1945-ci ilin may ayında Almaniyanın, sentyabrında isə Yaponiyanın təslim olmasının ardından II Dünya müharibəsi sona çatdı və dünyada yeni bir dövr başladı. Tehran və Yalta konfranslarının “mehriban” müttəfiqləri: ABŞ, SSRİ və Britaniya postmüharibə dövründə sürətlə düşmən qütblərə bölündü. 50 il davam edən Soyuq müharibənin 40-ci ilindən sonra daha konkret desək, 1980-ci illərin əvvəlində SSRİ-nin gücü tükənməyə başladı. ABŞ-la kəskin rəqabət, bahalı silahlanma yarışı, iqtisadi səmərəsizliyin artması, texnoloji inkişafın zəifləməsi Sovet İttifaqının sonunu gətirən başlıca səbəblər arasında idi.
1990-cı illərin əvvəlində Sovet İttifaqının dağılması fonunda keçmiş SSRİ dövlətləri bənzər problemlərlə qarşı-qarşıya qaldı: iqtisadi böhran, artan işsizlik, yeni maliyyə sisteminin qurula bilməməsi və s. 3 ölkə – Azərbaycan, Gürcüstan və Tacikistan isə daha ağır nəticələrlə üzləşdi. Azərbaycan və Gürcüstanda iqtisadi böhranla yanaşı siyasi qeyri-sabitlik, dövlət çevrilişləri, vətəndaş müharibəsi təhlükəsi, torpaqların işğal edilməsi kimi nəhəng problemlər meydana gəldi. Tacikistanda isə 5 il davam edən qanlı vətəndaş müharibəsi 50 mindən çox şəxsin ölümünə yol açdı, ölkə illərlə de-fakto iki hissəyə bölündü.
Azərbaycanda müstəqillik 1991-ci ilin oktyabrında bütün ölkə üzrə bərqərar ola bilmədi. Ayaz Mütəllibov hökuməti 1991-ci ildə Xankəndi və ətraf ərazilər üzərində nəzarəti tamamilə itirmişdi. Üstəlik, işğal hər gün daha da genişlənirdi. İşğalın genişlənməsi və Xocalı faciəsi fonunda hakimiyyətdən gedən Mütəllibovdan sonrakı dövrdə Şuşa və Laçının işğalı yaşandı. 1992-ci ilin iyun ayında keçirilən prezident seçkilərinin qalibi olan Əbülfəz Elçibəy hakimiyyətə gəldi. Bir illik AXC hakimiyyətinin 10-cu ayında Kəlbəcərin işğal edilməsindən sonra respublikada böhran dərinləşdi.
İyun ayında isə başlayan qiyam faktiki olaraq Azərbaycanın bir dövlət kimi gələcəyini sual altında qoyurdu. Həmin dövrdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev xaotik vəziyyətə son qoymaq üçün çalışmağa başladı.
1993-cü ilin yay aylarında Azərbaycanın çox ciddi problemləri var idi:
- Qiyamçı qüvvələr Bakıya yaxınlaşırdı. Silahlı qrupların paytaxta daxil olması vətəndaş müharibəsinə səbəb ola bilərdi.
- Prezident və rəhbər vəzifədə olan AXC üzvlərinin böyük hissəsi paytaxtı tərk etmişdi. Dövlət aparatı iflic vəziyyətinə düşmüşdü. Qurumlar arasında subordinasiya pozulmuşdu.
- Qoşunların bir hissəsinin Qarabağdan çəkilməsi nəticəsində işğal dalğası genişlənirdi. Füzuli, Cəbrayıl, Ağdam, Qubadlı, Zəngilan, Tərtər və Beyləqan düşmənin hədəfində idi.
- Xarici qüvvələrin əlaltısı Hümbətov və “Sadval” fəallaşmışdı. Azərbaycanda heç vaxt görülməmiş separatizm prosesi başlamışdı. Cənub və şimal bölgələri üzərində dövlət nəzarəti zəifləşmişdi.
- İqtisadi xaos dərinləşirdi. İnflyasiya 1200%-ə qədər yüksəlmişdi. İqtisadi sistem çökürdü. Elektrik enerjisinin verilməsində problemlər yaşanırdı. Çörək başda olmaqla ərzaq qıtlığı meydana gəlmişdi. Uzun növbələr yaşanırdı.
