Bəzən bir sözün içində bir ömür yatır. Hər hecasında zəhmət, hər hərfində fədakarlıq gizlənir. Ata uşaqlıq xatirələrimin ən dərin, ən güclü dayağıdır. Sənin kim olduğunu ilk dəfə mənə əllərin öyrətdi. O illərin zəhmətindən qabarmış, çat-çat olmuş əllərin… O əllər ki, heç vaxt yalnız özünü deyil, ailəsini daşıyıb. Mən zəhməti, alın təri ilə halal çörək qazanmağın nə demək olduğunu ilk dəfə səndə gördüm.
Uşaq vaxtı evin qapısında sənin addımlarını tanıyırdım. Qapını döyəndə “Atam gəldi!” deyə sevinclə ayaqlarımı yerə çırpa-çırpa qaçırdım qapıya. Hər gəlişin sanki bayram idi, çünki sən gələndə evin havası dəyişirdi. Yorğun olsan da, gözlərində bir nur vardı. O nur ki, ailənin varlığına minnətdar olan bir kişinin baxışlarında olur.
Mənim ilk qəhrəmanım sən oldun. Uşaq nağıllarında qəhrəmanlar əjdahaları məğlub edərdi, amma mənim üçün qəhrəmanlıq süfrəyə çörək gətirmək, evin lampasını yanar saxlamaq, övladına qorxu hiss etdirməmək idi. Sən bunların hamısını edirdin səssiz, təmtəraqsız, amma böyük bir ürəklə.
Xatırlayıram, bir dəfə 3-cü sinifdə oxuyanda öz ağlımca sənə şeir yazmağa çalışmışdım. Hər misramda bacardığım qədər sevgimi ifadə etməyə çalışmışdım:
Atam işdən gələndə
Qaçaram qucağına
Öpərəm üz-gözündən
Soruşaram əhvalını.
İndi bilirəm ki, bu şeir sayılmaz. Çünki şeirdə qafiyə belə yoxdur. Sadəcə hisslərin tərənnümüdür.
Ata, sən mənə bir çox şey öyrətdin, amma ən əsası güvəni. Hər dara düşəndə sənin varlığını hiss edirəm. Hətta yanımda olmasan da, “Atam var” düşüncəsi mənə qüvvət verir. Sənin adın, sənin varlığın mənim üçün qalxandır. Uşaqkən bəzən xəstələnəndə anamla bərabər sən də mənim başımın üstündə keşiyimdə durur, nazımı, qayğımı çəkirdin.
Sən çox danışan, sözlərlə sevgini göstərən biri deyilsən. Amma hər səhər işə gedərkən arxanca baxanda sənin addımlarında ailən üçün yaşamağın hekayəsini görürdüm. Əllərində daşıdığın torbalar, çiynindəki yorğunluq, sifətindəki qərarlı ifadə… Bunlar mənim üçün ən dəyərli dərslər idi.
İndi böyümüşəm. Sənin gəncliyini, mübarizəni, bəlkə də, heç kimə demədiyin dərdini daha yaxşı anlayıram. Bəzən sənin susduğun anlarda nə qədər çox şey gizləndiyini görürəm. Bəlkə sən də çox yorulurdun, amma evin yükünü çiyinlərindən yerə qoymaq istəmirdin.
Ata… Sənin adın güvən deməkdir. Sənin baxışın bir övladın üzərindəki ən böyük dua kimidir. Hər birimizin həyatında sənin kimi bir dayaq varsa, dünya o qədər də qorxulu deyil. Sən mənim həyatımda təkcə ata olmadın, həm də dost oldun, müəllim oldun, ən güclü qalxan oldun. Və mən bilirəm ki, nə qədər böyüsəm də, həmişə “atam” deyib sənə sarılmaq istəyəcəyəm.
Ata sevgisi sözlərlə izah olunmaz, yaşanar. Çünki mən bunu səninlə yaşadım. Və bu, mənim həyatımın ən gözəl hekayəsidir.



