Xəbərlər

İsveç Müdafiə Nazirliyi: Hələlik Ukraynaya qoşun yeritməyəcəyik

İsveç hazırda Ukraynaya hərbi personal göndərmək fikrində deyil, lakin oxşar təklif digər ölkələr tərəfindən müzakirə olunarsa, bu məsələyə baxacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə ölkənin müdafiə naziri Pol Conson məlumat verib.

“Anladığım qədər, bu məsələ ilə bağlı fevralda Parisdə keçirilən görüşdə iştirak edən ölkələr arasında ortaq mövqe yox idi. Burada və indi bizim bununla bağlı konkret təklifimiz yoxdur, əgər belə bir təklif olsa, onu nəzərdən keçirəcəyik”, – o deyib.

Fransa prezidenti Emmanuel Makron fevralın 26-da bildirib ki, Parisdə 20-yə yaxın Qərb dövlətinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Ukraynaya mümkün quru qoşunlarının göndərilməsi mövzusu qaldırılıb. Onun sözlərinə görə, iştirakçılar bu məsələdə konsensus əldə etməyiblər, lakin gələcəkdə belə bir ssenarinin olmasını da istisna etmək olmaz.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin martın 19-da bildirib ki, Fransa artıq Ukraynaya göndəriləcək hərbi kontingent hazırlayır.