Ədəbiyyat

Humayun

Loğman xəstənin uyuduğu çadırdan çıxıb Babur şahın hüzurunda ikiqat əyilərək təzim etdi; hökmdar əlinin işarəsiylə oturmasını bildirincə taxtla üzbəüz xalının üstündə əyləşdi. Bir şey söyləməsə də, Loğmanın səssizliyi, səyriyən üzünün pərişan ifadəsi xəstənin halını bəlli edirdi.

Babur şah Loğmanın qərarsızlığını duyunca:

– Məndən heç nəyi gizləmə, – dedi.

Loğman suçlu insanlar sayaq baxışlarını şahdan yayındıraraq:

– Əlahəzrət…

Babur şah onun sözünü kəsərək sərt səslə:

– Gözlərimin içinə baxaraq danış, – dedi.

Loğman özünü toparlayaraq:

– Əlahəzrət, xəstənin vəziyyəti ağırdı, daha nələr etmək gərəkdiyini söyləməkdə acizəm. – Bir anlığa nəfəsini dərərək sözlərinə davam etdi. – Nə yazıqlar ki, müalicənin səmərəsi yoxdu.

İyirmi iki yaşlı Humayun Babur şahın ilk övladıydı. Hökmdar oğluna o qədər bağlıydı ki, yalnız səltənətini deyil, həyatını, gələcəyini onsuz təsəvvür eləyə bilmirdi. Humayun xəstələnəndən bəri Babur şahın gözlərində dünya dəyişmiş, həyat büsbütün dəyərini itirmişdi. Yurdun müxtəlif səmtlərindən dəvət olunan loğmanlar, təbiblər xəstənin dərdinə əlac edə bilmirdilər. Himalayın əlçatmaz yüksəkliklərindən, sıldırım qayalardan dərilmiş güllərdən, çiçəklərdən hazırlanan məlhəmlər faydasız idi. Həkimlərin bütün səylərinə baxmayaraq Humayunun halının get-gedə ağırlaşması Babur şahı için-için yeyir, həyatdan soyudurdu.

Sarayda da hər şey düzənini itirmişdi; bütün əyan-əşrəf yalnız onun sağalıb ayağa qalxması barədə düşünür, hər hansı məsələ ilə bağlı hökmdara söz söyləməyə cəsarət etmirdilər.

Neçə gündən bəriydi ki, xəstəni Sənbəldən Dehliyə, daha sonra Aqraya gətizdirmişdi. İbrahim Ludinin anasının əliylə yeməyinə zəhər qatılandan sonra ən sadiq adamlarına belə ehtiyatla yanaşırdı, bu üzdən oğlunun öz nəzarəti altında müalicə olunmasına qərar vermişdi. Əslində, gəzdiyi-gördüyü yerlər içərisində Kabilin təbiətinə bənzərini xatırlamır, bəlkə, oranın havasının oğlunun şəfa tapmasına kömək edəcəyini düşünürdü. Ancaq xəstəni indiki halında gəzdirmək də ağılsızlıq olardı.

Loğman çıxandan sonra Babur şah oğlunu yoxlamaq üçün onun çadırına girəndə xəstənin soluxmuş baxışları məchul bir nöqtəyə zillənmişdi. Günlərlə davam edən qızdırma Humayunu üzmüş, incəltmiş, tanınmaz hala salmışdı. Üzündə, gözlərində həyat eşqi qaynayan o gəncdən əsər-əlamət qalmamışdı.

Atasının gəlişini duyunca Humayun yerində qımıldandı, ancaq başını yastıqdan qaldırmağa taqəti çatmadı. Babur şah oğlunun yatağı yanında yerə çöküb onun əllərini ovcuna aldı, barmaqlarına yüngülcə sığal çəkdi. Oğlunun əlləri od tutub yanırdı. Baxışları qarşılaşınca uşağın gözlərində yaş gilələndi. Hökmdar ipək dəsmalla onun göz yaşlarını sildi, toxtaqlığını itirməmək üçün içində düyünlənən qəhərini uddu.

Babur şah Humayunun ona zillənən baxışlarının dərinliyində lal bir ümidsizliyin sayrışdığını duydu. Oğlunun səhhəti Aqraya döndüyü ilk günlər belə ağır deyildi. O zaman övladının çöhrəsində tezliklə sağalıb ayağa duracağına daha çox ümid bəslədiyi hiss olunurdu. İndi isə o ümid işartıları tamam öləziyib sönmüşdü. Qızdırmanın təsirindən hərdən xəstənin sayıqlaması tuturdu, anlaşılmayan sözlər söyləyir, çöhrəsi rəng verib rəng alırdı, bəzən isə onu soyuq tər basır, bir müddət huşunu itirirdi.

