Xəbərlər

İrəvan Vaşinqton görüşünü təsdiqləyib

Ermənistan hökuməti ölkənin Baş naziri Nikol Paşinyanın Vaşinqtona səfər edəcəyini, orada Azərbaycan və ABŞ liderləri İlham Əliyev və Donald Trampla görüşəcəyini təsdiqləyib.

“Füyuzat”ın məlumatına görə, müvafiq məlumat Nazirlər Kabinetinin teleqram kanalında yerləşdirilib.

“Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan avqustun 7-8-də ABŞ-a səfər edəcək. Baş nazir Vaşinqtonda Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi məqsədilə ABŞ prezidenti Donald Trampla ikitərəfli görüş keçirəcək, həmçinin regionda sülh, firavanlıq və iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə ABŞ prezidenti Donald Tramp və Azərbaycan prezidenti İlham Əliyevlə üçtərəfli görüş keçirəcək”, – məlumatda bildirilib.

Bir müddət əvvəl Vaşinqtonda yaşayan qafqazlı jurnalist Aleks Rafoğlu mənbələrə istinadən “X”də yazıb ki, ABŞ prezidenti Donald Tramp cümə günü Ağ Evdə Paşinyan və Əliyevi qəbul etməyi planlaşdırır. Onun sözlərinə görə, Bakı və İrəvan bu həftə Vaşinqtonda sülh sazişi bağlamaq niyyətlərini bəyan etməyə hazırdırlar.