Qəsbkarlıq anlayışı çağdaş dövrümüzdə mahiyyətini dəyişərək yeni bir qiyafəyə bürünüb. Qəsb indi təkcə torpaq işğal etmək, ölkələrin suveren ərazilərini zəbt etmək deyil. İndi “beyin işğalı” hazırkı dövrün ən ciddi problemidir.
Bizlər bu neqativ tendensiyalara qarşı daim ayıq-sayıq olmalıyıq. Müqavimət gücümüz milli fikrimizin məhvərində dayanmalıdır.
Con Tomlinson mənim sevdiyim düşüncə insanlarındandır. O, 21-ci əsrdə elm və İKT-nin inkişafına baxmayaraq, bundan əvvəlki dövrlərdə ideologiyalara hücumu kültürlərin işğalı hesab edirdi.
Con Tomlinson “Mədəniyyət imperializmi” adlı kitabında bu terminin 1960-cı illərdə ortaya çıxdığını qeyd edirdi. Hansı ki iki Dünya Müharibəsi görmüş bəşər insanının qarşısında silahsız hücum taktikaları hazırlanırdı. Şübhəsiz ki, burada da ilk hədəf millilik oldu. Bu gün də qlobal imperializmin sıradan çıxarmağa çalışdığı birinci nöqtə milli identiklikdir.
Çox yaxşı xatırlayıram ki, hörmətli millət vəkili Hikmət Babaoğlu demokratiya və sair dəyərləri ideologiya kimi təqdim etməyi qəbuledilməz sayırdı. Hətta indi LGBT hüquqları, feminizm və başqa adlarla inqilabçı təsir lobbiləri yaratmağa çalışan sorosçular və bu qəbildən olan imperialist qəsb dairələri gəncləri hədəf kütlə kimi müəyyənləşdirirlər.
Demokratiya heç vaxt milli ideologiya ola bilməz. Demokratiya milli məqsəd ola bilər, milli dəyər ola bilər.
Azadlıq məqsəd ola bilər, ideologiya ola bilməz. Ona görə də imperialist mərkəzlər inkişafda olan dövlətlərə məhz bu dəyərləri ideologiya kimi təqdim etməklə bir növ həmin dövlətləri ideologiyasızlaşdırırlar. Məqsəd isə aydındır: onlar da bilirlər ki, ideologiyasız dövlət ola bilməz. Müasir imperializmin əsas məqsədlərindən biri də ekspansiya obyekti kimi gördüyü ölkələri lidersizləşdirmək, ideologiyasızlaşdırmaq və nəhayət, dövlətsizləşdirməkdir.
Almaniya və Fransada həddindən artıq zorakılıq və həftələr, hətta aylarla davam edən sosial hadisələr yaşansa da, bu hadisələrin ölkənin siyasi sistemində ciddi qeyri-sabitliyə səbəb olacağı və demokratik seçkilərdən başqa hakimiyyət dəyişikliyinə gətirib çıxaracağı gözlənilmir. Bəs Ukrayna, Türkiyə, Tailand kimi ölkələrdə bu cür ictimai hadisələr, kütləvi etirazlar baş verəndə bir çox insanın dərhal ciddi siyasi qeyri-sabitlik, bunun nəticəsində köklü transformasiya və hakimiyyət dəyişikliyi gözləməsinin səbəbi nədir?
Sorosa bağlı olan fondlar adi kiçik bir sosial anlaşılmazlığı həmin anda özünə tabe etdirmək istədiyi ölkələrə qarşı “silaha” çevirir. Çeynənmiş və konkret neoimperialist məqsədlərə alət edilən cinsi azlıqlar mövzusu üzərindən “hesabatlar” hazırlanır və Macarıstan, Türkiyə, Azərbaycan və sair ölkələrə qarşı bu faktoru şişirdərək olmayan böhtanlar yayırlar.
Bütün orta əsr imperiyaları sırf imperializm toxumları olan fəthlər üzərində qurulmuşdu. Çünki torpaq kənd təsərrüfatı inqilabının yeganə sərvət mənbəyi idi. Təbii ki, müharibələr Allah və din adına aparılır, lakin məqsəd torpağı genişləndirməkdir.
Klassik imperializm sənaye inqilabı ilə inkişaf edən kapital sinfinin hökmran olduğu müasir dövlətlər nəticəsində günümüz dünyasını formalaşdırdı, onların milli deyilən, lakin mahiyyətcə sinfi maraqlarını və müharibələr vasitəsilə fəth toxumları geniş əraziyə yaymaq istəklərini artırdı.
Harri Maqdoff 1978-ci ildə Leninin imperializm nəzəriyyəsinə əsaslanaraq yazdığı “Müstəmləkəçilikdən günümüzə İmperializm” adlı kitabında köhnə və yeni imperializm arasında fərq qoyur.
Son dörd onillikdə istehsalın məkan bölgüsündə, qlobal əmək bölgüsündə əhəmiyyətli dəyişikliklər baş verdi. 1970-ci illərdəki böhrandan sonra, əvvəllər daxili təlabata hesablanan idxalı əvəz edən sənayeləşmə modelini tətbiq etmiş bir çox periferik iqtisadiyyatlar ixraca əsaslanan artımı və dünya iqtisadiyyatı ilə inteqrasiyanı vurğulayan xarici strategiyanı izləməyə başladılar. Nəticədə dünya iqtisadiyyatını təşkil edən hissələr beynəlxalq bazarlara inteqrasiya etməyə başladı. Yarım periferik və periferik iqtisadiyyatların inkişaf edəcəyinə və rifah və sənayeləşmə səviyyəsinə görə əsas iqtisadiyyatlara yaxınlaşacağına inanılırdı.
Ona görə də neoliberal iqtisadiyyat həm də ideologiya qəsbinin bir nömrəli məqsədidir.
İqtisadi qəsbkarlığı artırmaq üçün isə daha çox anti-milli fərdlər lazımdır.
Məhz bütün bu qəsbkarlıq metodları bu gün Türk dünyası, həmçinin Azərbaycan üzərində qurulan planlarda da istifadə edilir. Özünün qəsbkar maraqlarından qurtula bilməyən güclər türk dünyasını öz təsir dairəsinə salmağa cəhd edir.
Ancaq türk dövlətlərindəki milli düşüncə, bütövlük və xalq-dövlət birliyi türk dünyasına qarşı qurulan xain planları puç edir.