Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvətinə əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-23-də dövlət səfərində olacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat verib.
Səfər proqramına əsasən, Daşkənddə Özbəkistan və Azərbaycan liderlərinin sədrliyi ilə yüksək səviyyəli danışıqların və Dövlətlərarası Ali Şuranın birinci sessiyasının keçirilməsi nəzərdə tutulur.
Sammitin gündəliyinə Özbəkistan–Azərbaycan strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi və genişləndirilməsi məsələləri daxil edilib.
Qarşılıqlı ticarətin artırılması, yeni əməkdaşlıq layihələri portfelinin formalaşdırılması, işgüzar əlaqələrin, o cümlədən regionlararası mübadilənin inkişafı, nəqliyyat-kommunikasiya potensialının reallaşdırılması, mədəni-humanitar əlaqələrin aktivləşdirilməsi və digər məsələlər diqqət mərkəzində olacaq.
Həmçinin prezidentlərin iki ölkənin biznes nümayəndələri ilə görüşü, bir sıra biznes və mədəni tədbirlərdə iştirakı planlaşdırılır.