Kültür-sənət Tural İsmayılov Xəbərlər

İslamabadın sükutundakı qardaşlıq – Pakistanla aramızdakı görünməz körpü

İslamabadı ilk dəfə gördüyüm an içimdə qəribə bir sakitlik və yaxınlıq hissi oyandı. Bu mənim Pakistana ikinci, amma paytaxt şəhərə birinci səfərim idi. Dağların qoynunda, yaşıllığın içində qərar tutmuş bu şəhərdə təbiət gözəllikləri ilə insan əməyi ahəngdar harmoniyadadır. Burada küçələr səliqəli, binalar zövqlə inşa olunub, hər tərəfdə nizam-intizam hiss olunur. Amma İslamabadı gözəl edən təkcə təbiəti və memarlığı deyil – insanlarıdır. Onlar o qədər sadə, səmimi və təmiz ürəklidirlər ki, adamla sanki illərlə tanıdığın dost kimi davranırlar.

Bazarları gəzərkən bu səmimiyyəti hər addımda hiss etdim. Satıcı səni alıcı kimi deyil, qonaq kimi qarşılayır. Bir fincan çay təklif edir, gülümsəyərək “xoş gəlmisən” deyir. Və o gülümsəmə – içdən gəlir, saxta deyil. Bəlkə də, Pakistanı sevdirən də budur: sadəliyin içindəki dərinlik, mehribanlığın arxasındakı insani istilik.

Bir neçə gün İslamabadda olanda, küçələrdə gəzərkən hər dəfə eyni sualı eşitdim: “Azərbaycandan gəlmisiz?” Bu sualın arxasında adi maraq yox, doğmalıq hissi vardı. Pakistanlılar Azərbaycanı uzaq ölkə kimi yox, qardaş yurd kimi görürlər. Onların dilində “brother country” ifadəsi çox işlənir, amma bunu deyərkən gözlərindəki səmimiyyət onu bir şüar yox, hiss halına gətirir. Hər dəfə bu sözü eşidəndə düşündüm: siyasət və diplomatiya bir çox şeyi izah edə bilər, amma bu qədər isti münasibət yalnız xalqlar arasında doğma bağdan doğur.

İslamabadın küçələrində Azərbaycan bayrağını görmək məni təəccübləndirmədi. Çünki bu ölkədə o bayraq sadəcə rəsmi simvol kimi yox, sevgi nişanəsi kimi qəbul olunur. Konfranslarda, görüşlərdə, tədbirlərdə pakistanlı gənclərin Azərbaycan haqqında sanki öz ölkələrindən bəhs edirmiş kimi danışması mənə çox şey dedi. Onlar Qarabağ müharibəsindəki ədalət mübarizəsini izləyib, Azərbaycanın qalibiyyətinə səmimi seviniblər. Bunu bir neçə dəfə eşitdim, bir neçə dəfə də gözlərində gördüm.

İslamabadda keçirilən tədbir zamanı bu hissi bir daha yaşadım. Azərbaycanın dövlətçilik təcrübəsi, sosial sabitlik modeli, müstəqil siyasəti orada böyük maraqla dinlənilirdi. Pakistanlı həmkarlar üçün Bakı yalnız bir paytaxt yox, həm də müstəqilliyin rəmzidir. Onlar Prezident İlham Əliyevin idarəçilik üslubunu, Azərbaycanın beynəlxalq müstəvidə qazandığı nüfuzu yüksək dəyərləndirirdilər. Bu sadəcə diplomatik ehtiram deyildi – real heyranlıq idi.

İslamabadın havası da çox təmizdir. Sanki hər ağac, hər dağ, hər küçə insana dinclik vermək üçün yaradılıb. Faysal məscidinin qarşısında dayananda ruhum təmizlənirdi. Dağların fonunda ucalan bu məbədin sükutu minlərlə insanın ibadəti ilə birləşəndə şəhərin mənəvi enerjisi hiss olunur. Orada dua edən insanların üzündə sanki bir ülvilik var – nə riyakarlıq, nə gurultu. Sadəcə, təmizlik.

İnsanların həyat tərzi də bu sadəliyə uyğundur. Onlar az şeylə xoşbəxt olmağı bacarırlar. Çayxanada bir fincan çay, yanında söhbət, vəssalam – xoşbəxtliyin resepti budur. İnsanlar daim harasa tələsmirlər, kiməsə özlərini sübut etməyə çalışmırlar. Bəlkə də, bizdə çatışmayan da budur: sadə olmağın böyük dəyəri.

İslamabadın sakit küçələrindən birində bir yaşlı kişi ilə tanış oldum. Mənim Azərbaycandan gəldiyimi eşidəndə gülümsədi və dedi: “Bizim qəlbimizdə sizin xüsusi yeriniz var”. Bu cümlə, bəlkə, sadə səslənir, amma o anda mənim üçün çox dərin mənaya malik idi. Çünki bu sevgi nə siyasətin, nə protokolun nəticəsi idi – bu, xalqın yaddaşına yazılmış bir qardaşlıq idi.

Pakistan və Azərbaycan – fərqli coğrafiya, fərqli mədəniyyət, amma qəlbən bağlılıq. Hər iki xalqın tarixi, mübarizəsi, inancı və insanlığı bir-birinə bənzəyir. Hər iki ölkə çətinliklərdən keçib, amma öz şəxsiyyətini itirməyib. Bəlkə, elə bu oxşarlıqdır ki, aramızda görünməz bir bağ yaradıb.

Oradan ayrılarkən bir hiss məni tərk etmədi: sanki bu ölkə yad deyil, sanki bura mənim bir parçamdır. Hər küçə, hər baxış, hər gülümsəmə məndə tanışlıq doğururdu. Pakistan mənə öyrətdi ki, səmimiyyət bəzən diplomatiyadan da güclü silahdır. O, ürəkləri birləşdirir, xalqları yaxınlaşdırır və sərhədləri mənasız edir.

İslamabadı tərk edərkən düşündüm – bəzən qardaşlıq coğrafi məsafələrdən yox, ürəklərin yaxınlığından yaranır. Və Pakistan mənim üçün məhz belə bir qardaşdır: səsi uzaqdan gələn, amma ruhən çox yaxın olan bir qardaş.