Xəbərlər

Həftənin seçilmiş şeiri – Azərbaycan ürəyimdə bir şahdamardır

“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu “Həftənin şeiri” nominasiyası üzrə seçilən əsər Yavuz Bülənt Bakilərin “Azərbaycan ürəyimdə bir şahdamardır” şeiridir. Xoş mütaliələr!

Bu günlərdə əbədiyyətə qovuşan Azərbaycan sevdalısı, şair Yavuz Bülənt Bakiləri rəhmətlə anırıq…

Azərbaycan ürəyimdə bir şahdamardır

 
Quşluq vaxtına qədər gecələr boyu

Qıvrılaraq oxuduğum yenə Şəhriyar.

Ala ceyranlara bənzər o Azəri türkülər,

Dinlədiyim tar…

 
Ayrılmaz başımdan, tərk etməz məni

Salamsız, sabahsız bir əfkar.

Və ürəyim minillik dastanlarla tutuşar,

Böyüyər Azərbaycan qədər!

 
Azərbaycan! Dədəm Qorqud şəfəqi,

Mübarək dilimi süd kimi sağar.

Bəzən rüzgar olar iliklərimdə,

Bəzən yağmur kimi üstümə yağar.

 
Götür məni Araz, al məni Xəzər!

Türkü türkdən başqa indi kim anlar?..

Yaram dərin, məlhəmim yox, vaxtım dar,

Bir dastan yazar kimi yaz məni Anar!

Duy məni Bəxtiyar! Duy məni Şahmar!


Keçən zaman üstünə, tökülən qan üstünə,

Qılınc-qalxan üstünə…

Və ağzı köpüklənən yallı atlar üstünə

Mənim bir yəminim var:

Azərbaycan ürəyimdə bir şahdamardır!

Mən Yaqub kimiyəm uzun illərdir,

Onda Yusifimin qoxusu vardır.

Və həsrəti könlümdə

Böyük Türküstan qədərdir.

Ayətdir kitabımda, bayrağımda rüzgardır,

Azərbaycan ürəyimdə bir şahdamardır!

 
İndi Azərbaycanda mövsüm bahardır,

Amma türküləri yenə başdan-başa əfkardır…

Düşlərimə yağan qardır,

Boynubükük bir diyardır!..

Yardır…

Azərbaycan ürəyimdə bir şahdamardır!