Xəbərlər

İran: JCPOA çərçivəsində öhdəliklərin azaldılması davam edəcək

Tehran Birgə Hərtərəfli Fəaliyyət Planında (JCPOA) nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi üzrə öhdəliklərini azaltmağa davam edir.

“Füyuzat”ın məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının (AEOİ) rəhbəri Məhəmməd İslami bildirib.

“JCPOA-nın 36-cı maddəsi əsasında, tərəflərin öhdəlikləri yerinə yetirilmədiyi halda, İran öhdəlikləri azaltmaq hüququna malikdir”, – İslami qeyd edib. AEOİ-nin rəhbəri əlavə edib ki, burada tərəflərin yerinə yetirmədiyi öhdəliklər nəzərdə tutulur.

“Abş müqavilədən geri çəkilib, lakin eyni zamanda digər ölkələrin bizimlə əməkdaşlıq etməsinə imkan vermir”, – deyə o vurğulayıb.

BMT Təhlükəsizlik Şurasının daimi “beşliyi” və Almaniya tərəfindən nüvə inkişafı ətrafında yaranan böhranın öhdəsindən gəlmək məqsədilə 2015-ci ildə İranla Birgə Hərtərəfli Fəaliyyət Planı imzalanıb. ABŞ-ın əvvəlki prezidenti Donald Tramp 2018-ci ildə ölkəni müqavilədən çıxarmağa qərar verib. Amerikanın hazırkı lideri Co Bayden dəfələrlə Vaşinqtonı nüvə sazişinə qaytarmağa hazır olduğunu bildirib. Rusiya, Birləşmiş Krallıq, Almaniya, Çin, ABŞ və Fransa 2021-ci ilin aprelindən etibarən Vyanada İran tərəfi ilə JCPOA-nı öz ilkin formasında bərpa etmək üçün danışıqlar aparır. Bir neçə turdan sonra bu danışıqlar nəticəsiz başa çatıb.