yəqin, Rəbbimiz səni pəncərəyə baxmağa ona görə vadar eləyib ki, mən bədbəxti görüb rəhm edəsən.

– Əlbəttə, O vadar eləyib, – Avdeiç gülümsünüb dedi. – Ağıllı bala, mən bu pəncərəyə boş yerə baxmırdım ki.

Ardınca da Martın əsgər arvadına öz yuxusunu danışdı, Rəbbin bu gün ona baş çəkəcəyini vəd edən səsini necə eşitdiyini söylədi.

– Hər şey ola bilər, – qadın dedi və qalxb körpəsini Martının verdiyi alt köynəyinə bələdi, baş əyib, ona bir daha minnətdarlıq elədi.

Avdeiç qadına iyirmi qəpiklik uzadıb dedi:

– Götür bunu, İsa xətrinə, götür. Gedib örpəyini geri alarsan.

Qadın xaç çəkdi. Avdeiç de xaç çevirib qadını yola saldı.

Qadın gedəndən sonra Avdeiç özünə də şorba töküb yedi, yır-yığış eləyib yenidən işləməyə basladı. Amma yenə fikri-zikri pəncərədəydi: bir qaraltı görən kimi boylanırdı ki, görsün yoldan ötən kimdir. Həmşəki kimi, küçədən tanışlar da keçirdi, tanımadığı yad adamlar da; qeyri-adi heç nə yox idi.

Birdən Avdeiç pəncərəsinin düz qarşısında xırda-para şeylər satan bir qarının dayandığını gördü. Qarının səbətində beş-üç alma, çiynində bir kisə yonqar vardı. Alma az idi, görünür, satmışdı, yonqarı da, yəqin ki, hansısa tikintidən yığıb evinə aparırdı. Kisənin ağırlığından qarının çiyni əyilmişdi, istəyirdi onu o biri çiyninə keçirsin. Səbəti dirəyin yanına qoyub, kisəni səkinin üstündə silkələməyə başladı ki, yonqar bir az yapıxsın. Elə bu vaxt başında nimdaş kartuz olan bir oğlan uşağı peyda oldu, əl atıb səbətdən bir alma götürdü. Aradan çıxmaq istəyəndə qarı onu gördü və cəld geriyə dönüb uşağı qamarladı. Qarı ondan ikiəlli tutmuşdu, uşaq isə dartınır, qolunu qarını əlindən çıxarmaq istəyirdi. Qarı aman vermədi, oğlanın kartuzunu başından salıb, kəkilini çəngələdi. Uşaq ağrıdan çığırır, qarı isə söyürdü. Avdeiç qıyığını köbəyə sancmağa belə macal tapmadı, onu döşəməyə atıb çölə cumdu, pilləkəndə ayağı büdrəyəndə eynəyi yerə düşdü. Küçəyə çıxanda gördü ki, uşağın kəkilindən dartan qarı onu söyə-söyə sürükləyib qorodovoya aparmaq istəyir, uşaq isə qarıdan aralanmağa çalışır və heç nəyi boynuna almırdı.

– Yox, mən heç nə götürməmişəm, niyə məni döyürsən, burax qolumu, – uşaq deyirdi.

Avdeiç onları aralamağa çalışdı. Uşağın qolundan yapışıb qarıya dedi:

– İsa xətirinə, keç bunun günahından, burax uşağı!

– Ay buraxdım ha! Onun başına bir oyun açacam ki, ömrü boyu unutmasın. Bu yaramazı aparıb polisə təhvil verəcəm.

Avdeiç qarını dilə tutmağa, yalvar-yaxar eləməyə başladı:

– Burax onu, vallah, bir də belə iş tutmaz. İsa xatirinə, burax getsin!

Axırda qarı insafa gəlib uşağı buraxdı, amma oğlan qaçıb getmək istəyəndə Avdeiç onu saxladı.

Əvvəlcə nənədən üzr istə, – dedi. – Bir də belə iş tutma, özün də yalan danışma. Almanı necə götürdüyünü mən görmüşdüm.

Uşaq ağlayıb üzr istədi.

– Bax belə. İndi al, qoy bu səninki olsun, – Avdeiç səbətdən bir alma götürüb oğlana verdi. – Pulunu mən ödəyəcəm.

– Nahaq bu yaramazı belə qudurdursan, – qarı dedi. – Onun dərsini elə vermək lazım idi ki, yanını bir həftə yerə basıb otura bilməsin.

– Oyunun olsun, ay nənə… – Avdeiç başını buladı. – Bunu biz belə düşünürük, ancaq Rəbbimiz elə buyurmur axı. Uşağı bir almaya görə kötəkləmək lazımdısa, bəs onda biz öz günahlarımıza görə necə cəzalanmalıyıq?

Qarı dinmədi. Avdeiç ona bir ağanın töycü verən kəndliyə bütün borcları bağışlaması, həmin kəndlinin isə gedib öz borclusunu necə boğması barədə ibrətamiz rəvayət söylədi. Qarı ilə bərabər uşaq da dayanıb qulaq asırdı.

– Tanrımız bağışlamağı buyurub, – Avdeiç dedi. – Bağışlamasaq, o da bizim günahlarımızdan keçməz. Hamını bağışlamaq lazımdı, acizləri isə daha çox.

