İndi qlobal şüurun yeni dilemma və ziddiyyətləri formalaşıb. Uzun illər ikinci dərəcəli belə sayılmayan problematika yaradıcı adamları daha hərəki reaksiyalar verməyə cəlb edir. Gələn il Azərbaycanın ev sahibliyi edəcəyi, sonuncu dəfə BƏƏ-də keçirilən BMT-nin COP tədbiri iqlim məsələsinin siyasi çevrələrdə nə qədər aktuallaşdığını bir daha göstərir. Lakin yaradıcılıq sferasında da iqlimə yönəlik addımlar atılmalıdır. Axı ekologiyanın məhv olması o deməkdir ki, Yer kürəsinin arealı daralır. Yer üzərindəki bütün canlılar təhdid edilir. Elmi-fantastika janrındakı filmlər və kitablar həm də bizə bir gerçəkliyi təlqin etməlidir: iqlim məhv olarsa, yazacaq, oxuyacaq, yaradacaq, musiqi bəstələyəcək, rəsm çəkəcək bir dünya da qalmayacaq axı.
Yazıçıların da sisyasətçilər qədər iqlim böhranında rolu var. Qlobal istiləşmə və buzlaşma tendensiyaları ilə bağlı elmi proqnozlar göstərir ki, sənayeləşmə və nüvə sınaqları ilə atmosferin çirkləndirilməsi daha çox ifrat kapitalist münasibətlərin və siyasi-hərbi qərarların nəticəsidir. Amma fəlsəfə, ədəbiyyat və sənət də belə dövrlərdə daha fokuslanmış, istiqaməti ekoloji məsuliyyətə yönəlmiş olmalıdır.
İqlim böhranı günlərində ədəbiyyat ağıllı, lakin dünyada baş verənlərə əhəmiyyət verməyən “məsuliyyətsiz” yazıçılarla doludur. Tədqiqat sahəsi kimi ədəbiyyat və ədəbiyyatın özü də ən fundamental səviyyədə insani dəyərlər və davranışlarla bağlıdır. Ekoloji şüur isə indi heç olmadığı qədər vacibdir. Sevgi romanları, tarixi əsərlər, bəstələnən hər bir musiqidə heç olmasa bir “lozunq”, ya da şüar olmalıdır. Bu, çox böyük dəyişikliklər törədir. Əsla Qreta Türnberq kimi bu məsələni şouya çevirmək olmaz. Ən gözəl nümunə Laçın–Xankəndi yolunda ötən qış Azərbaycan ekoloji fəallarının keçirdiyi aksiyalar sayıla bilər. Sonrakı hadisələr bütün dünyaya dərs oldu.
Dünya ədəbiyyatında iz qoymuş qabaqcıl təbiət yazıçılarına, təbiətşünaslara nəzər saldıqda, filosofları da görürük. Əksər yazıçılar kimi sorğu-sual edib başqa insanların adından danışmaq əvəzinə, bizə susmaq hissini verən, amma əslində, bir-biri ilə ünsiyyətdə olan və kömək edən bitki və heyvanlar aləmini öz dillərində danışan və təsvir edən yazıçılar təbiəti anlamaq üçün insanlara geniş yollar təqdim etdi. Karl Marks hələ liberal demokrat ikən və “Rheinische Zeitung” qəzetində işləyərkən Hegelin təsiri altında dövlətin siniflərdən üstün olması fikrinə inanırdı. O, ümumi seçki hüququna malik demokratik dövlətin iqtisadi tərəqqi ilə yanaşı bəşəriyyətin rifahını da təmin edəcəyini düşünürdü. Halbuki şahidi olduğu bir hadisə onun bütün həyatını, hətta bütün dünyanın taleyini dəyişəcəkdi. Almaniyada ağac haqqında qanun qəbul edildi. Meşələrdə mülkiyyət hüququna malik olan torpaq sahibləri isinmək və yemək bişirmək üçün meşələrindən odun yığan kəndliləri cəzalandırırdılar. Ehtiyacından dolayı meşə ilə əlaqəsi olan və onunla harmoniyada yaşayan insanlar milli təhlükəsizlik probleminə çevrilmişdi. Torpaq sahiblərinin əmlakının təhlükəsizliyi indi milli təhlükəsizlik məsələsi idi. Çünki oğurluq yolverilməz idi! Yoxsulluq təhlükəsizlik problemi deyildi.
