Fevralın 10-da “11-ci Beynəlxalq Nəşriyyatların Görüşləri”nin (İstanbul Publishing Fellowship) açılış mərasimi keçirilib.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Mətbuat və Nəşriyyat Dərnəyinin dəstəyi ilə Türkiyə Mətbuat Nəşriyyat Məslək Dərnəyinin (TBYM) təşkil etdiyi proqram 73 ölkədən 225-i xarici, 110-u yerli olmaqla, ümumilikdə 335 nəşriyyatçını qəbul edib.
“Daşyapı” Tədbir və Konqres Mərkəzində keçirilən açılış mərasimində “İlim Yayma” Fondunun Qəyyumlar Şurasının sədri Bilal Ərdoğan və Mədəniyyət və Turizm nazirinin müavini Gökhan Yazgı da daxil olmaqla, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rəsmi proqrama əsasən, açılış mərasimindən sonra iki sessiyadan ibarət ikitərəfli müəllif hüquqları görüşləri və ziyafət nəzərdə tutulub.
Qeyd edək ki, proqram çərçivəsində 2016-cı ildən bu günə qədər 35 mindən çox ikitərəfli görüş keçirilib və 25 mindən artıq ilkin razılaşma imzalanıb. Bir çox yerli və beynəlxalq nəşriyyatçıları bir araya toplayan tədbirdə Azərbaycanı təmsil edən nəşriyyatlar sırasında MİMTA Yayımları da yer alıb.









