Xəbərlər

İcma ABŞ-nin dövlət katibini Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb

Qərbi Azərbaycan İcması ABŞ dövlət katibi Antoni Blinkenin və ABŞ-nin digər rəsmilərinin Azərbaycanın daxili işlərinə artıq tendensiya halını almış kobud müdaxilə cəhdlərini kəskin şəkildə pisləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.

Sənəddə indiyədək ABŞ-nin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini, etnik təmizləmə siyasəti həyata keçirməsini, Qərbi azərbaycanlıları deportasiyaya məruz qoymasını pisləməməsindən təəssüf duyulduğu bildirilib:

“ABŞ rəsmiləri torpaqları işğal edilmiş Azərbaycanın, yüz minlərlə məcburi köçkünün, minlərlə itkin ailəsinin deyil, işğalçı Ermənistanın, Azərbaycan cəmiyyətində heç bir nüfuzu olmayan, rüsvay olmuş bir qrup marginal elementin yanında yer aldı. Vətən müharibəsindən sonra bütün bunların, xüsusilə ölkələrin ərazi bütövlüyü və suverenliyinə münasibətdə ABŞ-nin fərqli yanaşmasının bir daha şahidi olduq”.

Bəyanatda həmçinin vurğulanıb ki, ABŞ dinc yolla öz dədə-baba yurdlarına qayıdış xəttini seçən Qərbi Azərbaycan İcmasının Antoni Blinkenə ünvanladığı məktuba də indiyədək heç bir reaksiya verməyib:

“Ancaq Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsində iştirak edən və bu günün özündə də Ermənistanda Azərbaycanın suverenliyini təhdid edən separatçılara qucaq açıb, viza verib, ABŞ-nin müxtəlif təsisatlarında çıxış etmək imkanı yaradıb”.

Eyni zamanda sənəddə qeyd olunub ki, özünü dini azadlıqlara hörmət edən ölkə kimi qələmə verən, “mötəbər” hesabatlar hazırlayaraq ölkələri müxtəlif uydurma siyahılara daxil edən, Qarabağda “erməni irsi”nin vəziyyəti ilə bağlı narahatçılığını ifadə edən ABŞ Azərbaycan xalqının Ermənistan ərazisində zəngin mədəni irsinin dağıdılmasını, təhrif edilməsini pisləməyib:

“Bu kimi səbəblərdən ABŞ Azərbaycan cəmiyyətində olan-qalan nüfuzunu da itirdi. ABŞ “insan hüquqları” mövzusunu, yalan xəbər mediasını, “müstəqil” QHT-ləri Azərbaycana qarşı silah kimi istifadə etməkdənsə, qoy özü ən əsas beynəlxalq insan hüquqları konvensiyalarına qoşulsun”.

İcma həmçinin ABŞ-ni müxtəlif beynəlxalq təşkilatların çoxsaylı hesabatlarında yer almış polis tərəfindən həddindən artıq gücün tətbiq edilməsinə, hüquq-mühafizə orqanlarının irqi əsasda məlumatlar toplaması (racial profiling), strukturlaşdırılmış irqçilik kimi praktikalara son qoymağa çağırıb, silah zorakılığı problemini həll etməyi, məhbuslara verilən işgəncə hallarını və digər qanunsuz əməlləri araşdırmağa çağırıb.