Ədəbiyyat

Köşk

Bura balaca bir kənd idi. Vur-tut 10 evdən ibarət olardı, ya da olmazdı. Amma bu balaca kənd qəribəliklərlə dolu idi. Elə dünən axşamı götürək. Qonağı yemək üçün yerdə əyləşdirmişdilər. Göy kətəsi, quzu kababı, ayran və daha nələr qoymuşdular. Birdən bu cılız oğlan gördü ki, evin 15 və 17 yaşlarında 2 oğlu əllərində balta-bel başlarının üstündə durublar. O dəqiqə barmağını dişlədi, ürəyində fikirləşdi: “Bax yenə səhv etdim. Tanımadığım bir kənddə, tanımadığım bir evə niyə girdim axı. Öldürəcəklər. Heç kəsin də xəbəri olmayacaq… Yoxsa başımın üstündə niyə dururdular?”

 – Qardaş, niyə yemirsən? Nuş elə. Bizdə qonağı qapıdan ac qaytarmazlar.

Ev sahibi olan orta yaşlı kişinin bu səsindən diksindi. Boğazından yeməyi güclə keçirə-keçirə bir-iki tikə yedi. Yemək süfrəsindən sonra çay gəldi. Amma nə çay. Yanında hər cür şirniyyat, mürəbbə… Yenə də uşaqlar əllərində “silah” durmuşdular. Çay süfrəsindən sonra hamı rahatlandı. Qonaq öləcəyi anı səbirsizliklə gözləsə də, gördü ki, yox. Bunu öldürməklə işləri yoxdur. Ürəyi dözmədi. Ev sahibindən bu “silah” məsələsini soruşdu. İtirəcək nəyi qalmışdı ki. Bir də bir az tez öldürsünlər. Bu vaxt kişi gülüb dedi:

– Qardaş, bəs dərdini bayaqdan deyərdin də. Mən də deyirəm, niyə yemirsən. Bu kənddə o qədər siçan olur ki, uşaqlar qovalamasa, yeməyi əlimizdən qaparlar.

– Bəs niyə dərman qoymursunuz?

– Ay qonaq qardaş, onlar da Allahın yaratdığı canlıdır, biz də. Bizə kim o haqqı verir ki, Yaradanın siçanını öldürək. Səni sağ ol, biz də yemək istəyirik, onlar da…

Səhəri magistral yolu tapıb şəhərə getdi. Bir taksiyə minib kağızda adresi sürücüyə verdi və dayısıgilə çatdı. Həmin gecə dayısı Əmrah kişigilin evinin işığı sönmədi. Xeyli götür-qoydan sonra Əmrah dayı bu fərasətsiz, heç yerdə qərar tuta bilməyən bacısı oğlu Vaqifi küçədə qoymamağı, bir işə ilişdirməyi qərara aldı. Amma möhkəm tapşırdı ki, heç kəslə bir kəlmə artıq söz danışmasın. Dayı binanın həyətində kiçik bir köşk açdı. İçinə xırdavat şeylər alıb yığdı və Vaqifi köşkə satıcı qoydu. Şərt qoydu ki, gündəlik qazancın yarısı mənimdir. Elə ona kömək etməsinin də səbəbi azdan-çoxdan qazanacağı bu pul idi… Vaqif də bunu başa düşürdü, amma başqa çarə yoxdu. Satıcılığa başladı, amma nə satıcılıq…

İlk gündən hər axşam dayısının yanına gəlib deyirdi ki, bəs heç nə satılmadı. Dayı məəttəl qalırdı ki, heç olmasa onlardan iki mərtəbə yuxarıda yaşayan qoca Allahverdi kişi uzaqdakı mağazaya getməkdənsə, beş qəpik baha da olsa, gündəlik siqaretini buradan alardı. Axırda dayı bu bacarıqsız oğlanı izləməyə başladı. Alver pis getmirdi. Elə Allahverdi kişi bu gün çəkəcəyi iki qutu siqareti səhər erkəndən aldı. İki balaca oğlan uşağı da saqqız alıb getdilər. Sonra bir qız saç rezini aldı… Əmrah dayı hər işi yaxşıya yozan adam idi. Fikirləşdi: “Bəlkə, təkcə bu gün alver yaxşı gedib”. Evə qayıdıb axşamı gözlədi. Vaqif isə axşam gələndə yenə eyni sözləri dedi. Əmrah dayı həmişəki təmkinini pozmadı, yenə sabahı gözlədi. Axı axşamüstü köşkdəki malların hamısı – hətta bayaq gözünün qabağında satılan siqaret, saç rezini və s. yerində idi.

Sabahkı müşahidələrdən sonra Əmrah dayı peşman oldu. Bu köşkü açanda Vaqifin adam olacağını düşünmüşdü. O köşk onun üçün ümid idi. Amma olmadı. Sən demə, Vaqif malları baha qiymətə satır, axşam olanda gedib marketdən bir az ucuza alıb yerinə qoyur. Ona qalan pulla da qumar oynayır.

Əmrah dayının son ümidləri də puç oldu. Axşam Vaqifə sən sağ, mən salamat deyib yola saldı.

Vaqif gecə küçəyə çıxdı. Hara getsin? Yolu azıb səhvən getdiyi kəndi indi düz yolla gedib tapa bilməzdi. Nə etsin? Soyuq da iliklərinə işləyir. Get-gedə başı da dumanlanırdı. “Mən indi nə edim? Hansı qapını döyüm? Bütün işıq gələn qapıları bağladım. Hara gedim axı?” Bu fikirlər beynində dolana-dolana mərkəzə çıxdı. Və birdən böyründə bir ağrı hiss etdi. Dəhşətli, nəfəsini kəsən bir ağrı. Maşın vurmuşdu. Başına xeyli adam toplaşmışdı. Get-gedə ağrısı keyləşən, ayaqları soyuyan Vaqif indi dünyanın xoşbəxti idi. Dünyanın düz vaxtı heç kəsin adam yerinə qoymadığı bu gənc üçün nə qədər adam bu gecənin soyuğunda gəlmişdi. Soyuq ayaqlarından yuxarı çıxdıqca Vaqifi xəyallar ağuşuna alırdı. Hələ uşaqlıq illərini, anasını xatırladı. Onda da anasından başqa hamının ondan zəhləsi gedirdi. Dəcəl, dələduz, yersiz hərəkətlərinə görə  hamının tənbeh etdiyi Vaqifi bircə anası sevirdi. Elə o da bircə anasının yanında, həqiqətən, yaxşı uşaq olurdu. Axı ana onu sevirdi. O günləri xatırladı ki, anasının əlindən tutub küçələrinin başındakı balaca ərzaq dükanına gedirdi. Xoşbəxt idi. Anası dünyaya gözünü yumanda xoşbəxtlik də küsüb getdi. Axı onda o bu anların elə xoşbəxtlik olduğunu başa düşməmişdi. Bax xoşbəxtlik belə şeydi. Bir az məhəl qoymayan kimi küsüb gedir. İnsanın bir vaxt necə xoşbəxt olduğunu düşündüyü an xoşbəxtliyin uçduğu andır. Vaqif bu xoş xəyalların ağuşunda dünyaya gözünü yumdu.

Siçanlara da mərhəmət edən tapılmışdı. Amma ona yox. Çünki pis adam idi. Bircə anasının yanında yaxşı adam olurdu. Daha anası da yox idi.