Xəbərlər

Hizbullaha Naim Qasim rəhbərlik edəcək

Livanın Hizbullah hərəkatının yeni lideri Naim Qasım seçilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə təşkilat bəyanat yayıb.

“Şura (Hizbullahın əsas idarəetmə orqanı – Red.) Şeyx Naim Qasımı hərəkatın yeni baş katibi seçib”, – bəyanatda qeyd edilib.

Sənəddə deyilir: “Biz Hizbullahın məqsədlərinə nail olmaq üçün birlikdə çalışmağa və müqavimət alovunu və onun bayrağını qələbə əldə olunana qədər ucaltmağa söz veririk”.

Şeyx Naim Qasım Hizbullah veteranıdır və 1991-ci ildən baş katibin müavini vəzifəsində çalışır. O, bu vəzifəyə 1992-ci ildə İsrail helikopterinin hücumu zamanı Livanın cənubunda həlak olan Abbas Musəvinin hərəkata rəhbərlik etdiyi vaxt təyin edilib.

Qasım siyasi fəaliyyətinə 1974-cü ildə imam Musa Sədr tərəfindən qurulan Məzlumlar Hərəkatında (indiki Əməl hərəkatı) başlayıb. Daha sonra, 1979-cu ildə İran İslam inqilabından sonra o, 1982-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun yardımı ilə Hizbullahı yaradan bir qrup gənc fəala qoşulub.

Hizbullahın yeni baş katibi 1953-cü ildə Beyrutun Basta əl-Taxta rayonunda anadan olub, ailəsi Livanın cənubunda yerləşən Kafr Kila şəhərindəndir. Ailəlidir, altı övladı var.