Xəbərlər

Husilər noyabrdan bəri İsrail, ABŞ və Böyük Britaniyaya məxsus 86 gəmini hədəf alıb

Yəməndəki Husilər noyabr ayından bu yana Qırmızı dəniz və Oman dənizində İsrail, ABŞ və İngiltərəyə məxsus 86 gəmini hədəfə aldıqlarını açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Husilərə məxsus “Əl Məsirə” Televiziyası Husilər Hərəkatının lideri Əbdülməlik əl-Husinin çıxışını yayımlayıb.

Husi çıxışında hərəkata bağlı Yəmən Hərbi Dəniz Qüvvələrinin bu həftə 9 gəmini hədəf aldığını, beləliklə də Qırmızı dəniz və Oman dənizində İsrail, ABŞ və İngiltərə ilə əlaqəli olan və hədəfə alınan gəmilərin ümumi sayını artırdıqlarına diqqət çəkib.

Husilərin bu həftə ərzində həyata keçirdiyi 10 əməliyyatda “düşmən” hədəflərinə 37 ballistik raket və pilotsuz uçuş aparatları ilə hücumlar təşkil etdiyini bildirən Husi, əməliyyatların İsrailin Eylat şəhərinə qarşı da həyata keçirildiyini bildirib.

İsrailin Qırmızı dənizdə naviqasiyasının əhəmiyyətli dərəcədə azaldığına diqqət çəkən Husi, bu ölkənin Qəzza zolağına hücumlarının dayanmadığı təqdirdə əməliyyatlarının davam edəcəyini vurğulayıb.

Yəməndə 13 hücum həyata keçirilib

Husi bildirib ki, ABŞ və Böyük Britaniya son bir həftə ərzində Yəmənə dəniz və hava daxil olmaqla 13 hücum həyata keçirib.

“Hücumları əvvəlkilər kimi uğursuzluqla nəticələndi” deyə bildirən Husi əlavə edib ki, sözügedən hücumlar Husilərə bağlı Yəmən silahlı qüvvələrinin imkanlarını məhdudlaşdıra bilməz və Yəmənin Fələstin xalqını dəstəkləmək qərarına təsir etməyəcək.