Xəbərlər

İndoneziyada vulkan püskürüb, 11 alpinist həyatını itirib

İndoneziyanın Sumatra adasının qərbində yerləşən Merapi vulkanı püskürüb. Nəticədə 11 alpinist həlak olub, itkin düşən 12 alpinistin tapılması üçün axtarış-xilasetmə işləri aparılır.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qərbi Sumatra Dövlət Axtarış və Xilasetmə İdarəsinin rəhbəri Əbdül Malik məlumat verib.

Ştatın paytaxtı Padanqda yerləşən yerli Axtarış və Xilasetmə İdarəsinin rəsmisi Hari Aqustian qeyd edib ki, dekabrın 2-də dağa qalxmağa başlayan təxminən 75 alpinistdən 52-si xilas edilib, onlardan 8-i müxtəlif bədən xəsarətləri səbəbindən xəstəxanaya yerləşdirilib.

Ölkənin Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi dünən Merapi vulkanının püskürdüyünü, təxminən 3 kilometr yüksəkliyə qədər kül səpdiyini və isti kül buludlarının şimala doğru irəlilədiyini açıqlayıb.

Qeyd edək ki, zəlzələ və vulkan qurşağında yerləşən İndoneziyada 130 aktiv vulkan var.