Xəbərlər

Hollandiya Ukraynaya F-16 üçün hava-hava raketləri verəcək

Hollandiya Ukraynaya F-16 üçün hava-hava tipli raketlər, həmçinin 80 milyon avro dəyərində ehtiyat hissələri və müxtəlif avadanlıqlar tədarük edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Hollandiya Müdafiə Nazirliyi məlumat yayıb.

“F-16-ların texniki xidmət üçün dəstəyə və ehtiyat hissələrinə ehtiyacı var. Onlar bunsuz uça bilməzlər, buna görə də Hollandiya Ukraynaya 80 milyon avro dəyərində müxtəlif avadanlıqlar tədarük edəcək. Bura çoxlu sayda ehtiyat hissələri ilə yanaşı, generatorlar, kiçik avtomobillər, lazımi texniki xidmət materialları, xüsusi alətlər və nərdivanlar da daxildir”, – deyə məlumatda bildirilib.

Təhlükəsizlik səbəbi ilə dəqiq rəqəmlər açıqlanmayıb. Həmçinin vaxt dəqiqləşdirilməyib, sadəcə silah və texnikanın “mümkün qədər tez” göndəriləcəyi bildirilib.

Hollandiya Ukraynaya F-16-ların tədarükü və hərbi pilotların hazırlanması üzrə koalisiyada əsas rollardan birini oynayır.

Britaniyanın “The Times” qəzetinin yazdığına görə, Ukrayna artıq Hollandiyadan altı ədəd F-16 alıb.