“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) təşkilatlanma prosesində yeni mərhələyə qədəm qoyub. 2025-ci ilin ikinci yarısından başlanan bu mərhələ ilin sonuna doğru daha da aktivləşib.
“Füyuzat“ xəbər verir ki, bu barədə CASCFEN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, İdarə Heyətinin müvafiq qərarına əsasən, artıq təşkilatlanma çərçivəsində regionlar və iqtisadi rayonlar üzrə Təmsilçiliklərin yaradılmasına başlanılıb.

Müvafiq qərarı şərh edən CASCFEN sədri Nadir İsmayılov deyib ki, əgər əvvəllər təşkilatlanma prosesi hər bir rayon üzrə aparılırdısa, indi bu mərkəzləşdirilib: “Hesab edirik ki, biz də fəaliyyətimizi Vətən müharibəsində əldə edilən Zəfərin yaratdığı reallıqlara uyğun qurmalıyıq. Odur ki, yerlərdə təşkilatlanma və yeni üzvlərin qəbulunu daha da mərkəzləşdirilmiş formada reallaşdırmağa qərar vermişik. Bu məqsədlə artıq CASCFEN-in Naxçıvan Muxtar Respublikası və Quba-Xaçmaz İqtisadi Rayonu üzrə Təmsilçilikləri təsis edilib. Eyni zamanda, CASCFEN sədrinin müvafiq təqdimatına əsasən Naxçıvan Müəllimlər İnstitutunun dosenti, CASCFEN sədrinin Türkiyə ilə əlaqələr üzrə müşaviri Ruhəngiz Əliyeva İctimai Birliyin Naxçıvan Muxtar Respublikasındakı Təmsilçiliyinin, Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin baş katibi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, istedadlı şair Aqşin Dadaşoğlu isə Quba-Xaçmaz İqtisadi Rayonu üzrə Təmsilçiliyinin rəhbəri təyin edilib”.

Nadir İsmayılov deyib ki, artıq hər iki Təmsilçilik fəaliyyətə başlayıb: “Təmsilçiliklər hazırda yeni üzvlərin qəbulu, bölgələrdə fəaliyyət göstərən təşkilat və ictimai birliklərlə əlaqələrin qurulması, həmçinin cavabdeh olduqları regionlarda keçirilən yerli və beynəlxalq tədbirlərdə iştirak istiqamətində addımlar atırlar. Bu fəaliyyətlərin həyata keçirilməsi üçün sədr tərəfindən onlara rəsmi təsdiqedici məktublar da təqdim olunub. Bundan əlavə, yaxın vaxtlarda digər iqtisadi rayonlar üzrə də Təmsilçiliklərin müəyyənləşdirilməsi və onların fəaliyyətə başlaması gözlənilir. Bütün bu addımlar həm təşkilatlanmanın daha da operativ şəkildə aparılmasına, həm də İctimai Birliyin bu ilin yayında keçiriləcək növbəti Ümumi Yığıncağına hazırlığın daha yüksək səviyyədə təşkilinə xidmət edir”.



