Ədəbiyyat

Təbriz harayı

Mən qorxuram, Xəlil Rza,
Uzaq olsun səndən qəza, Xəlil Rza!

Xəlil Rza Ulutürk bu misraları 1984-cü ildə yazmışdı – öz ölümündən 10 il, oğlunun ölümündən 8 il əvvəl… Başı müsibətlərdən uzaq olmayan Xəlil Rza bircə o qəzadan uzaq oldu. Ona görə də ölmədi: “Ölümündü həmin qəza, Xəlil Rza!” Ulutürk ölümündən sonra da ölmədi. Çünki qorxduğu şeydən uzaq durdu:

“Mən qorxuram…
İllər boyu “Mən! Mən!” deyən,
Fəqət çələng alan kimi
Mənliyini təslim edən bir yazığa oxşamaqdan”.

Ulutürk heç vaxt kiməsə xoş gəlmək üçün bir kəlmə də yazmadı. Çünki o, Vətənin şairi idi. Yoxsa “tək adamlıq kamerada başına su daman” Şeyxzadələrin, “dustaq məzarında yata biməyən” Cavidlərin, “ilhamı yaralanan” Müşfiqlərin dərdini belə dərindən duya bilməzdi. Bu qədər dərd azmış kimi, Təbriz dərdini də qəlbində daşıyan şairin “dağ sinəsindəki çarpaz dağlara” 90-cı il hadisələri ərəfəsində bir dərd də qarışır: Vətən dərdi. Oğlunu Vətən yolunda qurban verdikdən sonra isə şairin Təbriz harayı hər misrasından, hər kəlməsindən yayılır. Ulutürk üçün müqəddəs olan və oğlunun adında bir daha ülvilik qazanan Təbriz sözü bir də Şəhidin adı kimi əlçatmaz ənginliklərə yüksəlir. Ulutürk Təbrizinin məzarına Təbrizdən – Şəhriyarın məzarından şair Qardaşxanın torpaq gətirməsi ilə bağlı yazır:

“Əlində bir kisə torpaq,
O tay… Təbriz göndərib, bax.
Sən – tapınaq, o – tapınaq.
Cüt Təbrizi qovuşduraq…”

Bəlkə də, Vətən şairinin “tabutun altında göynəyən əlinə” hərarəti, od tutub yanan qəlbinə sərinliyi yalnız Təbrizin torpağı verə bilərdi.

“Təbrizə gedən yollar sərhəddən keçmir ancaq,
gözdən, könüldən keçir…”

Xəlil Rza, bəlkə də, gündə min yol Təbrizə gedirdi; gözdən, könüldən keçən yollarla… Təbriz radiosunun dalğasını tutmaq üçün xeyli əlləşir:

“Qarşımda dalğatutan,
Özüm antena kimi dayanmışam yanında…
Səsin gəlsin, Təbrizim!”

Təbrizin səsi gəlir. Amma hansı dildə? Şairin bu qədər əzab-əziyyətinə dəyirmi bu yad dildə səslənən sözlər?

“…Ey şəhid, ey şəhid,
Xuni tu iftixar…”
“O qədər doğmasan ki,
Hətta yadlar dilində doğmalığın bilinir.
Radionu az qala söykəyirəm köksümə,
Dinlədikcə səsini işıq gəlir gözümə…”

Vətəninin didərgin düşmüş bir parçasından gələn səsi (yad dildə də olsa) acgözlüklə dinləyən həssas şair qəlbi heç vaxt səsini eşitməyəcəyi bir parçasının ölümündən də sınmır. Bu şəhadətdəki ucalığı bir Vətən şairi kimi duyur. Şəhid oğlunun Milli Qəhrəman adına layiq görülməsi xəbərini “şad xəbər” adlandırır. Amma bu Vətən şairinin Vətən sevgisi ilə dolub-daşan cahan boyda qəlbi həm də həssas ata qəlbi idi. Təbriz Xəlilbəyli ilə bağlı Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş “Ulutürkün Təbrizi” adlı sənədli filmdə şairin qələm dostları yekdillilklə qeyd edir ki, Təbriz öləndə Xəlil ağlamadı. Amma şairin bacısı Ulduz xanım deyir: “Deyirlər, Xəlil ağlamadı. Yox. Xəlil ağladı, özü də ki hönkürtü ilə ağladı…”

Xəlil Rza heç vaxt qəzaya boyun əymədi. Başı düşmən əlində olanda da dili həmişə Təbriz harayladı. Həm oğul Təbriz, həm Vətən Təbriz. Ona görə də Xəlil Rza öləndən sonra da ölmədi…

Nuridə İsmayılova