- Azərbaycanın yaxın vaxtlarda bir dövlət kimi süqut edəcəyini gözləyən xarici qüvvələr Bakı nefti ilə bağlı öz planlarını hazırlamağa başlamışdı.
Göründüyü kimi, Heydər Əliyevin qarşısında çox çətin bir sınaq var idi. Böyük siyasi təcrübəyə və xalqın dəstəyinə sahib olan Ümummilli lider yorulmadan problemləri həll etmək üçün işləyirdi.
Heydər Əliyev əvvəlcə qiyamçıları sivil yolla neytrallaşdırdı. Silahlı qüvvələrin Bakıya girişinə əngəl oldu. Azərbaycanda qiyamçı xunta rejiminin qurulmasını önlədi.
Ardından yeni hakimiyyət quruculuğu başladı. Xalqın etimadını doğrultmayan, öz vəzifəsini “dondurub” gözləmə mövqeyinə keçən keçmiş hökumət üzvləri vəzifədən uzaqlaşdırıldı. Təcrübəli kadrlar irəli çəkildi.
Xalqın dəstəyi ilə Ulu öndər separatçı ünsürləri təmizlədi. Azərbaycanın müdafiə, xarici siyasət, iqtisadiyyat və neft strategiyası formalaşdırılmağa başlandı.
İşğalın genişlənməsinin qarşısını almaq və ərazi bütövlüyünü bərpa etmək üçün səfərbərlik elan edildi. 1993-cü ilin payızında işğala qarşı müdafiə səddi quruldu. Tərtər və Beyləqan rayonlarının müdafiəsi təşkil edildi. Füzuli, Cəbrayıl və Ağdamın bir hissəsi düşmən işğalından azad edildi.
Müharibə danışıqlar yolu ilə dayandırıldı. Azərbaycan danışıqlar masasında həm işğalı tanımadı, həm də Qarabağdakı qondarma rejimi tərəf olaraq qəbul etmədi. Qarabağla bağlı beynəlxalq arenada fəal iş başlandı.
Heydər Əliyevin rəhbərliyi altında, İlham Əliyevin fəal iştirakı ilə Azərbaycanın neft strategiyası formalaşdırıldı və 1994-cü ilin oktyabrında “Əsrin müqaviləsi” ilə Azərbaycan iqtisadiyyatı üçün yeni bir səhifə açıldı.
1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə yeni cəhdlərin qarşısı alındı. Ulu öndər dövlətin və xalqın iradəsinin bütün silahlı ünsürlərdən güclü olduğunu şəxsən ortaya qoydu.
Möhkəmlənən dövlətçilik nəticəsində iqtisadi sistem quruldu. 1996-cı ildə 6 il sonra Azərbaycanda inflyasiya iki rəqəmli həddə qədər endi və bir daha Azərbaycan hiperinflyasiya ilə üz-üzə qalmadı.
Heydər Əliyev Azərbaycanı bir dövlətin görə biləcəyi ən ağır faciələrdən xilas etdi. Möhkəm dövlət strukturu formalaşdırdı. Ümummilli liderin qurduğu dövlət sistemi 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Tarixi Qarabağ zəfəri, 30 il sonra bütün ölkədə bərqərar olan suverenlik, xaos dövlətindən regional gücə çevrilən Azərbaycan, Heydər Əliyev siyasi kursunun qalib lider İlham Əliyev tərəfindən davam etdirilməsinin nəticəsidir.
Yaxın günlərdə mərhum ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ili tamam olacaq. Heydər Əliyevin xalqımız qarşısında xidmətlərini yada salmaq, onun müdrik siyasəti nəticəsində bu gün təhlükəsiz və qalib ölkədə yaşadığımızı xatırlatmaq tədqiqatçı kimi borcumuzdur. Bu gün İlham Əliyevin rəhbərliyi altında inkişaf edən, regional gücə çevrilən Azərbaycan, o cümlədən Qarabağda və bütün ölkədə aparılan quruculuq işləri, böyük qayıdış prosesi şüphəsiz Heydər Əliyevin gerçəkləşən ideallarıdır.



