İndoneziya Prezidenti Coko Vidodo ölkənin yeni paytaxtı Nusantarada benzinlə işləyən avtomobillərin olmayacağını təsdiqləyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Detik” portalı məlumat yayıb.
“Paytaxt Nusantarada inkişaf edəcək iqtisadiyyat yaşıl iqtisadiyyatdır. Hər şey yaşıl olacaq”, – portal Coko Vidododan sitat gətirir.
“Nəqliyyat vasitəsi kimi elektromobillərdən istifadə olunacaq. Benzinlə işləyən daxili yanma mühərrikli avtomobillər Nusantarada qadağan olunacaq, çünki şəhərin konsepsiyası yaşıldır”, – o qeyd edib.
İndoneziya Prezidenti Coko Vidodo 2019-cu ildə paytaxtın Cakartadan köçürülməsi ideyasını irəli sürüb. Əvvəlcə metropolun 2024-cü ilə qədər Kalimantan adasında olması planlaşdırılırdı. Bu məqsədlər üçün 32 milyard dollara yaxın vəsait ayrılıb, lakin pandemiya səbəbindən layihə dayandırılıb. 2022-ci il yanvarın ortalarında dövlət başçısı yeni paytaxtın Nusantara (“arxipelaq” mənasını verir) olacağını bildirib.