Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı beynəlxalq forum öz işini aktual mövzulara həsr olunmuş panel iclaslarla davam etdirir.
“Füyuzat”ın AZƏRTAC-a istinadən məlumatına görə, forum çərçivəsində “Qlobal Cənubun yüksəlişi: Bandung ruhu və suveren gələcək uğrunda mübarizə”, “Artıq ikili standartlar yoxdur: QHT-lər katalizator kimi, Qlobal Cənubda ədalətli inkişaf” və “Sərhədləri aşmaq: firavan gələcək naminə D8 əməkdaşlığı” mövzularında panel müzakirələri təşkil olunub.
Bu müzakirələrdə əsas diqqət Qlobal Cənub ölkələrinin səsinin beynəlxalq arenada daha çox eşidilməsinə, qeyri-hökumət təşkilatlarının ədalətli və davamlı inkişaf proseslərindəki roluna, həmçinin beynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəlib.
Forumda dünya əhalisinin təxminən 80 faizini əhatə edən 116 ölkədən nüfuzlu QHT rəhbərləri və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun icraçı direktoru Pərviz Əmirov da tədbirdə iştirak edib.




