“Heykəltəraş mərmər üçün hansı rolu oynayırsa, müəllim də insan üçün o rolu oynayır” .
Edisson
Təhsilin əsas özəlliklərindən ən başlıcası сəmiyyətin inkişafını təmin etmək, həmçinin gələcəyin insan kapitalını formalaşdırmaqdır. Buna görə də hər bir təhsil sisteminin əsasında məqsədyönlü təhsil siyasəti durmalı və bu siyasətin həyata keçirilməsi üçün əzmlə çalışılmalıdır. Ölkələrin inkişafında əsas aparıcı qüvvə olan təhsil bütün cəmiyyətləri narahat edən, düşündürən bir məsələdir. Müəllimlər isə təhsil prosesinin həyata keçirilməsində mühüm rol oynayan aparıcı qüvvə hesab olunurlar. Çünki müəllim təhsilin təşəbbüskarı, inkişaf etdiricisi və icraçısıdır.
Hər bir insan dünyaya müəyyən bir bacarığa sahib olaraq gəlir. Təhsilin əsas qayəsi insanlarda var olan bu potensialı üzə çıxarmaq, inkişaf etdirmək və istifadə etməkdir. Toxum uyğun mühitdə və bağbanın əlində meyvə ağacına çevrildiyi kimi, insanın fiziki, əqli və emosional potensialı da ancaq valideyn və müəllimlərin verdiyi bilik və sevgi ilə əhatə olunmuş mühitdə ortaya çıxar, böyüyər, inkişaf edər. Öyrənmək, öyrətmək, sevmək, yaratmaq və s. bu kimi özəlliklər insanların genlərinə doğuşdan kodlaşdırılmış formada olur. Valideynlər, müəllimlər olmasa, onların verdiyi sevgi, qayğı və təlim-tərbiyə olmasa, genlərə kodlaşdırılmış qabiliyyətlərdən istifadə edilə bilməz və insan sözün əsl mənasında “insan” ola bilməz. Uşaqların böyüməsini, inkişafını və öz həyatlarına davam etməsini təmin etmək, təhsil vermək varlığı tamamlayan çox mühüm bir prosesdir.
Müəllimlər müəyyən bir fənn üzrə bilik və bacarıqlara malik olan, bu bilik və bacarıqları şagird və tələbələrinə ötürən, təlim-tərbiyə prosesini həyata keçirən, həmçinin şagird və tələbələrinin fərdi inkişafına töhfə verən peşə sahibləridirlər. Tədris prosesi formal olaraq məktəblərdə, universitetlərdə, həmçinin qeyri-formal olaraq isə digər təhsil mərkəzlərində də həyata keçirilə bilən fəaliyyətdir. Bütün hallarda bu prosesi həyata keçirən isə müəllimlərdir.
Bu peşə sahibləri cəmiyyətin təhsil səviyyəsinin yüksəldilməsində, bilik və bacarıqların formalaşdırılmasında, həmçinin nəsillərarası mədəniyyətlərin ötürülməsində mühüm rol oynayırlar. Müəllimlərin peşə fəaliyyətlərinin əsasında yüksək akademik biliyə sahib olmaları ilə yanaşı, öyrənmə mühitinin yaradılması, həmçinin öyrətmək, effektiv ünsiyyət, qiymətləndirmək, nizam-intizamı təmin etmək və s. kimi özəlliklər də daxildir.
Bir ölkənin, cəmiyyətin gələcəyinin memarı müəllimlərdir. Mühəndisləri, həkimləri, hüquqşünasları, müəllimləri, zabitləri, polisləri, sürücüləri, bir sözlə, cəmiyyətin hər bir təbəqəsinə xidmət edən kadr potensialını yetişdirən, formalaşdıran müəllimlərdir. Təhsil sistemlərinin əsas aparıcı qüvvəsi olan müəllimlər həmin təhsil sistemlərinin aid olduğu cəmiyyətlərin taleyində çox önəmli yerə sahibdirlər. Müəllimlər ölkələrin inkişafında, ixtisaslı kadrların hazırlanmasında, ədalətli cəmiyyətin formalaşmasında, həmçinin sosial-mədəni proseslərin həyata keçirilməsində, nəsillərdən-nəsillərə ötürülməsində aparıcı rol oynayırlar. Gələcək nəsillər, şübhəsiz ki, bu gün onları yetişdirən müəllimlərin əsəridir. Bir sözlə, müəllim insan memarı, insan şəxsiyyətini formalaşdıran sənətkardır.
