“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu “Həftənin şeiri” nominasiyası üzrə seçilən əsər Məmməd Aslanın ”Mən buyam” şeiridir. Xoş mütaliələr!
Sən mənim dilimi kəsə bilməzsən,
Haqsızlıq önündə susan deyiləm.
Sən mənim dünyama sıza bilməzsən,
Ucuz mətləblərə lisan deyiləm.
Rəbbim nə veribsə, nəyəmsə, buyam;
Mənim öz nərəm var, mənim öz qiyyam!
Söylədiyin nədir, nə qiymət qoyam?!
Demə ki: qulaq as! – Asan deyiləm!
Könlümün söz adlı qibləgahı var,
Yəni “La ilahə illəllah”ı var!
Mənim dərs aldığım min-min dahi var;
Cəddinə arxayın insan deyiləm.
Tənha zirvələrin yar-yoldaşıyam,
Quşqonmaz dağların ağır qışıyam,
Mən qaya parçası, çaxmaq daşıyam,
Mən çətin adamam, asan deyiləm
.
Məni üzüyola doğmayıb anam,
Hara buyursalar, orda fırlanam…
Hirsini içində boğan vulkanam,
Hələ ki, Məmmədəm, Aslan deyiləm…



