Xalqımızın dil yaddaşında maraqlı bir ifadə var: “Filankəs filankəsin qəlbində taxt qurub”. Taxt qurmaq necə olur? Taxt özü nədir? Metal yığını? Metal yığınını qəlbə necə yerləşdirmək olar? Axı taxtı şahlar, sultanlar qurar. Özləri də oturar o taxtı-tacın üzərində, ölkəni idarə edər. Qızıldan taxtı olmayanlar da “Qaynana” filminin Cənnət xalası kimi hündür bir yeri özünə taxt seçər, özünü də olduğu yerin hakimi elan edər.
Axı bütün bunlar maddi səslənir. Qəlbin maddi olanla işi nə? Qəlb mənəvi olanı istər. Qəlb mənəviyyatını zənginləşdirənə hörmət edər. Qəlbdə taxt qurmaq isə hər igidin işi deyil. Çünki qəlbin vahid bir qiyməti yoxdur ki, onu qızılla, daş-qaşla ələ alıb bəzəyəsən. Qəlb qazanmaq isə milyonlara dəyər bir fəzilətdir.
Dünya karvanı bizdən nələrisə alıb götürür, əvəzində nələrisə qazandırır. Bu karvanda dəvənin mahmızını möhkəm tutub onu məharətlə idarə edə bilənlərin maddi qazancı nisbətən çox olur. Əgər şəxs o qazancı xeyir əmələ, xoş işlərə xoş rəftarla sərf edirsə, həm öz vicdanını, həm könlünü xoş edir, həm də o yaxşılıqlara möhtacı olanların qəlbini qazanır, onların ruhuna sanki can suyu səpir.
Yurdumuz dünyada xeyir fikrin, xeyir əməlin, xeyir davranışların tez-tez müşahidə edildiyi bir torpaqdır. Yaddaşımızın çox uzaq deyil, elə yaxın keçmişinə nəzər salsaq, bu ölkəni abadlaşdırmaq, xalqı maarifləndirmək istəyən, yurdu qorumaq üçün əlindən gələni əsirgəməyən yüzlərlə insanın adını çəkmək mümkündür. Belə şəxslərdən biri də xeyirxah sözünün ekvivalenti olan ad kimi yaddaşımızda qalan Hacı Zeynalabdin Tağıyevdir.
Hacı Zeynalabdin Tağıyev XIX əsrin sonları, XX əsrin əvvəllərində varlanan onlarla milyonçudan biri idi. Bunu bilməyən var məgər? Yaxşı, bəs Hacını digər var-dövlət sahiblərindən nə fərqləndirirdi? Niyə filankəslər deyil, məhz onun adı yaddaşlara həkk olunmuşdu?
Bu günlərdə dəyərli jurnalist, araşdırmaçı Həyati Təkin qələmə aldığı, Əməkdar jurnalist Yunis Orucovun tərcüməsində, “MİMTA Yayımları”nda, ana dilimizdə nəşr edilən “Tağıyev: əsilzadənin fövqündə” sənədli romanını oxudum. Kitabda yazılan hər şeyi, əslində, bilirdim. Bunları mənə kimsə öyrətməmişdi. Ta uşaqlıqdan bəri Tağıyev barədə duyduğum, oxuduğum bütün məlumatlar sanki bu kitabda Zeynalabdin bəyin öz dilindən təqdim edilmişdi.

Əsər qəmgin notlarla başlayır. Cümhuriyyətin son günləri təsvir edilir. Azadlığın bu son göyərçin günlərində Tağıyevin pəncərəsindən hadisələri izləyirik. Bakıda bolşevik hakimiyyətinin qurulmasından elin oğlu, elin babası ünvanını qazanmış bu uca şəxsin əbədiyyətə gözünü yummasına qədər olan bütün hadisələr Tağıyevin övladları, dostları, evinə gələn qonaqları ilə dialoqlar şəklində oxucuya təqdim edilib. Həyati Tək Tağıyevi keçmişi yada salmağa vadar edir. Anasına paltar yumaq üçün buz kimi su vedrələrini daşıyan cılız bədənli uşağın taleyini də, gündə barmaqla sayılacaq qədər qəpik qazanan yeniyetmə bənna fəhləsinin həyatını da, Bakının baş planını çəkib hazırlayan inşaat dühası gəncin uğura doğru addımlamasını da biz bu kitabda oxuyuruq. Hər kəs “yetər, inadından vaz keç, bu qara torpaq bəhərsizdir” deyəndə cəhd etməyə dayandırmayıb neft milyonçusuna çevrilən maqnatın da ömür yolunu elə öz dilindən dinləyirik.