Təhsilin məqsədi insanlarda müasiri olduqları zamanın və dünyanın tələb etdiyi bilik və bacarıqları formalaşdırmaqdır. Fərdlər yetişdirilməlidir ki, cəmiyyətdə və dünyada baş verən dəyişikliklərə, inkişafa uyğunlaşıb töhfə verə bilsinlər. Buna isə peşəkar müəllim kontingentinə sahib olan təhsil sistemləri vasitəsilə nail olmaq olar.
Məktəb, universitet və digər bu kimi sosial sistemlərin ən strateji elementi müəllimlərdir. Müəllimlər öz peşələrinin dəyərlərini çox yaxşı bilməli və ona uyğun davranmalıdırlar. Müəllim peşəsinin dəyəri təmsil etdiyi cəmiyyətin fundamental dəyərlərinin əsasında formalaşır. Bu dəyərlərin formalaşmasında isə cəmiyyətin rolu danılmazdır. Bu gün dünya miqyasında müəllim peşəsi sosial, mədəni, iqtisadi, elmi və texnoloji yönləri ilə top peşələrdən hesab olunur.
Müəllimlik peşəsi öz fəaliyyət özəlliyi baxımından digər peşələrə nisbətən insanlarla münasibətinə görə fərqlənir. Belə ki, bu peşənin fəaliyyətinin əsas qayəsi insan yetişdirməkdən ibarət olmasıdır. Müəllimlik peşəsi digər peşələrdən daha çox fədakarlıq tələb edir. Çünki heç bir peşə insanları yenidən kəşf etmək, formalaşdırmaq, faydalı etmək, ən əsası isə gözəl əxlaq sahibi etmək kimi özəlliklərə sahib deyil.
Müəllimlik peşəsi yalnız tədris prosesi ilə məhdudlaşmayan, həm də sinifdən kənar fəaliyyəti, həyatı olan bir peşədir. Zaman və məkandan asılı olaraq müəllimlərdən gözləntilər də dəyişə bilər. Xüsusən də, müəllimin fəaliyyət göstərdiyi bölgə, sosial quruluş və mədəniyyət nəzərə alınaraq bu gözləntilərin dəyişdiyini bariz formada görə bilərik.
Müəllim həyatımızın ustası, inşa edənidir. Bizim üçün ən gözəl həyat nümunəsi hazırlamaqla yanaşı, həmçinin bizi o həyata hazırlayandır. Onun əsas vəzifəsi bizim həyatımıza məna qatmaqdır.
Yaşadığımız əsrin reallıqları bütün peşələrdə olduğu kimi müəllim peşəsinə də təsirsiz ötüşmür və onu dəyişməyə məcbur edir. Övladlarımızı gələcəyə kim hazırlayır əndişəsindən xilas olmaq, onları bu yeni dövrün tələblərinə uyğun bilik, bacarıq və dəyərlərlə böyütmək üçün yenilənmiş təhsil sistemlərinə, həmçinin öz xalqının dəyərlərinə bürünmüş yeni müəllim modelinə ehtiyac var.
Müəllimlik peşəsinə sahib olan şəxslər bilikli, bacarıqlı olmaqla yanaşı, həm də cəmiyyət üçün nümunə olmalıdırlar. Gələcəkdə müəllimlik peşəsini seçən gənclər insanları sevməli, onlarla işləməyi bacarmalı, peşənin tələbi səviyyəsində hazırlıqlı olmalı, həmçinin davamlı öyrənməyi bacarmalıdırlar.
Yüksək əxlaqi keyfiyyətlərə, dərin akademik biliyə, geniş dünyagörüşünə sahib olmalı olan müəllimlik ona əmanət edilən şagird və tələbələrini cəmiyyətə faydalı şəxsiyyət kimi yetişdirməli olan mənəvi bir peşənin adıdır.
Yazımı dahi Nəsiminin Şirvanşahlar sarayında Şirvanşah I İbrahimlə dialoqundan olan bir hissə ilə bitirmək istəyirəm. Nəsimi filmdə Əflatunun bir fikrini deyir:“Əgər başmaqçı kamil sənətkar olmasa, dövlət bundan o qədər də zərərli olmaz, camaat pis ayaqqabı geyər, vəssəlam. Amma uşaqların müəllimləri öz borclarını ləyaqətlə ödəməsələr, məmləkətdə cahil və yaramaz adamlardan ibarət bütöv bir nəsil peyda olar…”