* * *

Xatunu Maham bəyim bir anlığa belə oğlunun yanından çəkilmir, bütün günü xəstəyə özü qulluq edirdi. Övladının göz görə-görə əriyib getməsinə dözə bilməyən qadının ümidsizcəsinə ondan çarə diləyən baxışları Babur şahı əzir, ağrıdırdı. Təkcə Maham bəyim deyil, qızları Gülrənglə Gülbədən də gecə-gündüz qardaşlarının yatağı yanında növbə çəkir, xəstənin hər bir istəyini can-başla yerinə yetirirdilər.

Öylədən sonra Maham bəyimin dəvətiylə Mir Əbülqasımın saraya gəldiyi xəbəri veriləndə Babur şah özünü ələ alaraq taxta sarı yeridi. Mir Əbülqasım nüfuzlu din xadimi olsa da, əslində, Babur şah oğlunun xəstəliyi ilə bağlı onun məsləhətlərinin bir fayda verəcəyinə inanmırdı. Xəstənin belə ağır durumunda qosqoca təbiblər aciz qalmışdısa, o neyləyə bilərdi ki? Ancaq suda boğulanın saman çöpündən tutmaqla xilas olacağını düşündüyü kimi, xəstənin indiki halında zərrəcə işıq ucu görünən hər şeydən yapışmaqdan savayı çarəsi yox idi. Bir yandan da oğlu xəstələnəndən gecəsi-gündüzü olmayan xatunu Maham bəyimin qəlbini qırmaq istəmirdi.

Babur şahın özündə olmadığını duyan Mir Əbülqasım hökmdarın önündə təzim edərək söhbəti uzatmadan:

– Əlahəzrət, xəstənin şəfa tapması üçün bir qurban niyyət edin, – dedi.

Şahdan cavab gəlməyincə:

– Sizin bahalı bir almaz daşınız vardı… Səhv etmirəmsə, İbrahim şahla savaşda qənimət kimi ələ keçirilmişdi. Onu nəzir deyə bilərsiniz, – sözünü tamamladı.

Babur şah xəzinədarı çağırtdıraraq qiymətli almaz daşını – kuhinuru gətirməsini əmr etdi. Xəzinədar çox keçmədən içəri girərək qızıl tabaqda bəzəkli bir mücrünü hökmdara təqdim etdi.

Şah mücrünü əlinə alaraq qapağını açdı və qırmızı məxmərə bükülmüş almaz daşı çıxardı. Daşın gözqamaşdırıcı parıltısı bir andaca sarayın tutqun hücrəsinə işıq saldı.

Şah almazı çevirib diqqətlə o üz-bu üzünə göz gəzdirdi. Sonra dəyərsiz bir əşya kimi təkrar məxmərə bükərək mücrüyə qoydu.

– Bunumu nəzir etməmi istəyirsən? – sordu və bir anlığa baxışları toqquşunca Mir Əbülqasımın gözlərini yayındırdığı nəzərindən qaçmadı. “Olmaya bu daşı nəzir adına mənimsəmək istəyir”, – şah bir anlığa zehnindən keçirdi, ancaq oğlunun can çəkişdiyi indiki məqamda belə fikirlərlə beynini yoracaq ovqatda deyildi, ona görə də etinasız halda əlavə etdi: – Humayunun dünya malında gözü yoxdu, onun yolunda bu qiymətli daşın nə dəyəri olacaq ki…

Mir Əbülqasım nə deyəcəyini bilmədiyindən susdu.

Babur şah qəfildən yerində dikələrək:

– Özümü qurban demək istəyirəm, – sözlərinə bir qədər ara verərək, – bilirəm ki, Humayunun məndən qiymətli sərvəti yoxdu, – dedi.

Mir Əbülqasım hökmdarın bu qərarından səksəndi:

– Yox, yox, əlahəzrət, özünüzü qurban deməyin. Ürəyimə damıb ki, nəzir-niyazdan sonra Humayun sağalıb ayağa duracaq. Ancaq sizsiz bu böyüklükdə məmləkətin taleyinin necə olacağını təsəvvür edirsinizmi?

Hökmdar ayağa qalxaraq:

– Yox, artıq qərarımı verdim. Oğlumun əzablarına dözə bilmirəm, – dedi və cəld addımlarla bağçaya çıxdı.

Qürub çağıydı. Babur şah dəstəmaz alıb əynini dəyişdi, yatağında qızdırmadan yanıb qovrulan Humayunun başına üç dəfə fırlandı, dodaqlarının altında oğluna şəfa diləyərək özünü qurban dedi. Sonra səcdəgaha girdi, namazını qılaraq duasını təkrarladı:

– Uca Rəbbim, sənə məxsus olan canımı qurban deyirəm. Humayunun azar-bezarının mənə gəlməsini, onun tezliklə şəfa tapmasını diləyirəm. Yaradanım, oğlumun nicatı üçün sənin böyüklüyünə pənah gətirirəm, öz qüdrətini göstər…

Babur şah duasını bitirərək səcdəgahdan çıxdı. Sanki üstündən dağ götürü­lübmüş kimi rahat nəfəs aldı.

