Hər bir tarixi hadisəni dəyərləndirmək üçün tarixin metodoloji aspektlərini dərindən mənimsəmək lazımdır. Səbəb-nəticə yanaşmasının uğuru analogiyaların və müqayisəli təhlillərin nəticəsində yetişir. Tarixin formalaşması həm də tarixin dəyişməsidir. Güclü fərdlər, güclü cəmiyyətlərə; nəticədə, cəmiyyət və idarəetmə birliklərinin nümunəvi modellərinə çevrilir. Beləliklə, tarix dəyişir, formalaşır, yenilənir, yeni reallıqlar gələcəyin bazalarını yaradır, bu günün tarixini qüvvətli təməllərə çevirir.Bu kontekstdə 2024-cü il qlobal anlamda seçki bumu kimi xarakterizə edilə bilər. Qlobal münasibətlər sistemini siyasi aktivlik müşahidə edərkən Azərbaycan COP29 kimi tədbirə uğurlu ev sahibliyi etməklə kifayətlənməyərək dünyanın iqlim gündəliyini yeni məcraya daxil etdi. Qlobal istiləşmənin gücləndiyi 2024-cü ili ərzində dünyanın müxtəlif yerlərində ekstremal hava hadisələri baş verdi. Kanadada minlərlə hektar ərazi meşə yanğınlarından zərər çəkdi, İspaniyada daşqınlar nəticəsində 200-dən çox insan həyatını itirdi, İtaliyanın önəmli şəhərləri “yağış hücumlarına” məruz qaldı. Belə bir məqamda Azərbaycan COP vasitəsiylə bütün gələcək illərə təsir göstərəcək böyük nəticələr qazandı. 2020-ci ilin Vətən Müharibəsindən sonrakı dövrdə Cənubi Qafqazın geopolitik mənzərəsi də tam dəyişdi. Ardıcıl olaraq Azərbaycan zəfərlərin, yeniliklərin, bütövlüyün simvoluna çevrildi. Sonrakı dövrdə isə Xankəndiyə bayrağımızın sancılması ilə Azərbaycan separatçılıq bəlasını aradan qaldırdı. Qazandığımız zəfərlər Azərbaycan modelinin bir çox nüanslarını inkişaf etdirdi. Separatçılıqdan əziyyət çəkənlər üçün ümid oldu Azərbaycan. Dünyanın istismar etdiyi kiçik ada dövlətləri üçün çarə oldu Azərbaycan. Qlobal nizamsızlıqlar, neoimperializm, neomüstəmləkəçilik bəlalarına qarşı müqavimətin qalası oldu Azərbaycan.
Azərbaycanın dünya sistemi üçün töhfələri bütövlükdə yeni reallıqları formalaşdırır. Biz tarixi ancaq zülmət və qaranlıq kimi görmək istəyənlərdən fərqli olaraq ona pozitiv yön veririk. Tarixin sonunu fərqli proqnozlaşdıran klassik və neoklassik tarix nəzəriyyəçiləri Yer kürəsinin gələcəyini daha neqativ çalarlarla göstərməyə çalışırdı və bu, indi də davam edir. Fukuyama da eynilə Marks kimi tarixin sonunu eyni şəkildə görürdü, lakin Marksdan çox fərqli bir son proqnozlaşdırmışdı. Fukuyamanın fikrincə, insan təbiətinə ən uyğun olan həyat tərzi və sosial nizam liberalizmin hökm sürdüyü nizamdır. Baş verən bütün hadisələr isə göstərdi ki, bu narrativlər ziyanlıdır. Əksinə, milli dövlətçilik şüurundan uzaqlaşaraq siyasi liberalizmi trend edənlər neoimperializmi təşviq etdilər, nəticədə əzilən xalqların sərvətləri talandı, iqlim böhranını dərinləşdirən ekoloji məsuliyyətsizliklər genişləndi. Xalqların təkcə təbii sərvətləri yox, onların milli identikliyi də hədəf halına gətirildi. Belə olan təqdirdə Azərbaycan, Türkiyə və digər türk dövlətləri milli dövlətçilik və milli ideya şüurunu ictimai rəydə daha da gücləndirdi. Nəticədə, bu gün yad ideologiyalar, təhlükəli nəzəriyyələr türk coğrafiyalarında çoxluğun dünyagörüşünü zədələyə bilmir. Bizim qarşımızda böyük bir gələcək dayanır. Necə ki ölkəmiz qlobal pandemiyanın tüğyan etdiyi zaman torpaqlarını işğaldan azad etdi, 2024-cü ildə də işğaldan azad edilən ərazilərdə dağıntıdan böyük quruculuq işləri apararaq Böyük Qayıdış proqramını icra etdi, mina problemini həll edir, bütün bu çətin işlərlə paralel Azərbaycan qlobal iqlim təəssübkeşliyinin də mərkəzi oldu.Bizi qarşıda da quruculuq, Böyük Qayıdış prosesinin davamı gözləyir.
