İranın paytaxtı Tehranda qətlə yetirilən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə üçün Qətərin paytaxtı Dohada dəfn mərasimi keçirilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.
Qeyd edilib ki, Dünya Müsəlman Alimləri Birliyinin sədri Əli Muhyiddin əl-Qaradağinin qıldığı cənazə namazında Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə yanaşı, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, vitse-prezident Cevdet Yılmaz, xarici işlər naziri Hakan Fidan, MİT sədri İbrahim Kalın, siyasi partiyaların nümayəndələri və millət vəkilləri də iştirak edib.
Çox sayda rəsmilərin qatıldığı dəfn mərasimində HƏMAS Siyasi Bürosunun sədr müavini Xalid Məşəl və Dünya Müsəlman Alimlər Birliyinin sədri Əli Muhyiddin əl-Qaradaği çıxış ediblər.
Mərasimdən sonra İsrail əleyhinə şüarlar, dualar və təkbirlərlə yola salınan Haniyənin cənazəsi Dohadan 15 kilometr şimalda yerləşən Lusail şəhərindəki qəbiristanlıqda dəfn edilib.