Uzaqdan gələn musiqi səsini duyunca ixtiyarsız olaraq ayaq saxladı. Humayun yatağa düşəndən ruhunu qaramat basmış, qulağı belə səslərə yadırğamışdı. Səsindən gənc olduğu sezilən xanəndə “Humayun” muğamını oxuyurdu. Mirzə Mənsur Təbrizinin oğlunun şərəfinə qoşduğu bu dəstgahı illər öncə Kabil sarayında düzənlədiyi bir ziyafətdə dinləmişdi. İllah da muğam üstündə Nəsimidən, Nəvaidən oxunan qəzəllər onu əməlli-başlı sehrləmişdi. Sonralar “Humayun” dəstgahını dinləmək niyyətiylə dəfələrlə Mirzə Mənsuru başının dəstəsiylə saraya dəvət edərək ağırlamışdı.

İndi ustad xanəndənin vaxtsız ölümündən sonra ilk dəfə idi ki, “Humayun” muğamının belə yanıqlı oxunduğunu eşidirdi. Sanki səs keçmişlərdən, tarixin sirli toranlıqlarından gəlir, işıq, aydınlıq adına var olan hər şeyi alıb aparır, yer üzünü dərdə, qüssəyə boyayaraq çıxıb gedirdi. Udun boğuq sədaları altında xanəndənin həzin avazı ruhunu sızladır, içini, varlığını yeyir, bitirirdi. Oğlunun şərəfinə bəstələnən muğamın nədən bu qədər dərdli olduğunun sirrini anlamağa çalışır, içinə axan göz yaşlarının selində boğula-boğula xanəndənin səsinin dərinliyində dünyanın taleyi, gələcəyi ilə bağlı ona məlum olmayan nələrinsə gizləndiyini duyurdu.

Ay doğmuş, gecəni gümüşü rəngə boyamışdı. Ağır addımlarla Camna çayının sahilinə endi. Ayın aydınlığında səssiz-səssiz axan suyun ləpələri par-par parıldayırdı. Hökmdar sahildə yastı bir daş üstündə oturub uzun müddət suyun səssiz axışını dinşədi. Qayğılı çağlarında dəfələrlə sahilə enərək beləcə suyun sehrinə dalmışdı, ancaq ilk dəfə idi ki, çayı bu rəngdə, bu halətdə görürdü.

Xəyallar onu alıb uzaqlara apardı. Səmərqənd uğrunda savaşlar, Kabilin alınması, İbrahim Ludi ilə döyüşü, Hindistanın fəthi, daha nələr-nələr uzaq, sirli mənzərə kimi gözləri önündən gəlib-keçirdi. Zamanın bunca sürətli axışına inanmağı gəlmirdi; indi ömrünün qırx yeddinci payızını yaşayırdı. Sanki olub-bitənlər göz qırpımındaca baş vermişdi.

* * *

…Gecədən xeyli keçmiş hökmdarın səhhəti qəfildən ağırlaşmağa başladı. Şah kimsəyə bildirmədən yatağına uzanaraq uyumaq istəsə də, ağrının şiddətindən yata bilmədi. Yalnız səhər üzü azacıq mürgüləyincə Humayun yuxusuna gəldi; mələklər oğlunun başı üstündə layla çalır, qanadları ilə üz-gözünə sığal çəkirdilər.

Səhər açılınca vəziyyətdən hali olan xatunu Babur şahı yoxlamaq niyyətiylə sarayın baş təbibini çağırsa da, hökmdar müalicəyə lüzum görmədiyini bildirərək onu qəbul etmədi.

Şah qızdırmanın hərarətindən dodaqları titrəyə-titrəyə Humayunu soruşdu və oğlunun səhhətinin yüngülləşdiyi xəbərini duyunca dualarının Allaha ulaşdığını anlayaraq rahat nəfəs aldı. Elə həmin gün hökmdar ağır xəstə olmasına baxmayaraq saray əyanını toplayıb Humayunun vəliəhdliyini təsdiqlədi və hakimiyyəti oğluna təslim etdi.

Sonra isə ona zillənən sual dolu baxışların ağırlığı altında xəstəliyi ilə uyuşmayacaq ötkəmliklə vəsiyyətini dilə gətirdi:

– Məni Kabildə dəfn edərsiniz…

Hökmdarın səsində elə bir əminlik vardı ki, kimsə təsəlli xatirinə bir söz söyləməyə cürət etmədi.

…Bu hadisədən üç gün sonra Babur şah onu yoxlamağa gələn oğlu Humayunun qolları arasında dünyaya gözlərini yumdu.

Böyük türk xaqanının vəsiyyətinə doqquz il sonra əməl olundu.

Vaqif Sultanlı

8-10 fevral 2019, Yeni Dehli-Aqra, Hindistan