Xəbərlər

İranda su böhranı yaranıb

İranda 12 böyük su anbarında suyun səviyyəsinin 10 faizdən aşağı düşdüyü bildirilir.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Resources Management Company” məlumat yayıb.

Verilən məlumata görə, ölkədə bəzi su anbarlarında suyun səviyyəsi yüzdə 0-8 faiz arasında dəyişir.

Ölkənin şimal-şərqindəki Rezevi Xorasan əyalətindəki Torok su anbarında suyun səviyyəsi 6 faiz, Dosti su anbarında isə 5 faizə qədər düşdüyü halda, şimaldakı Gülüstan vilayətindəki Vuşmgir su anbarında suyun səviyyəsi 0 faiz, Mazandaran vilayətindəki Lar bəndində 5 faiz, Gilandrudda isə 4 faiz olub.

İranın cənubundakı Hörmüzqan əyalətindəki Şamil su anbarında suyun səviyyəsi 0 faiz, İstiqlalda 3 faiz olub, Fars əyalətindəki Rudbalda suyun səviyyəsi 0 faiz qeydə alınıb.

Kirman əyalətindəki Nesa su anbarında suyun səviyyəsi 8 faizə, Tenquiyedə 7 faizə, Merkez əyalətindəki Ponzdeh Hurdadda 8 faizə, Savedə isə 7 faizə enib.

İran prezidenti Məsud Pezeşkian iyulun 31-də verdiyi açıqlamada ölkənin su ehtiyatlarının getdikcə azaldığı və quraqlığa doğru gedildiyi barədə xəbərdarlıq edib.

“Su böhranı bu gün cəmiyyətin ciddi problemlərindən biridir və bütün məlumatlar göstərir ki, su ehtiyatları azalır, azalma tendensiyası var və biz quraqlığa doğru gedirik”, – Pezeşkian bildirib.