Xəbərlər

Hicran Hüseynova MİMTA Fondunun qonağı olub

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru, tarix üzrə fəlsəfə doktoru, professor, millət vəkili Hicran Hüseynova Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun qonağı olub.

Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun icraçı direktoru Pərviz Əmirov, MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu, “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu və STM-in sektor müdiri, “FÜYUZAT tv”nin aparıcısı Tural İsmayılov qonaqla görüş keçirib.

Görüş zamanı Azərbaycanda ictimai-siyasi fikrin formalaşmasında medianın rolundan, tarixi və milli dəyərlərimizin təbliğindən danışılıb.

Bundan başqa, MİMTA Fondunun yaranmasından və həyata keçirdiyi layihələrdən, eyni zamanda “Füyuzat” jurnalı, onun tarixi və bugünkü fəaliyyətindən bəhs edilib. “Füyuzat” irsinin dünən və bu gün etibarilə dövlətimizin hər zaman yanında olduğu qeyd edilib. Bundan sonrakı hədəf və məqsədlər, MİMTA Fondunun milli dəyərlərin təbliği istiqamətində atılacaq addımlarından danışılıb.

Qeyd edək ki, görüş zamanı qonağa 1914–1916-cı illərdə nəşr olunan “Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusu hədiyyə olunub.

Öz növbəsində Hicran Hüseynova MİMTA Fonduna, “Füyuzat” jurnalına və “FÜYUZAT tv”yə fəaliyyətində uğurlar arzulayıb, səmimi söhbət və qonaqpərvərliyə görə təşəkkür edib.