XX əsrin əvvəllərində – 1918–20-ci illərdə bölgədə baş verən siyasi proseslər və bunların nəticəsi olaraq Azərbaycan Milli Şurası tərəfindən İrəvan şəhərinin paytaxt kimi ermənilərə güzəştə gedilməsi əsrlərdir bu bölgədə yaradılmış türk mədəni mühitinin tamamilə dağılmasına, yüz minlərlə soydaşımızın öz yurd-yuvasını tərk etməsinə səbəb oldu.
1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlı əhalinin bir qismi geri qayıtsa da, onlara məxsus mədəniyyət abidələrinin məhv edilməsi prosesi dayanmadı.
Tarixi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan SSR-in millətçi rəhbərləri də ənənəvi siyasi ideologiyalarına sadiq qalaraq şəhərin milli ruhunu, milli simasını dəyişmək prosesini davam etdirdilər. Sovet hakimiyyətinin ilk illərində İrəvan şəhərinin yeni Baş planının hazırlanması məsələsi gündəmə gəldi. 1924-cü ildə bu məsələ memar Aleksandr Tamanyana həvalə edildi. Tamanyanın hazırladığı Baş planda İrəvanın qədim hissəsi olan Şəhər və Dəmirbulaq məhəllələrinin böyük bir qisminin sökülməsi nəzərdə tutulurdu. Bu, şəhərin yüz illərdir formalaşmış ruhunun, milli simasının dəyişdirilməsi demək idi. Beləliklə, 1926-cı ildən başlayaraq yeni şəhər salınması adı altında növbəti dəfə azərbaycanlılara məxsus memarlıq abidələrinin yer üzündən silinməsinə başlandı.
Bununla paralel olaraq elə həmin illərdə xaricdə yaşayan ermənilərin Qərbi Azərbaycan ərazisinə yeni və daha böyük axını başladı. Köçürülənlərin çox kiçik bir qismi bölgələrdə, əksəriyyəti isə İrəvan şəhərində yerləşdirildi.
1920–40-cı illərdə sovet hökumətinin, xarici ölkələrdəki erməni diasporunun və kilsələrinin birgə səyi ilə buraya köçürülən ermənilər ilk illərdə azərbaycanlıların boş evlərində, qədim karvansaralar və bağlanmış məscidlərdə yerləşdirilirdi. Şəhərdə tikintinin sürəti artdıqca gəlmələr yeni salınmış məhəllələrdə məskunlaşdırılır, onları iş yeri ilə təmin etmək üçün zavod, fabrik və başqa sənaye obyektləri tikilirdi.
Sovet təbliğat sistemi və erməni kilsəsinin təşviqatı hesabına Ermənistana köçürülən ermənilər elə ilk günlərdən burada özlərini yad hiss etməyə başlamışdılar. Çünki Suriya, Türkiyə, İran, Fransa və başqa ölkələrdən köçürülənlər bir-birindən fərqli mentalitetə, adət-ənənəyə malik qruplar idi. Erməni adlandırılıb bu dildə danışdıqlarına inansalar da, onlar əksər hallarda bir-birini başa düşmürdülər…
Füzuli Sabiroğlu
Araşdırmaçı-yazar