Bu gün İstanbulda keçirilən “Dərgi Günləri” sərgisinin açılış mərasimi baş tutub. Saat 10:00-dan 18:00-a qədər davam edən tədbir çərçivəsində 150-dən çox dərgi nümayiş etdirilib, Türk dünyasından müxtəlif nəşrlər, həmçinin lisey və məktəblər də açılışda iştirak edib.
Tədbirdə Dünya Dərgiləri Birliyinin başqanı Metin Uçar, İstanbul Şəhər Milli Təhsil İdarə müdiri Murat Mücahit Yentür və sabiq Mədəniyyət və Turizm naziri, AK Partiyası sözçüsü Mahir Ünal və digərləri çıxış ediblər.
Artıq 16-cı dəfə təşkil olunan tədbirin sədri Metin Uçar çıxışında bildirib ki, gənclərin yazı və rəsm vasitəsilə özlərini ifadə etməsi sevindirici haldır:
“Dərgilər istedadların üzə çıxması üçün dəyərli platformadır. İldə bir dəfə baş tutan belə görüşlər motivasiyanı artırır və yeni fikirlərin yaranmasına səbəb olur. Məktəblər və gənclər arasında qurulan əməkdaşlıq gələcək üçün çox önəmlidir”.
Uçar əlavə edib ki, bu kimi layihələr gənclərin yaradıcılıq təşəbbüslərinin real nəticə verdiyini göstərir: “Birlikdə olsaq, var olarıq”.
Sabiq Mədəniyyət və Turizm naziri, AK Partiya təmsilçisi Mahir Ünal isə çıxışında mədəniyyətin davamlılıq və ənənə üzərində qurulduğunu vurğulayıb:
“Dərgilər yalnız oxucu üçün deyil, həm də bir məktəb funksiyasını daşıyır. Yazını göndərərsən, bəzən geri dönər, yenidən yazarsan – bu, öyrənmə prosesidir”.
Ünal həmçinin rəqəmsal dövrdə oxuma vərdişinin azalmasına diqqət çəkib: “Rəqəmsallaşma bizi gerçəklikdən uzaqlaşdırsa da, ədəbiyyat və dərgilər insanın həqiqət axtarışını diri saxlayır. Dərgilər oxuma alışqanlığımızı qorumaqda böyük rol oynayır. Bu cür tədbirlər oxuma mədəniyyətini yaşadır”.
Qeyd edək ki, “16-cı Dərgi Günləri”ndə Azərbaycanı “Füyuzat”, “İşıq” və “Ulduz” dərgiləri təmsil edir. Tədbir iştirakçıları arasında gənc yazarlar, məktəblilər və ədəbi dərnəklər də yer alıb. Sərgi 9–12 oktyabr tarixlərində 10:00-dan 18:00-dək ziyarətçiləri qəbul etməyə davam edəcək.