Marks bu qanunun (meşələrə sahiblik hüququ) cəmiyyətin yoxsul əksəriyyətinə təsirini görəndə o vaxta qədər inandığı dövlət idealını şübhə altına almağa başladı. Onun cəmi 24 yaşı var idi. O, yazdığı beş etiraz yazısına görə artıq qəzetin sevimlisi deyildi. O, indi təhlükəsizliyə təhdid idi və senzura və həbsə məruz qaldı. Cəmi iki il sonra “İqtisadi və Fəlsəfi Əlyazmaları”nda “təbiət insanın qeyri-üzvi bədənidir” deyəcəkdi. O deyirdi ki, təbiətin bir parçası olan insan öz qida, istilik, sığınacaq və s. ehtiyaclarını onunla, yəni əməyi ilə olan münasibəti sayəsində ödəyir və o onun bir hissəsidir, həm də ona təsir göstərir. Daha sonra o, insanın təbiətdən uzaqlaşması və onun nəticələrini metabolik parçalanma anlayışı ilə izah edərdi.
Sonrakı dövrlərdə gördük ki, rasional dövlət qərarları milli səviyyədə deyil, bəşəri səviyyədə də ekologiyanı xilas edə bilər. Azərbaycanın qlobal ekoloji məsələləri daim nəzarətdə saxlaması, ölkəmizin yaşıl enerji sahəsindəki böyük potensialı və bunu təşviq etməsi də böyük güclərə örnəkdir.
İqlim dəyişikliyi ölkələrə birbaşa və dolayı yollarla təsir göstərərək sosial və ekoloji dəyişikliklərə səbəb olur. Bu dəyişikliklər dövlətlər tərəfindən təhlükəsizlik problemləri kimi qəbul edilir.
Mart ayında dərc edilən araşdırma dünya əhalisinin 40%-nin yaşadığı tropik bölgələrdə rütubətin və temperaturun yüksəldiyini bildirib. İqlim dəyişikliyinin ölkələrə birbaşa təsiri nəticəsində yaranan təhlükəsizlik probleminin ən son nümunələrindən biri Hindistanda baş verən hadisəylə bir daha dünyəvi çağırışların əhəmiyyətini ortaya qoydu. Hindistanın şimalındakı Qərbi Himalayda yerləşən Uttarxand əyalətində buzlaqın qopması, bəndi dağıtması və böyük daşqınlara səbəb olması nəticəsində onlarla insan ölüb, 200-ə yaxın insan daşqından zərər çəkib. Kəndlər boşaldılıb. Alimlər bundan əvvəl Himalay dağlarında buzlaqların son on ildə köklü şəkildə əridiyini bildirmişdilər. BMT hadisədən cəmi iki həftə əvvəl xəbərdarlıq etmişdi ki, köhnə bəndlər qlobal istiləşmənin mümkün fəlakətlərinə hazır deyillər.
Bu hadisələrin baş verdiyi ölkələrdə işsizlik, aclıq, miqrasiya və üsyan kimi nəticələr baş verir, lakin daha çox üsyan mərhələsi görünəndə tədbirlər görülür. Təbii ki, buna təhlükəsizlik təcrübələri vasitəsilə nail olunur.
İqlim fəallarının təqibi də ekoloji məsələlərin müzakirəyə çıxarılmasını birmənalı ləngidirdi.
Planetimiz sürətlə istiləşir. İqlim böhranı həyatın, iqtisadiyyatın və siyasətin hər sahəsində həlledici formada və sürətlə dərinləşir. 2008-ci il qlobal maliyyə böhranı hələ də aradan qaldırılmayıb, yəni iqtisadi böhrandan sonra yenidən yüksələcəyi gözlənilən mənfəət dərəcələri artmayıb, böhrandan əvvəlki artım templəri yoxdur. Qlobal iqtisadi tənəzzül dövründə iqlim böhranı öz təsirlərini radikal şəkildə göstərməyə başlayıb. Sənət adamlarının indi heç olmadığı qədər məsuliyyətli olması lazımdır. Bir hekayə, bir musiqi Qərbin amansız iqlim istismarına böyük zərbə ola bilər…