Xəbərlər

II Təhsil Menecerləri Forumu keçirilir

Dekabrın 14-də Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində II Təhsil Menecerləri Forumu (TMF) keçirilib.

“Füyuzat”ın məlumatına görə, forumda 400-dən çox iştirakçı qeydə alınıb.

Tədbirdə təhsil sahəsində rəhbər vəzifə tutan şəxslər, mütəxəssislər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Forumun əsas mövzusu təhsildə idarəetmə, rəqəmsal transformasiya və ekoloji məsuliyyətin müzakirəsi olub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Hədəf Şirkətlər Qrupunun baş direktoru, TMF-nin layihə rəhbəri Şəmil Sadiq forumun məqsədindən, təhsil sahəsinin qarşısında duran çağırışlardan və bu istiqamətdə birgə əməkdaşlığın vacibliyindən söz açıblar. Tədbirə qatılan xarici və yerli spikerlər, o cümlədən Boğaziçi Universitetinin Təhsil fakültəsinin dekanı, professor İrfan Erdoğan, “Educo Group”un direktoru Ercüment Özayan, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və başqaları panel müzakirələrində iştirak ediblər.

Forumda “Təcrübədə innovativ idarəetmə”, “Təhsil idarəetməsində texnoloji və ekoloji məsuliyyətlər” və “Məktəb idarəetməsində keyfiyyət təminatı” mövzularında panellər keçirilib. Panel iştirakçıları arasında təhsil sahəsindəki problemlər və onların həlli yolları geniş müzakirə edilib, praktiki tövsiyələr verilib.

İrfan Erdoğanın “Təhsildə islahatlar”, Ercüment Özayanın “Rəqəmsal əsrdə innovativ öyrənmə metodları”, Ulaş Nezir və Mert Doğanın “Təhsildə rəqəmsal inteqrasiya və məlumatların təhlili: Süni intellekt” mövzulu çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Təhsil menecmenti sahəsində təcrübə mübadiləsi, yeni əlaqələrin qurulması və növbəti layihələr üçün zəmin yaradılması forumun əsas nailiyyətləri kimi yadda qalıb.