Məfkurə Xəbərlər

Hürriyyət

Hürriyyət!.. O necə qüvvədir ki, yalnız adının çəkilməsi belə könlün fərəhinə, qəlbin səfasına səbəb olur?! Zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını ülviyyətə sövq edir!..

Yalnız adını eşidən insanlar uçmaq, yüksəkliklərdə pərvaz etmək istəyirlər!..

O necə qüvvədir ki, onun yolunda neçə-neçə fikirlər, zəkalar, böyük dahilər məhbəslərdə, qürbətlərdə, sürgünlərdə, Sibir çöllərində hər növ əzab-əziyyəti, cəfanı qəbul etdilər?! O necə qüvvədir ki, onun zühuru, bəşəriyyətin ona nail olması bu həngamələrə, bu qiyamətlərə, bu zəlzələlərə, mənəvi zəlzələlərə bais oldu? Məmləkəti başdan-başa bir mübarizə meydanına çevirdi. Bütün əhalini, bütün millətləri firqə-firqə edib, bir-birlərilə o meydanda aramsız mücadiləyə, məcnunanə bir mübarizəyə məcbur elədi.

Ey ilham pərisi! Anlat mənə o nə bəladır, o nə afəti-candır, o nə canandır?

Namiq Kamal, o sənə könül vermiş, aşiq olan böyük ədib səni, ey hürriyyət, ey afəti-dövran, gözəl sima, mələkmisal, fəqət zəncirə vurulmuş bir qız şəklində təsəvvür etmişdi…

Zavallı ədib, o qollar və ayaqlar ki vurulan zəncirlərin qırılıb düşdüyünü ancaq yuxu aləmində görə bilmişdi!..

Biz necə məsud və necə bəxtiyarıq ki, oyaq olduğumuz halda o zəncirlərin həqiqətən qırıldığını, parça-parça olub töküldüyünü görməyə nail olduq!..

Xeyr! Bu, yuxu və ya röya deyil! Billah bu məhz həqiqətdir! Ey illərdən, əsrlərdən bəri üzünə, gözəl camalına müştaq olduğumuz, həsrət çəkdiyimiz hürriyyət!

Bu gün sənin camalını, gözəllik və ucalığını bütün parlaqlığı və dəbdəbəsi ilə, bütün doğuş və qürubu ilə seyr və tamaşa etməyə başladıq!

Ey cahanı həyəcanlandıran dilbər! Camal və gözəlliyini bu xalqa göstərməkdən, şirin sözlərini hər kəsə eşitdirməkdən çəkinmə!

Daim sənin zahir olduğun məkan, gurultulu doğuşun, al-qırmızı qanın nurlarla işıqlandırılmışdır!

Bu müqəddəs Ramazan günlərində belə qırmızı suyun, gül ətirli şərabın məni məst etdi, ey hürriyyət! Bilirəm, mənim bu sözlərim ayıq bir insanın sözünə bənzəmir!..

Sənin bu xalqa olan nemətlərini bir-bir saymaq, qədir-qiymətini, əhəmiyyətini bildirib, layiqiylə şərh etmək yerinə, bu nə bihudə və boş sözlərdir mən danışıram? Mən nə deyim, ey canan!..

Dərdlərə dərman sənsən, sən! Yaralara məlhəm sənsən, sən! Odu-alovu, ürəkdəki yanğını söndürən, ruhdan düşənləri, qəlbi ölmüş duyğusuzları dirildən sənsən, sən! Haqq və həqiqətin bərqərar olmasına, bərabərlik məhkəməsində ədalətin haqlı hökmranlığına yol göstərən sənsən, sən! Hər növ xeyirli işlər uğrunda çalışmaq üçün fikir-xəyala, etiqad və vicdana, hər dildə danışan xətiblərin, yazıçıların, qələm əhlinin nitq və sözünə geniş bir meydan açan sənsən! Bəşəriyyətin ən böyük ehtiyacı, mədəniyyətin tərəqqi və təkamülünün ən güclü təkanverici qüvvəsi olan cəmiyyətlərə, şirkətlərə, ittifaqları, birliklərə tam sərbəstlik verən sənsən, sən! Əlqərəz, insanlar arasında dil və şivə, din və məzhəb, xalq və milliyyət fərqi qoymadan, fikir və amalın nəsim küləyində sərbəst nəfəs almağa icazə verən sənsən, sən!

Yaşa, hürriyyət, yaşa! Buraxın məni, səsim yetdiyi qədər hayqırım: “Yaşa, hürriyyət, yaşa!”.