Füyuzat 145 Füzuli Sabiroğlu

İrəvan məscidləri

İrəvanın qədim Şəhər məhəlləsində yerləşən Zal xan məscidi ölçülərinə görə Göy məsciddən kiçik olsa da, gözəllik sarıdan ondan heç də geri qalmırdı. XIX əsrin sonlarında İrəvanda səfərdə olmuş Böyük Britaniya səyyahı və coğrafiyaşünası Henri Linç məscidin ərəb əlifbası ilə türk dilində yazılmış kitabəsində onun hicri 1098-ci ildə (miladi 1687-ci il) tikildiyini qeyd edir. Zal xan məscidinin XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid fotolarından və tədqiqatçıların söylədiklərindən belə çıxır ki, plan quruluşuna və memarlıq xüsusiyyətlərinə görə bura Göy məscidə (Hüseynəli xan məscidi) çox bənzəyib. Zal xan məscidinin Göy məsciddən xeyli əvvəl tikildiyini nəzərə alsaq, təxmin etmək olar ki, ondan Hüseynəli xan məscidi üçün prototip kimi istifadə edilib. Məscidin baş günbəzi rəngli keramik lövhələrdən yaradılmış rombşəkilli təkrarlanan naxışlarla bəzədilmişdi. Yan günbəzlər Hüseynəli xan məscidi ilə müqayisədə xeyli alçaq idi. Məscidin minarəsi ilə bağlı da diqqətəlayiq və araşdırılması mühüm olan məqamlar var.

XIX əsrin sonuna aid nadir bir fotoda minarəsinin söküntüsünə başlanmış Zal xan məscidi və tikintisi təzə tamamlanmış Poqos-Petros kilsəsi yer alıb. Bundan başqa, 1920-ci illərə aid başqa bir fotoda minarənin özül hissəsinin qalıqları təsvir olunub.

Məscidin XX əsrin əvvəllərinə aid bəzi köhnə fotoşəkillərində erkən dövrlərdə onun ətrafında geniş meydanın olduğu da görünür. Bu da onu göstərir ki, Zal xan məscidi də başqa məhəllə məscidləri kimi qarşısında boş meydançası, bu meydançanın ətrafında isə hamamı, hovuzu, kiçik bağçası, bulağı, dükanları və çayxanası olan bütöv bir kompleksdən ibarət olub.

İrəvan şəhərinin kameral təsvirində də Zal xan məscid meydanının ətrafında 18 dükan (onlardan 16-sı baqqal, 2-si isə dəllək dükanı) olduğu və bu dükanların Zal xan məscidinə məxsus olmaqla ayda gümüş pulla 50 qəpik gəlir gətirdiyi yazılır.

Məscidin böyük ibadət zalı 1928-ci ildə bağlandı. Kiçik zalında 1928-ci ildən 1934-cü ilə qədər kinoteatr, ardınca isə Nəcəf bəy Vəzirov adına “Qırmızı Şərq Ateistlər Klubu” fəaliyyət göstərdi. 1930-cu illərdən başlayaraq burada aparılan tikinti işləri zamanı məscid meydanı ləğv edildi.

II Dünya müharibəsindən sonra Zal xan məscidi erməni rəssamlarının sərgi salonuna çevrildi. 1959-cu ildə məscid tamamilə sökülərək yerində “İnturist” mehmanxanasının (indiki “Yerevan”) yeni korpusu və “Moskva” kinoteatrı inşa edildi…

Davamı…