Ədəbiyyat Mətanət Abdullayeva Xəbərlər

İşıq olaq

Səssizliyin gözəlliyinə dalaq,
Günəş kimi, ulduz kimi yaşayaq!
Ölçüsüzlük məkanına yol tapaq,
Uca olaq həqiqətə qovuşaq!

Yalan, kabus dayanmır, hey dolanır,
İşıq olaq qara zülmət dağılsın.
Enişə aparan yollar uzanır,
Dayanaq, beynimiz çəndən ayılsın.

Həqiqətin çevrəsindən uzağıq,
Sonsuzluq xəttini görə bilmirik.
Ayıla bilməsək, uduzacağıq,
İradə atını minə bilmirik.

Əbədinin qapısına üz tutaq,
Tövbə yollarının sonu zirvədir.
Çaşmışları silkələyək, əl tutaq,
Batanı qaldıran ruhi qüvvədir.

Məşəl olaq, eşqin yolunda yanaq,
Boz torpaqdır sürünənin xisləti.
Əzilsək də, ağrılardan qorxmayaq,
Qartalların yüksəklikdir qisməti.

Səssizliyin gözəlliyinə dalaq,
Günəş kimi, ulduz kimi yaşayaq!
Ölçüsüzlük məkanına yol tapaq,
Uca olaq, həqiqətə qovuşaq!

Mətanət Abdullayeva