Qarı başını yelləyib, köksünü ötürdü.

– Elə olmağına elədi, – dedi, – amma gərək onlar da qudurmasınlar.

– Amma onları biz başa salmalıyıq, biz böyüklər.

– Elədi, mən də onu deyirəm. Elə özümün də yeddi balam vardı, amma bircə qızım qalıb.

Qarı söhbətə başlayıb qızının yanında yaşadığından, harada qaldıqlarından, neçə nəvəsi olduğundan danışdı.

– Qocalıb əldən düșmüşəm, gücümün tükənən çağıdı, amma yenə dincliyim yoxdu. Hələ də tər tökürəm, zəhmət çəkirəm, balalarıma gün ağlayıram. Qapıdan girəndə nəvələrim üstümə elə həvəslə yüyürürlər ki, gəl görəsən. Hamısını çox istəyirəm, elə yaxşıdılar ki. Aksyutka qucağımdan düşmür, məndən başqa heç kimə yaxın durmur. Adım dilində bitib, bütün gün nənəcan, nənəcan deyir…

Qarının ürəyi yuxalmışdı. Üzünü oğlana tutub:

– Uşağdı da, neyləmək olar, – dedi – Tanrı köməyi olsun.

Qarı kisəni çiyninə almaq istəyəndə oğlan tez irəli durub:

– Ver mən aparım, nənəcan, onsuz da, yolumun üstüdü, – dedi.

Qarı başını tərpədib, kisəni oğlanın belinə şəllədi. İndi onlar küçədə yanaşı addımlayırdılar. Almanın pulunu almaq qarının yadından çıxmışdı. Avdeiç isə hələ də dayanıb onların nə barədəsə danışaraq uzaqlaşmaqlarına baxırdı…

Onları ötürəndən sonra Avdeiç geri qayıtdı, pilləkənə düşmüş gözlüyünü tapıb götürdü; gözlük salamat idi, sınmamışdı. Otağa gəlib qıyğı da döşəmədən götürdü və yerinə keçib işə başladı. Artıq qaş qaralmışdı, gözü də yaxşı seçmirdi. Bir az işləyib, fənərçinin lampaları yandırmağa getdiyini görəndə fikirləşdi ki, axşam düşür, işığı yandırmaq lazımdır. Durub lampaya neft tökdü, yandırıb yerindən asdı ve oturub yarımçıq işinə davam elədi. Çəkmənin bir tayını tam hazır edib o üzünə, bu üzünə çevirdi, altına-üstünə baxıb gördü ki, yaxşı alınıb. Alətləri yığışdırdı, ipləri, ucluqları, bizləri, qıyıqları səliqəyə saldı, lampanı qarmaqdan çıxarıb masanın üstüna qoydu və rəfdən İncili götürdü. İstədi dünən arasına tumac qoyduğu səhifədən açıb oxusun, amma kitab başqa yerdən açıldı. Bu vaxt Avdeiçin yadına dünənki yuxusu düşdü, dərhal da arxa tərəfində kiminsə hənirini, ayaq səsini eşitdi. Geri dönəndə nə görsə yaxşıdır: qaranlıq küncdə bir neçə adam dayanıb, amma onların kim olduğunu ayırd edə bilmədi. Bu zaman qulağına pıçıltı gəldi:

– Martın! Ay Martın, olmaya, məni tanımadın?

– Kimi tanımadım? Sən kimsən? Avdeiç soruşdu.

– Mənəm də, yenə tanımadın? – Stepanıç qaranlıq küncdən çıxıb gülümsündü, tez də duman kimi çəkilib qeyb oldu.

– Bu da mənəm, – başqa bir səs eşidildi və qucağında körpə olan həmin qadın qaranlıq küncdən çıxıb gülümsündü; körpəsi də gülməyə başladı və göz qırpımında yoxa çıxdılar.

– Bu da bizik, – yenə səs eşidildi və qarı ilə əlində alma tutmuş oğlan qaranlıq küncdən çıxab gülümsədilər, dərhal da yoxa çıxıb gözdən itdilər.

Avdeiçin ürəyi sevinclə doldu, qəlbi rahatlıq tapdı; xaç çevirib eynəyini taxdı və İncili elə kitabın açıldığı yerdəncə oxumağa başladı. Səhifənin yuxarısında belə yazlmışdı: “Çünki acmışdım, mənə yemək verdiniz; susamışdım, mənə su verdiniz; qərib idim, mənə qonaqpərvərlik göstərdiniz”.

Səhifənin aşağısında isə bu sözləri oxudu:

“Onda padșah onlara deyəcək: “Madam ki bunu bu kiçiklərdən birinə etmədiniz, deməli, mənə də etməmisiniz”.

Avdeiç başa düşdü ki, yuxusu yalan deyilmiş, sən demə, elə həmin gün Xilaskarın özü ona qonaq gəlibmiş.

Tərcümə: Mahir N.Qarayev

Mənbə: Lev Tolstoy. “Sevgi haradadırsa, Tanrı ordadır”. Bakı: “Parlaq imzalar”, 2025, 199 s.