Xəbərlər

IMF dövlət qurumlarının nümayəndələri üçün təlim proqramına başlayıb

Bu gün Beynəlxalq Valyuta Fondu (IMF) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Makroiqtisadi təhlil/Maliyyə proqramlaşdırması və siyasətləri” adlı təlim proqramına başlayıb.

“Füyuzat”ın məlumatına görə, oktyabrın 11-nə qədər keçiriləcək təlimdə 10-dan çox dövlət qurumundan 25-ə yaxın nümayəndə iştirak edir.

Təlimin məqsədi iştirakçıların makroiqtisadi təhlil və maliyyə proqramlaşdırması üzrə əsas bacarıqlarını və makroiqtisadi modelləşdirmə təcrübəsini artırmaqdır. Təlim proqramı real sektorun təhlili, iqtisadiyyatda tələb və təklifin təhlili, inflyasiya, qiymət deflyatorları, tədiyyə balansı, fiskal və monetar sektorun təhlili, sektorlararası əlaqələr və proqnozlaşdırma metodları kimi mövzuları əhatə edir.

Təlimi IMF-nin Qafqaz, Mərkəzi Asiya və Monqolustan Regional Bacarıqların İnkişafı Mərkəzinin (CCAMTAC) direktoru Norbert Funke və iqtisadçılar Nurdaulet Abilov və Aliyə Uskenbayeva aparır.

İITKM-in icraçı direktoru Vüsal Qasımlı bu təlimin dövlət sektoru üçün mühüm addım olduğunu və makroiqtisadi təhlilin iqtisadi siyasətin formalaşmasında həlledici rol oynadığını bildirib. O, təlimin iştirakçılar üçün yeni perspektivlər açacağını və bu biliklərin ölkə iqtisadiyyatı üçün faydalı olacağını qeyd edib, IMF-lə əməkdaşlığın davam etdiriləcəyini və bu cür təşəbbüslərin gələcəkdə də artacağını xatırladaraq iştirakçılara bu imkandan maksimum yararlanmağı tövsiyə edib.

IMF-in regional direktoru Norbert Funke isə ardıcıl makroiqtisadi proqnozların işlənib hazırlanmasında, iqtisadi problemlərin diaqnostikasında, siyasət variantlarının araşdırılmasında və iqtisadi siyasətin formalaşdırılması üçün ssenari təhlilinin aparılmasında bu təlimin əhəmiyyətini vurğulayıb.