Xəbərlər

Hindistanda cadugərlikdə şübhəli bilinən beş ailə üzvü öldürülüb

“Hindistanın Bihar əyalətində polis Temta kəndinin sakinlərinin cadugərlikdə günahlandırdığı bir ailənin 5 üzvünü öldürdüyü iddiası ilə üç nəfəri həbs edib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “CBS News” məlumat yayıb.

Purnea bölgəsi üzrə polis rəisinin müavini Pramod Kumar Mandalın sözlərinə görə, təxminən 50 nəfərdən ibarət dəstə gecə saatlarında evə soxularaq bir ailənin beş üzvünü, o cümlədən üç qadını qətlə yetirib. Daha sonra cəsədlər yandırılıb.

Sağ qalan yeganə şəxs ailənin 16 yaşlı oğlu olub və o, hücumun təfərrüatlarını polisə danışıb.

Rayon polis rəisi Şirin Səhravat istintaqın davam etdiyini və polisin cinayətdə əli olanların hamısını həbs etməkdə qərarlı olduğunu deyib: “Bir çox kəndlilər istintaqla əməkdaşlıq etmir, amma biz işi tamamlayacağıq”.

Cadugərlikdə günahlandırılan insanlara qarşı hücumlar hələ də Hindistanın bəzi yerlərində və digər Cənubi Asiya ölkələrində baş verir. Hüquq müdafiəçiləri deyirlər ki, cadu ilə bağlı xurafatlar çox vaxt ucqar rayonlarda belə faciələrə səbəb olur.