Bu gün Hüseyn Cavidin Ev Muzeyi və Türkiyə Cümhuriyyətinin İstanbul şəhərinin Bayrampaşa ilçəsində fəaliyyət göstərən Hüseyn Cavid adına orta məktəbin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
“Füyuzat”ın məlumatına görə, muzeyin əməkdaşı Lalə Əliyeva öncə şagirdləri böyük dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən eksponatlar ilə tanış edib.
Daha sonra tədbiri giriş sözü ilə açan Əməkdar mədəniyyət işçisi, f.e.d. Gülbəniz Babaxanlı çıxış edərək ölkəmizdə səfərdə olan həmvətənlərimizi Hüseyn Cavid ocağında görməkdən çox məmnun olduğunu bildirib və sözü Hüseyn Cavid adına məktəbin direktoru f.ü.f.d. Şərqiyə Məmmədovaya verib. Şərqiyə Məmmədova çıxış edərək bildirib ki, 2016-cı ildə İstanbulda məktəbə gedə bilməyən uşaqları təhsilə cəlb etmək üçün “Təhsil Mədəniyyət Sosial Həmrəylik Təşkilatı” və onun nəzdində məktəb yaradılıb və bu məktəbə dahi şəxsiyyət Hüseyn Cavidin adını verilib: “Çünki o, Türkiyə ilə çox bağlı idi və türkçülük amalı uğruna fəda oldu, sürgünə göndərildi. O, böyük şəxsiyyət, dahi yazar idi. Onun yüz il bundan öncə yazdıqları indi bizim türk birliyinin ideyasıdır. Məsələn “Topal Teymur” əsərində o ideyanı elə gözəl qoyub ki, bu gün bizim dövlət başçılarımız o ideyaları həyata keçirməyə çalışır. Ona görə biz məktəbimizə bu böyük şəxsiyyətin adını qoyduq. Bu il bizim 9-cu siniflərimiz məzun olur. Dövlətimizə təşəkkür edirik. Şagirdlərin gəlib burada imtahan verməyi üçün şərait yaratdı. Bu günə qədər 4000-dən artıq müxtəlif yaş qrupu uşağımıza təhsil verib ölkəmizə göndərmişik. Onlar burada komissiyadan keçib təhsillərini davam etdirirlər. Hazırda Hüseyn Cavid adına məktəbdə 600 şagird təhsil alır. Bu məktəbliləri oxutmaq, Vətən üçün faydalı bir vətəndaş kimi yetişdirmək, cəmiyyətə, bəşəriyyətə təqdim etmək üçün müəllimlərimiz ilə birlikdə fədakarlıq göstəririk. Bugünkü tədbirdə ilk məzunlarımız da iştirak edir. Böyük Turan yolçusu Hüseyn Cavidin adını daşıyan məktəbin kollektivi ilə muzeydə bizi qonaq etdiyi üçün muzeyin direktoru Gülbəniz Babaxanlıya öz təşəkkürümüzü bildiririk”.
Daha sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, f.e.d. Lütviyyə Əsgərzadə çıxış edərək bildirib ki, sonuncu ali təhsilini İstanbul Universitetində tamamlayan Hüseyn Cavid Azərbaycan ədəbiyyatında bənzərsiz əsərləri ilə imzasını qoyub: “Xoşbəxtik ki, yüz il öncə Hüseyn Cavidin günahlandırıldığı türkçülük, turançılıq artıq bu gün dövlət səviyyəsində həyata keçirilir və Hüseyn Cavidin arzuları çin olur. Bu o deməkdir ki, Cavid əfəndi öz adını əbədi olaraq tarixə yazmışdır. Onun şəxsiyyəti, yaradıcılığı İstanbulda onun adını daşıdığı orta məktəbdə, bu gün burada yığışdığımız Cavid adına muzeydə böyük şərəflə qorunur, tədqiq olunur, təbliğ olunur”.
Tədbiri məktəblilər davam etdirərək Hüseyn Cavidin əsərlərindən parçalar səsləndiriblər. Muzeyin direktoru Gülbəniz Babaxanlı “Hüseyn Cavid. Seçilmiş əsərləri” və “Ərtoğrol Cavid. Musiqi albomu” kitablarını məktəblilərə hədiyyə edib. Sonda xatirə şəkli çəkilib.