Amma uğur, var-dövlət hər kəsin başına qona biləcək tale quşu hesab edilə bilər. Hərçənd ki Tağıyevin həyatında bu da zəhmətlə, yuxusuz gecələrlə ərsəyə gəlmişdi. Amma təkcə var-dövlətli günlərində deyil, əlində-ovucunda heç nə olmayanda da ətrafındakı insanların işini asanlaşdırmağa, çətində, darda olanlara əl uzatmağa vərdiş etmiş insanın qarşısında heç bir maneə dayana bilməzdi. Elə onun da böyüklüyü, alicənablığı, mərhəmətinin gücü qarşısında nə dövrün burjua təfəkkürü, nə çar hakimiyyəti, nə bolşevik sopası dayana bilmədi. Belə bir deyim var ki, milyonların olanda kiməsə kömək əli uzatmaq asandır, səxavətli adam son loxmasını bölüşə biləndir. Tağıyev də məhz belə adamlardan idi.
“Tağıyev: əsilzadənin fövqündə” tarixi romanında biz Yusif Ziya Talıbzadə, Dadaş Bünyadzadə, Nəriman Nərimanov, Abdulla Şaiq, Hüseyn Cavid kimi ictimai xadimlərin keçmiş milyonçu ilə söhbətlərini oxuyur, Cümhuriyyətin əl-qolunun qandallandığı illərdə ictimai-siyasi həyatın vəziyyətini öyrənirik. Ömrü boyu oxuyub-yazmaq bilməyən milyonçunun həm ticari, həm də ictimai-siyasi zəkası insanı valeh edir. Onunla söhbətdən doymursan. Əsərdə Tağıyevin ailəsi ilə münasibətləri, övladları, nəvələri ilə olan söhbətləri də diqqət çəkir. Millət atası kimi tanıdığımız Tağıyevin necə ailə atası olduğunu da açıq-aydın müşahidə edə bilirik.
Bütün var-dövləti müsadirə edilən, minlərlə insana çörək qapısı olan fabrikləri, zavodları, ticarət gəmiləri, ticarət mərkəzləri əlindən alınan Tağıyevin o zamanlar ölkənin ən böyük mədəni-maarif ocağı hesab edilən “Kaspi” mətbəəsinə od vurulmuş, tikdiyi teatr binası yandırılmış, açdığı məktəblər, xəstəxanalar məcburi şəkildə bağlanmışdı. Bütün bunları ərsəyə gətirdiyi günləri keçmişin xoş yadigarı kimi yada salan Hacının ölkəsinin o zamankı vəziyyətinə ürəyi ağrıyır, xalqı üçün, vətəni üçün heç nə edə bilməməsi, əli-qolunun bağlanmasını qəbul edə bilmir. Yenə də xoş rəftarı, əlində-ocuvunda qalanları ətrafındakılarla bölüşməyi əsirgəməyən bu qocanın son günlərini oxucu ev əhlindən biri kimi izləyir, sanki ona vida edir.
Kitabı oxuyub bitirəndən, ən əsası da həzm edəndən sonra insan bu sualın cavabını tapır: “Tağıyevi fərqləndirən nə idi, niyə sənədlər məhv edilsə də, insanların qəlbindəki taxt-tacını məhv etmək mümkün olmamışdı?” Cavab sadədir. Çünki Tağıyev insanlara sadəcə pul verməmişdi, onlara pul qazana biləcəkləri bacarıqlar öyrətmişdi, təsərrüfatı inkişaf etdirmək üçün bağçılıq-bostançılıq məktəbləri tikdirmişdi, onun dünyanın dörd bir yanına təhsil almaq üçün göndərdiyi tələbələr gələcəyin ictimai-siyasi xadimlərinə çevrilmişdi, açdığı iş yerlərindən minlərlə ailənin evindəki qazanlar dolurdu, Bakı əhalisinin böyük bir hissəsi onun çəkdirdiyi su kəmərindən təmiz su içirdi. Xeyir əməlləri saymaqla bitməyən, öz həyatında israfı sevməyən Tağıyev məsələ xeyirxahlıq olanda əliaçıq olmaqdan çəkinməmişdi. Çünki bilirdi ki, Yaradandan gələn bir gün mütləq ona qayıdacaq, əsas olan könül qırmamaq, qəlb qazanmaqdır. Bax bu idi onu digərlərindən fəqrləndirən. Öyrənməyə ac zehni, səxavətə açıq könlü. Elə minlərin, milyonların qəlbində taxt qurmağın sirri də bu idi. Müəllifin də qeyd etdiyi kimi:
“Sadə insanların qəlbində özünə yer eləmək qızıl taxtda oturan çarların, sultanların, əmirlərin, şahların sinəsinə taxdığı qızıl, gümüş medallardan daha mənalı idi”.