Cənab Prezidentin yerli kanallara 2025-ci ilin yanvar ayında verdiyi müsahibədə tarixi əhəmiyyətə malik bir çox vacib məqamlar yer alır. Müsahibənin əvvəlində ölkə başçısı vurğuladı: “Azərbaycanın iqtisadiyyatı inkişaf etmişdir. Hesab edirəm ki, inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Çünki bildiyiniz kimi, biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və hesab edirəm ki, aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq.
Beləliklə, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək. Ona görə biz ümumi iqtisadi göstəricilərə nəzər saldıqda, ilk növbədə, qeyri-neft sektorunun parametrlərini nəzərə alırdıq. Burada da inkişaf daha uğurludur, 6 faizdən çox artıbdır. Nəzərə alsaq ki, artıq uzun illər bizim iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha da yüksəkdir. Bu, 7 faizdən çoxdur. Yəni əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır”.
Beləliklə, iqtisadi dayanıqlılıq paralel olaraq sosial islahatlara rəvac verir. İqtisadiyyat nə qədər güclüdürsə, ölkələrin həm xarici siyasətdə mövqeləri güclənir, həm də sosial siyasət davamlı xarakter alır. Dövlət büdcəsində sosialyönümlü xərclər 2021-ci ildəki 10,3 milyard manatdan 2024-cü il üçün 15,5 milyard manata çatıb və 2025-ci ilin büdcə layihəsində 16,9 mlilyard manat nəzərdə tutulur. Bu da həmin xərclərdə qısa müddətdə 6,6 milyard və ya 1,6 dəfə artım olduğunu göstərir. Nəticədə, Qarabağın quruculuğu ilə paralel vətəndaşların sosial şəraitinin yaxşılaşdırılması prioritet olaraq qalmaqda davam edir və edəcək.
Dövlət rəhbərinin müsahibəsində tarixi neqativ tendensiyalarla formalaşdırmağa çalışan bəlli imperialist dairələrin ölkəmiz əleyhinə qurduğu siyasi oyunlar da ifşa edildi. Cənab Prezident dedi ki, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri Ermənistanda çox ciddi qəbul edilməlidir: “Ermənistanda gedən silahlanma prosesi, əlbəttə ki, Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Mən artıq bunu demişəm, bir daha demək istəyirəm ki, biz sadəcə olaraq müşahidəçi kimi buna baxıb heç nə etməyə bilmərik. Mən bunu, eyni zamanda, Ermənistan rəhbərliyinə də dəfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər. Eyni zamanda, bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, sadəcə olaraq, Azərbaycan bu imkanları verməyəcək. Ona görə Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək. Mən bunu artıq bir dəfə demişəm: biz Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərcləyirik. Bu, tam fərqli ola bilərdi. Çünki Ermənistanın silahlanma yarışı bizim də maliyyə resurslarımızı əsas məsələlərdən başqa hərbi məsələlərə cəlb etməyə məcbur edir”.
Eyni zamanda Fransa kimi neomüstəmləkəçi ölkə də başda olmaqla Azərbaycan əleyhinə fəaliyyət göstərən bütün bəlli qüvvələr layiq olduqları cavabları aldı.
Azərbaycan dəyişən dünya düzənində daxili sabitliyi, böyük quruculuğu və qlobal təşəbbüsləri ilə çağdaş tarixin ən parlaq səhifəsidir və bizim güclü gələcək hədəflərimiz mövcuddur!