Xəbərlər

İsveçrə Ukraynadakı münaqişəyə görə Nüvə Silahlarının Qadağan edilməsi Müqaviləsini imzalamayacaq

İsveçrə Ukraynadakı münaqişə ilə bağlı Nüvə Silahlarının Qadağan edilməsi Müqaviləsini (TPNW) imzalamağa hazır deyil.

“Füyuzat”ın məlumatına görə, bu barədə Konfederasiya Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş məlumatda deyilir.

“27 mart 2024-cü il tarixli iclasda Federal Şura qərara gəldi ki, mövqeyini dəyişmək üçün heç bir səbəb yoxdur. Bundan asılı olmayaraq, İsveçrə Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) sadiq qalır”, – bəyanatda deyilir.

“Federal Şura əmindir ki, Avropada yeni müharibə təhlükəsizlik siyasətinin aspektlərini bir daha gündəmə gətirdiyi indiki beynəlxalq vəziyyətdə TPNW-yə qoşulma İsveçrənin maraqlarına uyğun deyil”, – İsveçrə Xarici İşlər Nazirliyi qeyd edib.

Qeyd edək ki, TPNW 2017-ci il iyulun 7-də Nyu Yorkda Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa da daxil olmaqla nüvə güclərinin iştirak etmədiyi danışıqlardan sonra BMT-yə üzv 122 dövlətin dəstəyi ilə qəbul edilib. Sənəd 50-dən çox ölkə tərəfindən ratifikasiya edildikdən sonra 2021-ci ilin yanvarında qüvvəyə minib. Nüvə gücləri ona qoşulmayıb.