Xəbərlər

İtaliya ABŞ-ın bəzi əraziləri güc yolu ilə ilhaq edəcəyini real hesab etmir

İtaliyanın baş naziri Giorgia Meloni Vaşinqtonun güc tətbiq edərək hər hansı ərazini ilhaq edəcəyinə şübhə ilə yanaşıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Meloni mətbuata açıqlamasında bildirib.

Onun fikrincə, 2024-cü ilin yekunlarına dair mətbuat konfransında ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiya və Panama kanalı ilə bağlı açıqlamaları “digər güclər üçün siqnaldır”.

“Şəxsən mən düşünmürəm ki, Birləşmiş Ştatlar güc tətbiq edərək hər hansı əraziləri ilhaq edə bilər. Hər deyilən sözün səbəbləri var və mən hesab edirəm ki, bu, Trampdan dünyanın digər böyük oyunçularına bir siqnaldır. Yəni, Birləşmiş Ştatlar Qərb üçün strateji maraq kəsb edən sahələrdə digər böyük qlobal oyunçuların aktivləşməsinə seyrçi qalmayacaq. Çinin Qrenlandiyanın təbii sərvətlərinə maraq göstərməsini xatırlamaq lazımdır”, – İtaliya hökumətinin başçısı izah edib.

Daha əvvəl Floridadakı Mar-a-Laqo mülkündə jurnalistlərə danışan Tramp Panama kanalı və Qrenlandiya problemlərini güc və ya iqtisadi məcburiyyət yolu ilə həll etməyəcəyinə zəmanət verməkdən imtina etdi. Bundan əvvəl o, ABŞ-ın Panama kanalına nəzarəti bərpa etməli olduğunu bəyan edib, həmçinin Danimarkanın muxtariyyəti olan Qrenlandiyanın Amerika ərazisinə birləşdirilməsindən danışıb. O, həmçinin bildirib ki, bir çox kanadalılar öz ölkələrinin ABŞ-ın 51-ci ştatı olmasını müdafiə edirlər. Tramp hesab edir ki, belə birləşmə Kanadaya təkcə iqtisadi sabitlik gətirməyəcək, həm də onu “Rusiya və Çin gəmilərindən” gələn xarici təhlükələrdən qoruyacaq.