İnsanlar həyatlarının dəyərini təkcə yaşamaqda görməməlidir. Əslində, “yaşamaq anlayışı” özü fəlsəfə tarixinin ən qədim diskussiya ziddiyətlərindəndir. Ömür dediyimiz yolda sadəcə nəfəs almaq və qidalanmaq, gündəlik vərdişlərimizi yerinə yetirməklə yaşam sirkulyasiyasını ancaq ölməmək üçün xərcləyirik. Həyatı yaşamağa həsr etməyin gözəlliyi əlsa bu ola bilməz. Ölməmək yaşamaqdır, amma necə yaşamaq?!
Hər birimiz bu həyatda kiməsə, nəyəsə ömür payımızdan nələrisə həsr edirik. Zaman qəddar bir yük kimi üzərimizə hücum edir bəzən də. Gündəlik qayğılar, məişət dedi-qoduları və bir çox qəribəliklər fonunda həyat öz dəyər axarını nə qədər qoruya bilir ki? Biz hamımız zamana uduzuruq. Bu anlamda ömrümüzü mənalandırmaq maddi vəziyyətin necəliyi ilə ölçülməməlidir. Mənəvi dünyası kamil olan insanlar yaşamını mənəviyyata, yaradıcılığa, estetikaya, gözəlliyə həsr edirlər. Bir çox insanlar isə həyatlarını sevdiyi peşələrə, işlərə həsr edirlər. Həyatını övladına həsr etdiyini düşünən ata kimi bəzən rəssam da öz rəsmlərinə, bəstəkar öz bəstələrinə, şair şeirlərinə balası kimi yanaşır, bir əlyazması itəndə, bir əsəri korlananda ruhundan parçalar dağılır sanki…
Bu baxımdan, mənəvi dünyamızı zənginləşdirən, keçmişə ayna, gələcəyə işıq olan kültürlərimizdən biri də dərgiçilikdir.
Azərbaycanda dərgiçilik kültürünün tarixi çox qədimdir. Haqqında danışacağım “Füyuzat” məktəbi isə dərgiçiliyin sərhədlərini aşaraq bizi milli ideyaların təbliğatçısına çevirdi. Bu gün çağdaş multimedianın imkanlarından da istifadə edirik. “Füyuzat” jurnalı yenə işıq üzü görür, FÜYUZAT tv bütün sosial media platformalarında mövcuddur. Əli bəy Hüseynzadə və maarifçi babalarımızın maarifçiliyə həsr etdikləri dəyərli həyatlarını onun indiki uğurlu ardıcılları davam etdirirlər.
Bu yaxınlarda “Füyuzat” redaksiyasında baş redaktor Mübariz Yunus, məsul redaktor Samir Ramizoğlu, “Füyuat”ın yazarları Elmin Nuri və Bəhruz Əliyev ilə aylıq müzakirə saatımızı keçirirdik. Arada bir dostlarla çay süfrəsi ətrafında yığışıb mütəmadi müzakirələr aparmaq, diskussiya etmək artıq bizim üçün bir növ “intellektual oksigen” lokomotivi olub. Hər görüşdə bir ideya, hər müzakirədə bir yeni fikir və layihə beynimizdən qopur. “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus çoxlu vacib ideya və təkliflər səsləndirirdi. Lakin anidən söylədiyi kiçik bir cümlə günlərdir ki, ağlımdan çıxmır, gecə yatanda da düşünürəm. Mübariz müəllim belə deyirdi: “Biz həyatımızı dərgiyə həsr etmişik”.
Kapitalist münasibətlər sistemində, populyar kültürün sosial medianı cənginə aldığı, anlamsızlığın və şitliyin dünya mediasında sənət kimi təqdim edilməyə çalışdığı indiki dövrdə insanlar (fədakar maarifçilər) öz ömürlərini dərgiçiliyin ölməməsi üçün xərcləyirlər. Ən yeni dövrün füyuzatçıların gözlərində heç sönməyən həvəs parıltısı var. Dərgidən danışanda, “Füyuzat”ı vərəqləyəndə gözlərindən gülürlər.
İndi biz ictimaiyyət olaraq həyatlarını dərgiyə həsr edən “Füyuzat”çılara dəstək olmalıyıq. Ən azından 3 təklif var ki, onların reallaşdırılması çox da çətin deyil.
• Yaxşı olardı ki, böyük supermarketlər şəbəkəsi, əhalinin gündəlik alış-veriş apardığı ticarət müəssisələrində “Füyuzat” da daxil olmaqla, bütün milli dərgilər nümayiş olunsun və insanlar oradan rahatlıqla dərgiləri əldə edə bilsin.
• Televiziyalarımız dərgilərin reklamını pulsuz yayımlamaqla bu işə əvəzsiz töhfə verə bilərlər. Biz – yaradıcı adamlar və media nümayəndələri bu məsələni TV rəhbərlərimizdən xahiş edə bilərik.
• Dərgiləri yaşadan abunə sisteminə onlayn müraciətlərimizi artıra, dostlarımızı da abunə yazılışına təşviq edə bilərik.
Bunları etmək çox da çətin deyil.
Yetər ki istəyək…
Həyatını dərgiyə həsr edənlərə sayğılarımla…